AZ

"Rusiya Avropanın ürəyində yeni böhran hazırlayır" - ISW

"Moskvanın hədəfində Dayton sazişlərinin dağıdılması və Avropanın diqqətinin yayındırılmasıdlr..."
 
Kreml bu payızda Bosniya və Herseqovinada keçiriləcəyi planlaşdırılan "referendum" vasitəsilə Avropanın qəlbində yeni böhran yaratmağa hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) xəbərdarlıq edir.
 
Analitiklər qeyd edir ki, bu addım 1992-1995-ci illərin qanlı Bosniya müharibəsinə son qoymuş Dayton sazişlərinin ləğvi və Balkanlarda xaosun yenidən alovlandırılması cəhdinin bir hissəsi ola bilər.
 
Lavrov və Dodik görüşü - Moskvadan verilən mesajlar
 
ISW ekspertləri Rusiyanın təbliğat mediasında əksini tapan məlumatları təhlil edib. Söhbət Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada Bosniyanın tərkibindəki Serb Respublikasının lideri Milorad Dodiklə görüşündən gedir.
 
Lavrov bu görüşü Dayton sazişlərinin 30 illiyi ilə əlaqələndirib və NATO-nu 1995-ci ildə Bosniyada həyata keçirilən "Qəsdən güc" əməliyyatı ilə "təcavüzdə" ittiham edib. O, Rusiyanı sazişin əsas "zəmanətçilərindən biri" adlandıraraq Qərbi Bosniya və Herseqovina üzərində tam nəzarəti ələ keçirmək və "serbləri hüquqlarından məhrum etməkdə" suçlayıb.
 
Lavrov həmçinin xəbərdarlıq edib ki, Bosniya və Herseqovinanın təməlini təşkil edən konsensusun dağıdılması yeni Balkan müharibəsinə dəvət kimi qiymətləndirilə bilər. O, Dodikin 25 oktyabrda Serb Respublikasında "referendum" keçirmək planlarını açıq şəkildə dəstəkləyib.
 
Kreml paralel oyun aparır
 
Maraqlıdır ki, Lavrov və Dodikin görüşü ilə eyni gün Rusiya Polşa hava məkanına kütləvi dron hücumu həyata keçirib. ISW qeyd edir ki, bu, NATO və Avropa İttifaqının birliyini sınağa çəkmək məqsədi daşıya bilər.
 
Müəlliflər xatırladır ki, Kreml illərdir Serb Respublikası ilə münasibətlərindən istifadə edərək Balkanlarda təsir dairəsini genişləndirməyə, Avropada parçalanma toxumu səpməyə və ABŞ-ın dəstəklədiyi Dayton sazişlərini zəiflətməyə çalışır.
 
Moskvanın Balkanlardakı əlaltısı
 
Milorad Dodik Serb Respublikasında uzun illərdir əsas fiqurlardan biridir. 2010-2018-ci illərdə prezident olub, 2022-ci ildə yenidən bu posta qayıdıb. O, dəfələrlə Bosniyanın gələcəyi olmadığını bəyan edib və oradakı serblərin Serbiya ilə birləşməsini müdafiə edib.
 
Dodik yalnız separatist ritorikası ilə deyil, həm də Moskva ilə yaxın münasibətləri ilə tanınır. O, dəfələrlə Vladimir Putinlə görüşüb, sonuncu dəfə isə 2025-ci ilin aprelində Rusiyaya səfər edib. 2023-cü ildə verdiyi müsahibədə açıq şəkildə "Putinin dostu: olduğunu deyib. Onun Ukrayna əleyhinə açıqlamaları və Bosniyanın dövlət institutlarını zəiflətməyə yönəlmiş addımları ABŞ və Böyük Britaniyanın sanksiyaları ilə nəticələnib.
 
Balkanlarda köhnə ssenarilər yenidən gündəmdə
 
ISW-nin hesabatı göstərir ki, Kreml Balkanlarda yeni böhran yaratmaq niyyətindədir. Bu planın mahiyyəti Avropanı daxili gərginliklərə sürükləmək, NATO-nu isə diqqətini Ukraynadan yayındırmağa məcbur etməkdir. Dayton sazişləri vaxtilə müharibəyə son qoymuşdu. İndi isə Moskva həmin sazişi alt-üst etməklə Balkanları yenidən qanlı ssenarilərin meydanına çevirmək istəyir.
Seçilən
0
1
moderator.az

2Mənbələr