AZ

“Yeni əsrin müqaviləsi” uğurla gerçəkləşdirilir

Saziş ölkə iqtisadiyyatında 40 milyard dollarlıq investisiyaya yol açıb

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanmasından 8 il ötür.

Xatırladaq ki, “Yeni əsrin müqaviləsi” adlandırılan həmin saziş 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan hökuməti, Dövlət Neft Şirkəti (SOCAR), bp, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri tərəfindən Bakıda imzalanıb. Həmin sazişə əsasən, AÇG yataqlar blokunun işlənməsi 2050-ci ilədək uzadılıb. Bununla da, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun işlənilməsində yeni dövr başlanıb.

Saziş qüvvəyə mindikdən dərhal sonra SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması ilə bağlı razılaşma əldə edilib. ACE layihəsi üzrə yekun investisiya qərarı isə 2019-cu ilin aprel ayında qəbul olunub.

“Azəri–Çıraq–Günəşli” yataqlar blokunun işlənməsinin növbəti, həlledici mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (ACE) adlandırılan layihənin ümumi dəyəri 6 milyard dollar təşkil edir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. İstismar müddəti ərzində platformadan, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

ACE layihəsi mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platformasının quraşdırılmasını əhatə edir. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərlərinin və laya vurulan suların nəqli məqsədilə suvurma boru xəttinin tikintisi daxildir.

“Yeni əsrin müqaviləsi” çərçivəsində tikinti işlərinə 2019-cu ilin sonlarında başlanıb. Əsas tikinti-quraşdırma işləri Bakı Dərin Özüllər Zavodunda və Bayılda yerləşən tikinti-quraşdırma sahəsində həyata keçirilib. ACE platformasının dayaq bloku “BOS Shelf” şirkəti tərəfindən inşa edilib. Dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü isə 153 metrdir. Bu qurğuya suvurma, neft və qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Bütün istismar sınaqlarından sonra dayaq bloku 2023-cü il martın 16-da dənizə yola salınaraq suyun 137 metr dərinliyində quraşdırılıb.

ACE platformasının üst modullarına isə neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. “Azfen” şirkəti tərəfindən inşa edilmiş modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur. 2023-cü ilin avqustunda qurğu STB-1 daşıma barjı vasitəsilə dənizə yola salınaraq dayaq blokunun üzərinə quraşdırılıb. Bundan əlavə, layihə çərçivəsində üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastruktur yaradılıb. Dənizin dibi ilə çəkilmiş 6 və 12 kilometrlik kəmərlər mövcud AÇG sualtı ixrac boru kəmərləri ilə birləşdirilib. 2023-cü il ərzində dənizdəki tikinti işləri və istismar sınaqları da uğurla tamamlanıb.

Artıq yeni əsrin yeni neft sazişi real fəaliyyət sahəsinə çevrilib. Məlum olduğu kimi, 2024-cü il aprelin 16-da “Azəri Mərkəzi Şərqi” platformasında ilkin neftin hasilatına başlanıb. İlk neft 2023-cü ilin sonunda adıçəkilən platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Bu, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanmasından 6 il 7 ay ötəndən sonra mümkün olub. Bununla da, “Azəri–Çıraq–Günəşli” yataqlar bloku yeni istismar mərhələsinə qədəm qoyub.

Yeri gəlmişkən, ACE platforması “Əsrin müqaviləsi” çərçivəsində bp və tərəfdaşlarının birgə sərmayəsi ilə Xəzər dənizində quraşdırılmış 7-ci neft hasilatı obyektidir. Platformadakı texniki emal qurğularından keçən xam neft 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə, təxminən, 130 kilometr məsafə qət edərək Səngəçal terminalına nəql edilir. Ümumilikdə, ACE platforması və qurğuları gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib.

Ötən müddətdə “Mərkəzi Şərqi Azəri” platformasından 3 hasilat və 1 qaz injektor quyusu qazılıb. 2025-ci ilin ilk yarısının yekunlarına görə, istismarda olan quyulardan gün ərzində orta hesabla 25 min barel neft çıxarılıb. Hasilata başlanıldığı vaxtdan bu ilin 2-ci rübünün sonunadək isə ACE platformasından, təqribən, 4,5 milyon barel (0,6 milyon ton) neft istehsal olunub. Heç şübhəsiz, yeni quyuların istismara verilməsi ilə hasilatın həcmi bir qədər də artacaq.

ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Bu unikal qurğunun innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində formalaşan emissiyaları azaltmağa da kömək edir.

“Yeni əsrin müqaviləsi” adlandırılan sazişin ölkəmiz üçün iqtisadi əhəmiyyəti olduqca yüksəkdir. Belə ki, saziş çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulması nəzərdə tutulur. Bu, neft sektorunun inkişafı baxımından vacib olmaqla yanaşı, yardımçı sahələrin inkişafını stimullaşdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Təkcə onu qeyd etmək kifayətdir ki, ACE layihəsinin pik dövründə ölkə daxilində həyata keçirilmiş tikinti işlərinə 8 min 500 nəfərdən çox işçi cəlb olunub.

Bununla yanaşı, Azərbaycanın yeni neft strategiyasının şanlı səhifəsi sayılan “Əsrin müqaviləsi”nin davamı olan bu saziş ölkəmizin maraqlarını tam təmin edir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. Ən əsası isə Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bundan əlavə, beynəlxalq tərəfdaş şirkətlər tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəniləcək. Beləliklə, ölkəmizin ümumi mənfəət göstəricisi 89,1 faizə yüksələcək.

Mirbağır YAQUBZADƏ
XQ

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr