AZ

Rəqabət güclənir: Azərbaycanda bankların bu kreditlərə marağı artıb

Ekspertlər qeyd edirlər ki, bazarda özünü tutmuş biznes subyektləri ilə işləmək banklar üçün daha faydalıdır. Bu şəxslərin müştəri seqmenti olduğu üçün onlara kredit vermək az riskli sayılır. Banklar bu biznes subyektlərinə kredit verməkdə daha maraqlıdır.

Azərbaycanda bankların biznes kreditləri portfelinin həcmi 15 milyard 143,7 milyon manat təşkil edib. Biznes kreditləri portfeli son bir il ərzində (illik müqayisədə) 1 milyard 268,9 milyon manat və ya 9,1 faiz artıb. Portfel ötən ilin sonu ilə müqayisədə isə 356,5 milyon manat və ya 2,4 faiz böyüyüb. Aylıq artım isə 43,7 milyon manat və ya 0,3 faiz təşkil edib. Qeyd edək ki, iyunun 1-nə biznes kreditləri portfeli 15 milyard 100 milyon manat, ötən ilin sonunda 14 milyard 787,2 milyon manat, ötən ilin eyni dövründə isə 13 milyard 874,8 milyon manat təşkil edib.

“Bu sahələrdə kreditlərə daha çox tələbat var”

Maliyyə və bank məsələləri üzrə ekspert Emin Kərimov bildirdi ki, biznes kreditlərinin artması çox müsbət tendensiyadır: “Deməli biznes mühitində müsbət dəyişikliklər var. Bu həm ölkədə biznes mühitinin inkişafında, həm də banklarda biznes kreditlərinin verilməsində təkmilləşmələrin aparılmasının bariz nümunəsidir. Kreditlərin artım tempi ölkədə iqtisadi fəallığın artması deməkdir. Çünki sahələr üzrə rəqabətin güclənməsi, yeni tendensiyaların ölkəyə gətirilməsi, yerli bazara uyğun biznesin inkişaf etdirilməsi biznesə olan tələbatın güclənməsi ilə izah olunur”.

E.Kərimovun fikrincə, biznes kreditlərindəki artım istehsal və xidmət sektorunda kreditlərə daha çox tələbat olduğunu göstərir: “Nəzərə alsaq ki, biznes kreditlərində inkişaf tempi daha yüksəkdir. Bu da o deməkdir ki, ölkədə biznes mühitinin stimullaşdırılması eyni zamanda gəlirli sahə olduğunu göstərən işlər görülür. Həm dövlət tərəfindən dəstəyin verilməsi, eyni zamanda özəl sektorda sağlam rəqabətin güclənməsi biznes kreditlərinə tələbi artırır. İstehsal və xidmət sahəsi biznes kreditlərindən daha çox istifadə edir”.

“2025-2026-cı illərdə biznes kreditləri daha da artacaq”

Ekspert banklar üçün biznes kreditlərinin mənfi və müsbət tərəflərindən də danışdı: “Bazarda özünü tutmuş biznes subyektləri ilə işləmək banklar üçün də faydalıdır. Bu şəxslərin müştəri seqmenti olduğu üçün onlara kredit vermək daha az risklidir. Banklar bu biznes subyektlərinə kredit verməkdə daha maraqlıdır. Amma biznes başlayan və ya iflasa gedəndirsə, burada risklər mövcuddur. Həmçinin biznes kənar amillər nəticəsində zəifləyə və çökə bilər. Bu risklər həmişə mövcud olacaq. Çünki həm biznes, həm də banklar xarici amillərin təsirindən asılıdır”.

E.Kərimov qeyd etdi ki, 2025-2026-cı illərdə biznes kreditlərinin daha da artacağı gözlənilir: “Çünki inflyasiya tənzimlənir. Ölkəmizin beynəlxalq nüfuzunun artması, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə əlaqədar logistika xidmətlərinin, yük daşımaların həcminin artması biznes mühitinə də müsbət təsirini göstərəcək”.

Seçilən
33
publika.az

1Mənbələr