Rusiyanın Çelyabinsk şəhərində Azərbaycan əsilli sahibkara qarşı açıq-aşkar qərəzli kampaniya aparılır.
Turkustan.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Birinci Beşillik küçəsi, 14/3 ünvanında yerləşən ticarət pavilyonunda baş verib.
Burada sahibkar, Azərbaycan vətəndaşı Aliyeva Ramaya Oktay qızının mağazası “qanunsuz alkoqol satışı” ittihamı ilə ictimaiyyət qarşısında "ifşa" olunub.
Rus “ictimai dəstələri”nin iddiasına görə, Aliyeva Ramaya Oktay qızının rəhbərlik etdiyi obyekt “qadağan olunmuş vaxtda spirtli içki satışı” ilə məşğul olub. Daha da irəli gedilərək, guya “saxta mallar” satıldığı və bu malların kassadan keçirildiyi iddia olunub. Bütün bunlar isə kameraya çəkilərək sosial şəbəkələrdə tirajlanıb.
Maraqlıdır ki, videoda mağaza işçisi də xüsusi olaraq hədəf alınır, “qanunsuz ticarəti ört-basdır etmək”də ittiham edilir. Halbuki, ortada hüquqi baxımdan sübut gücü daşıyan heç bir sənəd yoxdur. Əksinə, bütün prosesin məqsədli şəkildə Azərbaycanlı sahibkarı gözdən salmağa hesablandığı açıq görünür.
Rəsmi açıqlamalarda Aliyeva Ramaya Oktay qızının digər ünvanlarda da guya “kontrol alışlarda” yaxalandığı qeyd olunur. Hətta “tamamilə fəaliyyətinə son qoyulacağı” ilə bağlı bəyanatlar verilir. Bu isə artıq adi yoxlama deyil, açıq diskriminasiya və siyasi motivli kampaniyadır.
Rusiyanın hüquq-mühafizə orqanları – prokurorluq, FSB və OMON – bu tip reydləri dəstəkləyərək Azərbaycan diasporunu sistemli şəkildə zəiflətməyə çalışır. Azərbaycanlıların mağazaları, obyektləri, biznes sahələri ardıcıl olaraq yoxlanılır, əsassız suallar verilir, cərimələr tətbiq olunur və videoya çəkilərək ictimai qınağa yönləndirilir.
Əslində, bu, azərbaycanlılara qarşı milli zəmində aparılan total terror siyasətidir. Onların günahı sadəcə etnik mənsubiyyətləridir. Bu hadisə də bir daha göstərir ki, Rusiyada Azərbaycan əsilli vətəndaşların nüfuzunu sarsıtmaq üçün planlı təbliğat və təzyiq siyasəti həyata keçirilir.