AZ

İçməli su problemi: nə etməli?

Bu ilin yayı bir daha təsdiqlədi ki, Azərbaycan artıq sistemli içməli su problemi ilə üzləşib. Bakı və bölgələrin onlarla rayonunda bəzən suyun verilməsi günlərləkəsildi. Qiymətləndirmələrə görə, fasilələr 2 milyondan çox sakini əhatə etdi. Kəndlərdə insanlar yenidən quyulara və bulaqlara üz tutdu, amma onların da çoxu qurumuşdu.

Kənd təsərrüfatı xüsusilə ağır zərbə aldı: 65 min hektardan çox taxıl və yem bitkiləri suvarmasız məhv oldu, buğdanın məhsuldarlığı 18 faiz, qarğıdalının məhsuldarlığı isə dörddə bir qədər azaldı. Fermerlərin zərərləri 320 milyon manata yaxın qiymətləndirilir. Eyni zamanda, Mingəçevir SES-də Kürün səviyyəsinin düşməsi səbəbindən enerji istehsalı 9 faiz azaldı.

Məsələ artıq lokal çərçivədən çıxıb. Bu gün su milli təhlükəsizlik məsələsidir və ölkənin ərzaq təminatı, iqtisadiyyatı, sosial sabitliyi ondan asılıdır.

Son onilliklərdə iqlim dəyişikliyi vəziyyəti kəskinləşdirib. Belə ki, son 30 ildə Azərbaycanda orta illik temperatur 1,4 dərəcə yüksəlib, yağıntılar isə 8-12 faiz azalıb. Üstəlik, yağıntılar bərabər paylanmır, əsasən torpağı və yeraltı suları zənginləşdirməyən leysanlar şəklində düşür. Kiçik çaylar quruyur, su anbarları isə ehtiyat toplamağa macal tapmır. 2006-cı ildən bəri Xəzərin səviyyəsi hər il 11 santimetr azalır: ümumi enmə 1,9 metrə çatıb. Bu proses Abşeronun yeraltı sularına da təsir edir.

Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxu ölkə hüdudlarından kənarda formalaşır. Kür və Arazın suyu ildən-ilə azalır: əgər 1980-ci illərdə Kürün axını saniyədə təqribən 500 kubmetr idisə, bu gün cəmi 320-340 kubmetrdir. Araz da dörddə bir qədər kiçilib. Qonşu ölkələrin hər hansı hidrosiyasəti birbaşa Azərbaycana təsir göstərir.

Daxili resurslar isə zəifdir. Ölkənin 8300 çayından əksəriyyəti kiçikdir, uzunluğu 10 kilometrdən də azdır. Naxçıvanda son 20 ildə 24 çay və bulaq itib, Qarabağda isə su hövzələrinin sahəsi 18 faiz azalıb. Bərpa olunan şirin su ehtiyatları 26 milyard kubmetr qiymətləndirilsə də, faktiki əlçatan həcm azalaraq bu gün 20 milyarddan aşağı düşüb.

Qeyd etmək zəruridir ki, əslində tarixi baxımdan Bakı həmişə içməli su qıtlığı şəraitində yaşayıb. IX-X əsrlərdə Abşeronda evlərə və Şirvanşahlar sarayına su gətirən kəhrizlər işləyirdi. Lakin XIX əsrdə şəhərin sürətli böyüməsi sistemi yetərsiz etdi. Neft bumu dövründə əhali on dəfələrlə artdı, su Kürdən və Volqadan dənizlə daşınır, bir vedrə indiki pulla min manata başa gəlirdi. XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Şollar su kəməri çəkildi və şəhəri şimal mənbələrindən təmin etməyə başladı.

Zamanla bu sistem əhəmiyyətini itirdi. Bu gün Bakının əsas su mənbəyi Kür və Ceyranbatan su anbarıdır. "Elit evlərdə təmiz Şollar suyu" barədə mif əsassızdır: su müxtəlif mənbələrdən qarışdırılaraq ümumi şəbəkələr vasitəsilə paylanır.

Rəsmi statistikaya görə Bakının əhalisi 2,4 milyon nəfərdir, amma reallıqda bu rəqəm 3,5 milyona yaxındır. Halbuki şəhərin su infrastrukturu cəmi bir milyon əhali üçün layihələndirilmişdi. Bu gün gündəlik istehlak 1,4 milyon kubmetrə çatır, amma şəbəkələr köhnəlib və itkilər 40 faizə qədər yüksəlib.

