AZ

Educause hesabatına görə universitetlər praktik bilik verməkdə geri qalır

"Həm işəgötürənlərin, həm də gənclərin universitet hazırlığına münasibəti yenidən nəzərdən keçirməsi üçün əsaslı səbəblər yaranıb. Dünyanın müxtəlif ölkələrində təhsilin vəziyyətini təhlil edən bir neçə hesabatı hər il Horizon Reports adı altında dərc edən Amerika qeyri-kommersiya təşkilatı Educause 2022-ci ildə universitetlərin mütləq həll etməli olduğu əsas problemləri qeyd edib".

Bu fikirləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Professorun sözlərinə görə, onlardan biri, ilk növbədə işəgötürənləri narahat edən məsələ tədris proqramlarının kifayət qədər praktik yönümlü olmaması və aşağı keyfiyyətidir:

"Bir çox peşələrdə biliklərin aktuallığını itirmə sürəti heç vaxt olmadığı qədər yüksəlib, universitetlər isə tədris planlarını tez bir zamanda yeniləməyə qadir deyillər və çox vaxt tələbələrə onların gələcəkdə lazım olmayacaq mövzuları öyrədirlər. Bu şəraitdə onlayn platformalar və qısamüddətli peşə hazırlığı təklif edən təşkilatlar üstün mövqeyə çıxırlar, çünki onlar mövcud proqramlara yeni modullar əlavə etməyi və tamamilə yeni kurslar hazırlamağı çevik şəkildə bacarırlar. Biznes isə bu problemin həllini təcrübə proqramları və korporativ kurslar təşkil etməklə tapır, burada əməkdaşlara işdə mütləq lazım olacaq bacarıqlar öyrədilir - başqa sözlə, kadrları özü yetişdirir.

Educause ekspertlərinin universitetlərə göstərdiyi digər çatışmazlıq isə tədris formatlarının köhnəlməsidir. Süni intellekt, VR və AR əsaslı tədris texnologiyalarının getdikcə populyarlaşdığı dünyada bir çox universitetlər hələ də sadə distant dərsləri belə keçirməyə hazır deyillər.Educause-un üç il əvvəlki hesabatlarında da qaldırılan və hələ də aktual olan mövzular var. Məsələn, universitetlərin siyasi baxışlı tələbələri qəbul etməyə meylli olması ilə bağlı qərəzlilik.

Ekspertlər həmçinin universitet diplomuna qoyulan sərmayənin geri dönüş əmsalının (ROI) azalmasından da danışırlar. Bu problem xüsusilə ali təhsilə qəbul olunmaq barədə qərar verən gənclər qarşısında kəskin şəkildə dayanır. Bir çox ölkələrdə təhsil qiymətləri inflyasiyadan daha sürətlə artır, tələbə kreditləri isə məzunlar üçün uzun illər boyu ağır yük olaraq qalır. 2024-cü ilin sonunda Avstraliyada təhsil krediti üzrə orta borc 27 600avstraliya dolları (təxminən 17 000 ABŞ dolları), ABŞ-da isə 37 000 ABŞ dolları təşkil edib. Böyük Britaniyada isə bu məbləğ artıq 2023-cü ildə əhəmiyyətli dərəcədə yüksək idi - 48 470 funt sterlinqdən (60 000 ABŞ dollarından çox), tələbə kreditlərinin ümumi həcmi isə 236 mlrd funt sterlinqə (293 mlrd ABŞ dolları) çatırdı. Rusiyada isə universitetin bir illik təhsil orta hesabla 200 000 rubl təşkil edir ki, bu da bəzi regionlarda altı- səkkiz aylıq əməkhaqqına bərabərdir.

Belə bir şəraitdə, ali təhsilin sürətlə bahalaşması, kredit öhdəliklərinin artması və diplomsuz karyera qurmaq imkanlarının reallığa çevrilməsi fonunda gənclərin ali təhsilə dair qərarlarını daha diqqətlə və məsuliyyətlə dəyərləndirməsi tamamilə başadüşüləndir. Bu kontekstdə əsas sual belə formalaşır: ali təhsilə qoyulan sərmayə həqiqətən gözlənilən nəticələri verirmi?"

Seçilən
3
2
azedu.az

3Mənbələr