Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan–Ermənistan arasında demarkasiya prosesi yeniliklər vəd edir
Hazırda delimitasiya və demarkasiya məsələləri Azərbaycan və Ermənistan arasında aparılan danışıqların əsas istiqamətlərindən biridir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədin demarkasiyası prosesində müəyyən yeniliklərin ola biləcəyini açıqlayıb. Lakin nazir bu yeniliklərin mahiyyəti barədə təfərrüata varmayıb. Onun bu bəyanatı diqqət mərkəzinə düşüb.
Xatırladaq ki, sentyabrın 5-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qarşılıqlı səfərlər baş tutub. Heyətə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edib. Budəfəki görüş hər iki ölkənin nümayəndələrinin bir-birinin ərazisinə daxil olması baxımından ciddi siyasi sayılır. Görüş zamanı tərəflər avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların icrası istiqamətində müzakirələr aparıblar. Müzakirələrin əsas ağırlıq mərkəzini sərhəd xəttinin müvafiq hissələrinin delimitasiyası və minalardan təmizlənməsi təşkil edib. Çünki bu məsələlər regionda dayanıqlı təhlükəsizliyin təmin edilməsi üçün həlledici rol oynayır. Bundan savayı, tərəflər kommunikasiyaların bərpası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin mövcud yol və körpülərin bərpası kimi praktiki məsələlərə toxunublar. Danışıqlarda xüsusi olaraq görüləcək işlərin icra müddətləri müzakirə mövzusu olub. Bu yanaşma tərəflərin prosesi uzatmaq niyyətində olmadığını, əksinə, real nəticələrin əldə edilməsinə çalışdığını göstərir. Qısa müddətdə həyata keçiriləcək addımlar sərhəd bölgələrində yaşayan əhalinin təhlükəsizliyinə töhfə verəcək.
Komissiyaların görüşündə maraq doğuran məqamlardan biri danışıqların Sünik vilayətinin cənub hissələri və Zəngilan bölgəsində (Qərbi Zəngəzur) aparılmasıdır. Bu isə öz növbəsində, bütün diqqəti Zəngəzur dəhlizinə (TRIPP) yönəldib. Erməni kartoqraf Samvel Meliksetyanın fikrincə, İrəvan Azərbaycandan Naxçıvana gedən yolun açılmasını planlaşdıraraq, demarkasiyaya Sünikdən başlayacaq. “Azərbaycanın harada bitdiyi, Ermənistanın haradan başladığı aydın olmalıdır ki, sərhəd infrastrukturu düzgün yerləşdirilsin. Tərəflər yolun keçəcəyi hissənin demarkasiyasını müzakirə edirlər. Ərazi ilə bağlı heç bir mübahisə yoxdur. Rabitə və nəqliyyat məsələlərində isə problem yaranmayacaq, əsas fərq yoxlanış məntəqələrinin yerləşməsindədir”, – deyə bildirib. Açıqlamadan hiss olunur ki, Ermənistan–Azərbaycan sərhədində yeni mərhələ başlayır. Demarkasiya prosesi həm sərhəd bölgələrində yaşayan əhali üçün təhlükəsizliyi artıracaq, həm də Zəngəzur dəhlizinin açılması, kommunikasiya və iqtisadi əməkdaşlığın genişlənməsi üçün real zəmin yaradacaq. Əgər tərəflər bu prosesi konkret addımlarla müşayiət edərlərsə, Cənubi Qafqazda uzun illər gözlənilən sabitlik və əməkdaşlıq mühiti yaxın zamanda formalaşa bilər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədin demarkasiyası prosesində müəyyən yeniliklərlə bağlı açıqlaması hazırda Ermənistanın işğalı altındakı 4 kəndin – Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvanın Kərki kəndi barəsində ola bilər. Bu kəndlər də gec-tez Azərbaycana qaytarılmalıdır. Hələlik iki ölkə arasında dövlət sərhədinin 12,7 kilometr hissəsinin delimitasiya və demarkasiyası aparılıb. Söhbət ötən il Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasından gedir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən 24 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağ separatçı ünsürlərdən tamamilə təmizləndi və Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bundan sonra işğal altında qalan kəndlərin məsələsi xüsusi aktuallıq qazandı. Ermənistan işğal altında qalan 8 kənd – Qazaxın 7 kəndi (Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Sədərəyin Kərki kəndinin qaytarılması öhdəliyindən yayınmaq üçün müxtəlif bəhanələr gətirirdi. Xüsusilə anklavların təhvil verilməsi prosesindəki çətinliklərə diqqət çəkirdi.
Rəsmi Bakı bu prosesi asanlaşdırmaq üçün işğal altındakı kəndlərin qaytarılmasını mərhələli şəkildə həyata keçirməyi təklif etdi. Birinci mərhələdə anklav olmayan 4 kənd – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli qaytarıldı. İkinci mərhələdə isə Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinin qaytarılması məsələsi müzakirəyə çıxarılır. Prezident İlham Əliyev anklav olmayan 4 kəndin qeyd-şərtsiz geri qaytarılmasını tələb etdi. Azərbaycanın strateji yanaşması Ermənistanı kəndlərin qaytarılması reallığını qəbul etməyə məcbur etdi və ötən ilin 19 aprelində imzalanan razılaşma ilə proses rəsmi olaraq başladı. Eksklavlar məsələsi növbəti mərhələyə saxlanıldı. Qaytarılan 4 kənd delimitasiya prosesində ilk praktik addım oldu. İndi İrəvandan bunun ardını gözləyirik.
Tofiq ABBASOV,siyasi icmalçı
Demarkasiya və delimitasiya məsələləri, əlbəttə ki, ikitərəfli əsasda başlayıb və bu istiqamət həm də birgə komissiyalarda formalaşdırılıb. Faktik olaraq hər iki tərəf prosesi məntiqi sonluğa çatdırmaq üçün imkanlara malikdir. Lakin son 2-3 ildə Ermənistanın anlaşılmayan yanaşmasına şahid oluruq. Görürük ki, rəsmi İrəvan əvvəlcə razılıq verir, proses başlayır, lakin sonra məsələ yenidən dayandırılır. Yəni onlar özlərinə məxsus “pauzalardan” istifadə edir və məsələni təxirə salırlar. Halbuki bu, onların heç xeyrinə deyil. Xatırladaq ki, bu məsələ ilə bağlı Ermənistan passivləşməyə başladı, qeyri-müəyyənlik yenidən gündəmə gətirildi. Sonra üçtərəfli əsaslarda baş nazir müavinləri bu prosesə qatıldılar və razılıqlarını verdilər. Daha sonra Rusiyanı bu prosesə cəlb etmək istədilər və Azərbaycan buna “hə” dedi. Lakin Ermənistan yenə təkliflər verdi və sonra onları geri çəkdi. Sadəcə müxtəlif bəhanələrlə özlərini müdafiə etməyə çalışdılar. Bir sözlə, onların həmahəng çalışmaq qətiyyəti və istəyi yox idi.
İndi Ararat Mirzoyan bunu yenidən gündəmə gətirirsə, deməli, onların bu prosesdə hərəkət etmək niyyəti formalaşır. Yəni söhbət Ermənistandan gedir, çünki Azərbaycan hazırdır və bu məsələlərin həllinə cəlb olunub. Komissiyalar fəaliyyətini davam etdirir, insanlar bu prosesdə iştirak edirlər. Prezident İlham Əliyev məsələ ilə bağlı belə bir fikir demişdi ki, “biz bu prosesə hazırıq, iştirak edirik, insanlarımız artıq bu məsələyə cəlb olunub, komissiyalar fəaliyyətini davam etdirir və Ermənistan istəməlidir. Əgər istəməsə, biz lazım gələrsə, keçməli olduğumuz hissədən keçəcəyik”.
Faktiki olaraq, bu məsələ sərhəd zolağında yaşayan insanlar üçün vacibdir. Onlar sərhəd xəttini bilməlidirlər. Ermənistan məsələni ciddi nəzarətə götürməli və bunun həyata keçirilməsini təmin etməlidir. İş görmək istəyən həmişə yollar axtarır, amma ermənilər bəhanələr taparaq proseslərdən yayınmağa çalışırlar. Artıq vaxt çatıb və sözdən əmələ keçmək lazımdır.
Bəli, bir çox ölkələrdə delimitasiya və demarkasiya uzun müddət davam edib. Məsələn, Rusiya ilə Qazaxıstan arasında 2.000 kilometrdən çox sərhəd var və onlar bu məsələlərdə tələsmirlər. Amma bizim vəziyyətimizdə sərhədlər nisbi olaraq kiçikdir. Burada sadəcə siyasi iradə lazımdır ki, Ermənistan tərəfi sözlərdən əmələ keçsin. Görək Ararat Mirzoyanın açıqlamalarından sonra Ermənistan hansı davranışı göstərəcək.
Musa BAĞIRLIXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.