Bölgələrdə vəziyyət daha da mürəkkəbdir. Gəncə, Şəki, Lənkəranda mərkəzləşdirilmiş sistem əhalinin 60-65 faizini əhatə edir, kəndlərdə məzkur göstərici cəmi 42 faizdir. 900 mindən çox insan daim su çatışmazlığı ilə yaşayır. Ağdamda fermerlər pambıq əkindən imtina edib, Cəlilabadda 12 min hektarda kanallar quruyub.

Səhiyyə Nazirliyi isə bağırsaq infeksiyalarının 18 faiz artdığını açıqladı.

Azərbaycan dövlət büdcəsindən su təsərrüfatının inkişafına ayrılan faktiki vəsaitin həcmi 546 milyon manat təşkil edir. "Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya" 2024-2040-cı illər üçün nəzərdə tutulmuş strateji vəzifələrinin həllinə yönəldilib. Söhbət su istifadəsinin səmərəliliyinin artırılması, irriqasiya infrastrukturunun inkişafı və fermer təsərrüfatlarının təmin olunmasına yönəlmiş hədəfli investisiyalardan gedir.

Bir kubmetr suyun və kanalizasiya xidmətlərinin maya dəyəri 1,41-1,42 manat səviyyəsindədir. Tarif Şurası tərəfindən əhali üçün müəyyən edilmiş tariflər isə Bakıda və Abşeronda 0,70 manat, regionlarda isə 0,60 manatdır. Çirkab sularının kənarlaşdırılması xidmətləri üçün tarif 1 kubmetr üçün 0,30 manat təşkil edir. Beləliklə, mövcud tariflər faktiki maya dəyərindən dəfələrlə aşağıdır ki, bu da davamlı maliyyə boşluğu yaradır.

Aparılan təhlil göstərir ki, Azərbaycanın su sektoru struktur kəsiri şəraitində fəaliyyət göstərir: əməliyyat xərcləri davamlı şəkildə tariflərdən əldə olunan gəlirləri üstələyir. Dövlət bu fərqi subsidiyalar və birbaşa investisiyalar vasitəsilə qarşılayır ki, bu da əhali üçün qiymətlərin sosial cəhətdən qəbuledilən səviyyədə saxlanmasına imkan verir.Yəni, dövlət xərclərin yarısını ödəməyə məcburdur.

Türkiyədə içməli su tarifləri şəhərdən asılı olaraq dəyişir və adətən kanalizasiya xidməti ayrıca hesablanır. Məsələn, İstanbulda 2025-ci ildən etibarən İSKİ-nin qərarına əsasən, ev təsərrüfatları üçün ilk pillə üzrə suyun qiyməti 46,62 TL/m³ təşkil edir. Bundan əlavə, tullantı sularının axıdılması xidmətləri üçün 16,50 TL/m³ ödəniş hesablanır. Ankarada isə ASKİ-nin tətbiq etdiyi tariflərə görə, 0-15 m³ həcmində istehlak üçün suyun qiyməti 19,53 TL/m³, kanalizasiya xidməti isə 9,76 TL/m³ səviyyəsindədir, ümumilikdə isə 29,29 TL/m³ edir. İzmir şəhərində də oxşar pilləli sistem mövcuddur və hər pillə üçün su və kanalizasiya ayrıca hesablanır.

Gürcüstanda tarifləri Milli Enerji və Su Tənzimləyici Komissiyası (GNERC) müəyyənləşdirir. 2024-2026-cı illər üçün təsdiqlənmiş qaydaya görə, Tbilisi, Mtsxeta və Rustavidə ev təsərrüfatları üçün tarif dəyişməyib. Tbilisidə sayğaclı ev təsərrüfatları bir kubmetr suya görə 0,50 lari (GEL) ödəyirlər. Bu məbləğ son illərdə sabit qalıb.

Ermənistanda su təchizatı xidmətini "Veolia Water Armenia" həyata keçirir. Tənzimləyici qurumun qərarına əsasən, 2025-ci ildə əhali üçün vahid tarif 200,42 dram/m³ səviyyəsində müəyyən edilib. Sosial cəhətdən həssas qruplar üçün bu məbləğ 180 dram/m³ təşkil edir. Dövlət müəyyən qədər subsidiyalar ayıraraq qiymətlərin sabit qalmasını təmin edir.

