Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Fransa hökuməti fiskal intizamı qorumaqda çətinliklərlə üzləşəcək
“Fitch Ratings” (Beynəlxalq reytinq agentliyi) Fransanın xarici valyutada uzunmüddətli defolt reytinqini “AA-” səviyyəsindən “A+”-a endirib və qiymətləndirməyə “sabit” proqnoz əlavə edib. Qərar Fransa iqtisadiyyatına, bütövlükdə Avrozonanın maliyyə etibarlılığına dair mühüm siqnal kimi dəyərləndirilir.
Agentliyin açıqlamasında vurğulanır ki, reytinqin düşməsinin əsas səbəbləri dövlət borcunun artması, siyasi parçalanma mühiti və müdafiə xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi fonunda büdcə kəsirinin dərinləşməsidir. 1974-cü ildə Beşinci Respublikanın dövlət borcu ÜDM-in cəmi 14,5 faizi ilə məhdudlaşırdı. Sosial-iqtisadi islahatların həyata keçirilməsindəki çətinliklər bu mənzərəni mürəkkəbləşdirir. Reytinqin enməsi Fransanın beynəlxalq maliyyə bazarlarında borc almaq şərtlərini ağırlaşdırmaq ehtimalını artırır. Hökumət əlavə maliyyə resursları cəlb etmək üçün daha yüksək faiz dərəcələri ilə üzləşə bilər. Bu isə dövlət büdcəsinə əlavə yük yaratmaqla, sosial proqramların maliyyələşdirilməsinə və iqtisadi artım tempinə mənfi təsir göstərəcək. Davam edən siyasi parçalanma hökumətin fiskal intizamı qorumasını və struktur islahatlarını həyata keçirməsini çətinləşdirir.
Parlamentdə konsensusun zəifliyi, cəmiyyətdə sosial narazılığın artması Parisin iqtisadi dayanıqlılıq planlarını risk altına salır. Ölkənin maliyyə reytinqinin aşağı düşməsi Avrozonada ikinci ən böyük iqtisadiyyatın zəifləməsi anlamına gəlir. Şübhəsiz, vəziyyət Avropa Mərkəzi Bankının siyasətinə, eləcə də Avropa İttifaqının maliyyə inteqrasiyası planlarına təsirsiz ötüşməyəcək. Xarici ekspertlər hesab edirlər ki, Fransanın üzləşdiyi problemlər digər dövlətlər üçün xəbərdarlıq xarakteri daşıyır. Beynəlxalq reytinq agentliyinin bundan öncəki hesabatında da Fransanın reytinqinin aşağı olması öz əksini tapmışdı. Agentliyin ötən il yaydığı hesabatda ölkənin xarici valyutada uzunmüddətli emitent defolt reytinqinin proqnozu “sabit”dən “mənfi”yə dəyişdirilmişdi. 2023-cü ilin aprelində də “Fitch” Fransa reytinqini “AA”dan “AA-”ya endirmişdi. Qərarın əsas səbəbləri dövlət borcunun artması və büdcə göstəricilərinə dair narahatlıqlar idi. Həmin il Fransanın gəlir və xərcləri arasında fərq 154 milyard avro olub.
ARAYIŞ: “Fitch” agentliyinin proqnozuna görə, Fransanın dövlət borcu artmaqda davam edir və 2027-ci ildə ÜDM-in 121 faizinə çatacaq. Dövlət borcunun artması yeni iqtisadi şoklara qarşı reaksiya imkanlarını məhdudlaşdırır. Siyasi parçalanma maliyyə konsolidasiyasını çətinləşdirir. Ötən il keçirilmiş fövqəladə seçkilərdən sonra ölkədə üç fərqli hökumət formalaşıb, etimadsızlıq səsvermələri siyasi sabitliyi zəiflədib və ÜDM-in 3 faizlik defisit hədəfinə 2029-cu ilə qədər çatmaq perspektivi qeyri-real görünür. 2027-ci il prezident seçkiləri yaxınlaşdıqca konsolidasiya imkanlarının daha da azalacağı ehtimal olunur. Son 20 ildə ölkənin əsas maliyyə defisiti yalnız üç dəfə ÜDM-in 3 faizindən aşağı olub.
***
Fransanın beynəlxalq maliyyə reytinqinin aşağı salınması prezident Emmanuel Makronun uğursuz siyasətinin nəticəsidir. Ölkə daxilində dərinləşən sosial böhran, iqtisadi idarəetmədə boşluqlar və siyasi qərarsızlıq həm daxildə, həm də beynəlxalq arenada Fransanın etibarlılığını zəiflədib. Makron hakimiyyətin ilk illərində özünü islahatçı lider kimi təqdim etməyə çalışsa da sonradan onun qərarları daha çox populist xarakter daşıdı və gözlənilən nəticəni vermədi. Dövlət büdcəsində kəsir dərinləşdi, borcun ÜDM-ə nisbəti artdı, iqtisadi artım templəri zəiflədi. Pandemiyadan sonrakı dövrdə iqtisadi canlanma üçün ayrılan maliyyə paketləri və fiskal təşviqlər problemin qarşısını ala bilmədi. Əksinə, hökumətin maliyyə intizamını zəiflətdi və ölkənin borc yükünü daha da artırdı. Makron hökumətinin sosial sahədə atdığı addımları əhalidə inamsızlıq yaratdı. Ən çox müzakirə edilən pensiya islahatı milyonlarla insanın küçələrə çıxmasına səbəb oldu. Hakimiyyət cəmiyyətin narazılığını dialoq yolu ilə həll etmək əvəzinə, sərt inzibati addımlar atdı. Nəticədə Fransa daxilində siyasi sabitlik sarsıldı, hökumətlə xalq arasında etimad böhranı dərinləşdi.
