AZ

Azərbaycan universitetlərinin “uğuru”: real inkişaf, yoxsa sadəcə PR?

Son günlər Azərbaycanda ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması məsələsi gündəmi zəbt edib. Rəsmi qurumlar 6 universitetimizin dünyanın ən yaxşı ali məktəbləri sırasında olduğunu xüsusi vurğulayaraq bunu mühüm nailiyyət kimi təqdim edirlər.

Elm və təhsil naziri Emin Əmrullayev də açıqlamasında bildirib ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti dünyanın tanınmış ilk 1000 ali məktəbi sırasında qərarlaşıb.

Bu fakt sosial şəbəkələrdə və mətbuatda "uğur" kimi rezonans doğursa da, ekspertlər arasında ziddiyyətli münasibət var. Bir qisim mütəxəssis bu nəticəni təhsil sisteminin inkişafının göstəricisi hesab etsə də, digər tərəf bu reytinqlərin obyektivliyini şübhə altına alır və hesab edir ki, söhbət daha çox PR və marketinq kampaniyasından gedir.

Əslində, bu cür reytinqlərin metodologiyası, hansı kriteriyalara əsaslandığı və universitetlərin hansı real inkişaf nəticələrinə görə irəlilədiyi məsələsi ciddi müzakirə mövzusudur.

AHMEDOV.jpg

Dosent İlham Əhmədov Musavat.com-a deyib ki, son illərdə ali təhsil sistemində fundamental dəyişikliklər baş vermədiyi halda, bəzi universitetlərin birdən-birə beynəlxalq siyahılarda irəliləməsi suallar doğurur:

"Berkli Universitetindən tədqiqatçı İqor Çirikovun QS Reytinqi barədə maraqlı fikirləri var: QS konsaltinq xidməti alan universitetlər reytinqdə süni şəkildə daha yüksək yerlər əldə edirlər (orta hesabla +140 pillə). Bu yüksəliş rəqəmlərlə edilən bilən müəyyən manipulyasiya ehtimallarından qaynaqlanır. Bu kimi hallar QS reytinqində maraqların toqquşması risklərinə yol açır, nəticələrin obyektivliyi şübhə altına düşür. ETN müdrik "təhsil siyasəti" nəticəsində QS reytinqində TOP 1000-ə daxil edilib.

İqor Çirikovun şübhələri deyəsən əsaslıdır. İki onillikdir ki, ölkəmizdə nə Boloniya prosesi tələblərinə cavab verən bir universitet qurulub, nə də elmi araşdırmalar üzərində dayanan innovativ və ya sahibkar universitetlər formalaşıb. Distant təhsilin belə məhdudlaşdırıldığı bir mühitdə birdən-birə reytinqlərdə "irəliləyiş" göstərilməsi çox təəccüblüdür. Bu mənzərə mənə bir neçə il əvvəl PİSA qiymətləndirməsindəki süni "uğurları" xatırladır. Əslində, reallıq tam başqadır: ali təhsil strategiyası sistemsizdir, universitetlərdə elmi fəaliyyət zəifdir, nəticələrin kommersiyalaşdırılması və innovasiyaların tətbiqi isə demək olar ki, yoxdur. İllərlə ciddi tədqiqat aparılmayıb, ayrılan maliyyə də səmərəli istifadə edilməyib.

Hesablama Palatasının və digər qurumların hesabatları da göstərir ki, təhsil sistemində maliyyə intizamı problemləri qalmaqdadır. Belə şəraitdə universitetlərin qısa müddətdə dünya reytinqlərində önə çıxması real inkişafdan çox, gözəgörünən PR effekti təsiri bağışlayır".

İ.Əhmədovun sözlərinə görə, məsələ yalnız bir neçə universitetin hansı pillədə yer alması ilə ölçülməməlidir:

"Əsas olan elmin keyfiyyəti, patent fəallığı, tədqiqatların nəticəsi, beynəlxalq əməkdaşlıqların məzmunu və tələbələrin hazırlıq səviyyəsidir. Bunlar olmadan hər hansı reytinqdə yüksəliş ali təhsilimizin keyfiyyət göstəricisi ola bilməz".

Afaq Mirayiq,
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr