Ümumiyyətlə, şimallılar “üçrənglilər”ə qarşı keçirdiyi 16-cı oyunda 12-ci dəfə uduzdu, qalan 4 oyun isə heç-heçə bitib. Qonaqlar Parisdəki qarşılaşmanın əvvəlində müdafiəyə çəkildi, qapısını toxunulmaz saxlamağa çalışdı. Fransızlar qol imkanlarını boşa verir, yüksək templə oynamadığından rəqibin sıx müdafiəsini yarmaqda çətinlik çəkirdi. Üstəlik hissənin ortalarında cərimə meydançasında kobud səhvə yol verən Olise Andri Qudyonsenin qapıçı ilə üzbəüz qalaraq hesabı açmasına səbəbkar oldu.
Bundan sonra təzyiqi artıran meydan sahibləri hissənin sonunda penalti qazandı. Andersonun Türama qarşı kobudluğundan sonra VAR-a da baxan referi “nöqtə”ni göstərdi. Topa yaxınlaşan Mbappe hesabı bərabərləşdirdi və milli formada qol sayını 52-yə çatdırmaqla Anrini arxada qoydu. Kilianın daha bir uğuru 27-ci dəfə kapitan sarğısını taxmaqdı. Zidan da bu qədər oyunda sarğını tapıb. Mbappe 62-ci dəqiqədə qəhrəmana çevrildi. O, müdafiəçilərdən yayınaraq Barkolyanın topu boş qapıya göndərməsinə şərait yaratdı. Ancaq İslandiya da təslim olmadı, rəqibi əziyyətə saldı. Xüsusən də Çuameni 68-ci dəqiqədə meydandan qovulandan sonra fransızların müdafiə olunmaqdan başqa çarəsi yox idi.
Əslində qonaqlar, daha dəqiqi, Qudyonsen sonda Menyanın qapısına yol tapdı. Bu məqamda VAR referiyə siqnal ötürdü. VAR monitoruna baxan Antonio Nobre qolu ləğv etsə də, bu yetərincə şübhəli qərar idi. Çünki Andri Qudyonsenin hücum zamanı toxunaraq yerə sərdiyi iddia olunan Konate onsuz da yıxılacaqdı. Beləliklə, 2019-un yayından bəri (onda Türkiyəyə 0:2 uduzmuşdular), yəni DÇ və AÇ-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi son 25 oyunda uduzmayan “üçrənglilər” liderliyi ələ keçirdi. Onların növbəti oyundakı rəqibi isə ...Azərbaycan olacaq.
D qrupu
2-ci tur
Azərbaycan – Ukrayna 1:1 (0:0)
Fransa – İslandiya 2:1 (1:1)
Fransa: Menyan, T.Ernandes, Upamekano, Konate, Kunde (Hüsto, 63), Kone, Çuameni, Türam (Rabyo, 70), Olise (Ekitike, 90+6), Barkolya (Koman, 63), Mbappe.
İslandiya: Oulafsson, Ellertsson, Qretarsson (Hlinsson, 82), İnqason, Palsson, Anderson (Maqnusson, 64), Haraldsson, Yohannesson (Helqason, 70), Torsteynsson (Tordarson, 70), D.Qudyonsen (Byarkason, 64), A.Qudyonsen.
Qollar: A.Qudyonsen, 21 (0:1). Mbappe, 45-p. (1:1). Barkolya, 62 (2:1).
Vərəqələr: Kone, 29. Anderson, 44. T.Ernandes, 54. A.Qudyonsen, 67. Mbappe, 90+2 – sarı. Çuameni, 68 – qırmızı.
Hakim: Antonio Nobre (Portuqaliya).
9 sentyabr. Paris. 40150 tamaşaçı.
1. Fransa 2 2 0 0 4-1 6
2. İslandiya 2 1 0 1 6-2 3
3. Ukrayna 2 0 0 2 1-3 1
4. Azərbaycan 2 0 1 1 1-6 1
10 oktyabr: Fransa - Azərbaycan, İslandiya – Ukrayna.
Faktlar
* Çuameni Zinəddin Zidandan sonra milli formada iki dəfə qırmızı vərəqə görən 2-ci futbolçudu.
* Fransa yığması 21-ci əsrtdə 200-cü qələbəsini qazandı.
Oyundan sonra
Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“Çox sıx oynayan rəqiblə qarşılaşdıq. Daha çox qol vura bilərdik. Bizi isə yeganə səhvə görə cəzalandırdılar. Azlıqda qalandan sonra daha çox əmək sərf etməli olduq. Qol vəziyyətləri də yaratdıq. Belə sıx müdafiə olunan rəqiblə oyunda futbolçular topu bir-birinə daha tez ötürməlidi. Mbappeyə gəlincə, o, psixoloji cəhətdən möhkəmdi, yaxşı oynayır, can qoyur. Bu toplanış dövründəki hər iki oyunda qol vurdu. Kilian komandanın lideridi, hərəkət azadlığına malikdi, Olise ilə yaxşı anlaşır, bir sözlə, yaxşı formadadı”.