Makronun Avropa siyasətindəki fəaliyyəti bu gün çoxlarının diqqət mərkəzindədir. O, özünü bütün “Qoca qitə”nin lideri kimi göstərməyə çalışsa da bu strategiya həm Avropa siyasətindəki tərəfdaşlarla münasibətlərin gərginləşməsinə, həm də Fransanın diplomatik nüfuzunun müəyyən sahələrdə zəifləməsinə səbəb olub. Prezidentin qeyri-ənənəvi və gözlənilməz davranışları daxili və xarici siyasətdə ölkəyə etimadsızlıq yaratmaqla nəticələnib. Onun daxili siyasətdəki qərarları və idarəetmə üslubu siyasi mövqeyinə mənfi təsir edib. Ölkənin parlament və yerli seçkilərində hökumət partiyasının nəticələri prezidentin səriştə və idarəçilik qabiliyyətinə dair ictimai rəyin göstəricisidir. Parlament müzakirələrində hökumət rəhbərliyinə qarşı tənqidlərin və impiçment məsələsinin gündəmə gətirilməsi Makronun siyasi dayanıqlılığına dair suallar yaradır. Vəziyyət Fransua Bayru hökumətina etimadsızlıq səsverməsindən sonra xeyli gərginləşib. Bayru hökumətinin qəfil süqutu prezident Emmanuel Makron üçün heç də narahatlıq yaratmış kimi görünmür. Onun müdafiə naziri Sebastian Lekornunun yeni baş nazir təyin etməsi hələ də öz uğursuz siyasi proqramını həyata keçirməkdə israrlı olduğunun əyani sübutudur. Makronun bu addımı onun riskləri qiymətləndirmə tərzini və siyasi prioritetlərinin zəifliyini əks etdirir.
Əslində Makronun parlamenti ikinci dəfə buraxmaqdan çəkinməsi məntiqlidir. Çünki son ictimai rəy sorğuları onun koalisiyasına dəstəyin 15-16 faiz həddinə düşdüyünü göstərir ki, bu da Fransa siyasi tarixində nadir hallardan sayılır. Görünür, Makron cəmiyyətin böyük qisminin “makronizm”ə qarşı sərt mövqeyinə əhəmiyyət vermir. Yeni təyinatdan sonra “Əyilməz Fransa” hərəkatı Sebastian Lekornuya qarşı etimadsızlıq səsverməsi təqdim edəcəyini açıqlayıb. Jan-Lük Melanşon bu təyinatı “Parlamentə hörmətsizlik” kimi qiymətləndirərək prezident Emmanuel Makronun istefasını tələb edib. Paralel olaraq, Milli Birlik partiyasının lideri Marin Le Pen də yeni baş nazir təyinatını tənqid edərək bildirib ki, “prezident makronizmin son gülləsini atır”.
Bir neçə gün əvvəl Fransanın müxtəlif bölgələrində “Hər şeyi bloklayın” çağırışı ilə başlayan aksiyalar qısa müddətdə bütün ölkəyə yayılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, metropoliya ərazisində təxminən 200 min nəfər etirazlara qatılıb, nəticədə 700-dək etirazçı saxlanılıb. Bu zaman 23 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb. Aksiyaların həmkarlar ittifaqları tərəfindən dəstəklənməsi “CGT” və “SUD” tərəfindən daha geniş tətillərin 18 sentyabr tarixinə planlaşdırılmasına zəmin yaradıb. Bütün bunlar Fransada uzunmüddətli etiraz dalğasının qalxdığına işarəsidir. Etirazların təhlükəli məcraya yönələcəyinin ilkin əlamətləri görünür. Paris və ətraf ərazilərdəki məscidlərin qarşısında donuz başlarının tapılması hadisələrin potensial olaraq etnik və dini qarşıdurmalara çevrilə biləcəyindən xəbər verir. Həm sol, həm də sağ siyasi qüvvələrin reaksiyası Makron administrasiyasının nüfuzunun sarsıldığını və siyasi etimadsızlığın pik həddə çatdığını təsdiqləyir.
Bu yerdə məşhur bir aforizmi xatırlatmaq yerinə düşər: “Daxili etimadsızlıq ən güclü ordunu belə sarsıda bilər”. Vəziyyət bu cür davam etsə, Makronun sonu heç də yaxşı olmayacaq...
Nəzrin ELDARQIZIXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.