İranda su tarifləri blok üzrə hesablanır və ciddi subsidiyalar tətbiq olunur. 1404-cü ilin (2025/26) dövlət büdcəsinə əsasən, istehlak norması çərçivəsində hər kubmetr suya görə 2000 rial, normadan artıq istehlaka görə isə 4000 rial əlavə ödəniş tutulur. Bundan başqa, regional ABFA şirkətləri öz bölgələri üçün ayrıca tarif cədvəlləri dərc edirlər. Qeyd etmək lazımdır ki, kanalizasiya xidmətləri ayrıca hesablanır və yekun məbləğ regiondan və istehlak həcmindən asılı olaraq dəyişir.

Avropa İttifaqında vahid tarif mövcud deyil. Qiymətləri yerli operatorlar və bələdiyyələr müəyyənləşdirir, adətən su və kanalizasiya xidmətləri ayrıca hesablanır, həmçinin sabit abunə haqqı və vergi də əlavə olunur. Almaniyanın paytaxtı Berlində "Berliner Wasserbetriebe" şirkəti 2025-ci ildə içməli su üçün 1,813 avro/m³, kanalizasiya üçün isə təqribən 2,155 avro/m³ tələb edir. Fransanın paytaxtı Parisdə "Eau de Paris" operatoru tərəfindən tətbiq edilən tam tarif 4,0913 avro/m³ təşkil edir. İspaniyanın paytaxtı Madriddə "Canal de Isabel II" şirkəti ilk 20 m³-lük istehlak üçün dəyişən hissəni təqribən 0,876 avro/m³ səviyyəsində hesablayır, əlavə olaraq sabit abunə haqqı da tətbiq edilir. Niderlandda isə ölkə üzrə orta su tarifi 2025-ci ildə 2,61 avro/m³ olub, şirkətlər üzrə bu rəqəm 1,67-2,56 avro/m³ arasında dəyişir. Məsələn, Amsterdamda "Waternet" şirkəti 1,22 avro/m³ tarif tətbiq edir və üzərinə sabit ödəniş əlavə olunur.

Beləliklə, müqayisə göstərir ki, Azərbaycanda mövcud tariflər Avropa ölkələri ilə yanaşı, region dövlətləri - Türkiyə, Gürcüstan, Ermənistan və İranla müqayisədə dəfələrlə aşağıdır. Bu isə bir tərəfdən əhalinin sosial müdafiəsini təmin edir, digər tərəfdən isə suyun israfçılıqla istifadəsinə gətirib çıxarır.

Ən kritik məsələ şəbəkələrdəki itkilərdir. Orta hesabla 40 faiz, bəzi rayonlarda isə 55 faizə qədərdir. Halbuki Almaniyada bu göstərici 6-7 faiz, İsraildə 7-8 faiz, Sinqapurda 4-5 faizdir. Azərbaycanda isə söhbət büdcədən ödənilən on milyonlarla kubmetr suyun torpağa axıb getməsindən gedir.

Məsələnin geosiyasi tərəfi də var. Azərbaycanın bərpa olunan su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır, əsasən Kür və Araz hövzəsində. Bu isə o deməkdir ki, hər bir quraqlıq və ya xarici məhdudiyyətlər dərhal daxili su təminatına təsir göstərir.

Ucuz tarifin paradoksu budur: qiymət aşağı olduqca istehlak artır və dövlət üçün hər əlavə litr daha baha başa gəlir. Qlobal təcrübə sübut edir ki, qiymətin cüzi artırılması belə məişətdəki artıq sərfiyyatı dərhal azaldır, xüsusilə də maşın yuyulması və dekorativ suvarma kimi ikinci dərəcəli məqsədlərdə.

Dünyada ölkələr bu problemi müxtəlif yollarla həll edirlər. Çoxpilləli tarif sistemi tətbiq olunur: sosial minimum ucuz qalır, amma normadan artıq istehlak xeyli baha başa gəlir. Sinqapurda məhz belə işləyir, əsas tarif israfçılıq vergisi və ayrıca çirkab suların utilizasiyası haqqı ilə tamamlanır.

Qaydalar sərtləşdirilir, məsələn, ABŞ-ın Cənubi Nevadada "lazımsız" qazonlara qadağa qoyulub, onları quraqlığa davamlı bitkilərlə əvəzləməyə subsidiya verilir. Nəticədə 20 ildə əhali artmasına baxmayaraq, adambaşına düşən istehlak iki dəfədən çox azalıb.

İtkilərlə mübarizə aparılır: Böyük Britaniya və Almaniyada operatorlar şəbəkəni zonalara bölür, gecə saatlarında təzyiqi tənzimləyir, sızmaları aktiv şəkildə aşkarlayır. Kamboca və Filippində isə şəhərlər sərt uçot və kütləvi boru yenilənməsi hesabına qeydə alınmayan suyu 60-70 faizdən 6-13 faizə qədər azalda bilib.

Yeni mənbələrdən istifadə olunur, məsələn, Barselonada ehtiyat variant kimi duzsuzlaşdırma zavodu tikilib, baxmayaraq ki, maya dəyəri ənənəvi sudan bahadır. İsraildə isə çirkab suların təkrar istifadəsi sistemi qurulub və təmizlənmiş suların 90 faizi suvarmaya yönləndirilir.

Azərbaycanda da sürətli addımlar atmaq mümkündür. Beş ilə itkiləri 40 faizdən 25 faizə endirmək olar ki, bu da yeni su mənbəyi tapmadan yeni su qəbulu tikintisinə bərabərdir. Şəhərləri idarə olunan zonalara bölmək, təzyiqi nəzarətdə saxlamaq və gecə sızmalarını aşkar etmək vacibdir.

Müasir sayğaclarla ümumi uçotu təmin etmək və sızmaların qarşısını almaq mümkündür. Pilləli tarif sistemi tətbiq olunmalı, əsas həcm köhnə qiymətlə, yuxarı həcmlər isə bahalı tariflə hesablanmalıdır.

İçməli suyun küçə yuyulması və avtomobil yuyulmasında istifadəsi qadağan edilməlidir, bunun üçün ayrıca "bənövşəyi borular" şəbəkəsi qurulmalı və təmizlənmiş suların istifadəsi genişləndirilməlidir. Boruların dəyişdirilməsi isə yol təmiri ilə uzlaşdırılmalı, işlər kompleks şəkildə aparılmalıdır.

Əsas nəticə budur: hər dəlikli boru büdcədən axıb gedən milyonlarla manat deməkdir. Yeni bahalı obyektlər tikməkdənsə, suyu şəbəkələrdən və tullantılardan geri qaytarmaq daha ucuzdur. Resurslarının 70 faizi kənardan gələn ölkə üçün su strateji əhəmiyyət daşıyır və qənaət milli təhlükəsizliyin gücləndirilməsi ilə eyni məna daşıyır.

2022-ci ildə 2037-ci ilə qədər olan Milli Su Strategiyası təsdiqlənib. Məqsədlər itkiləri 20 faizə endirmək, müasir suvarma üsullarını 2027-ci ilə qədər 2 faizdən 10 faizə çatdırmaq, əhalinin 85 faizini içməli suya daimi çıxışla təmin etmək, 1,2 milyard kubmetr həcmində yeni su anbarları tikmək, uçot və qənaətli istehlak sistemini tətbiq etməkdən ibarətdir. Amma icra ləng gedir: 20 layihədən cəmi 6-sı başa çatdırılıb.

Dayanıqlı su təminatı artıq çoxdan qlobal çağırışa çevrilib və bir çox ölkələr bu gün Azərbaycanın qarşısında duran oxşar böhranlardan keçiblər. Onların təcrübəsi göstərir ki, düzgün siyasət və investisiyalar hesabına su çatışmazlığını texnoloji sıçrayış üçün stimul halına gətirmək olar.

İsrail bu sahədə dünya lideri sayılır. Bu gün ölkənin tələbatının 50 faizdən çoxu dəniz suyunun duzsuzlaşdırılması hesabına ödənilir. İlk iri stansiyalar hələ 2000-ci illərin əvvəlində fəaliyyətə başlayıb və indi Aralıq dənizi sahilindəki komplekslər şəbəkəsi təkcə şəhərləri və kənd təsərrüfatını sabit su ilə təmin etmir, həm də qonşu bölgələrə ixrac imkanı yaradır. Azərbaycan üçün bu model xüsusilə nümunəvidir: İsrail kimi, bizim də böyük çaylarımız yoxdur, amma Xəzərə çıxışımız var və o, strateji su anbarına çevrilə bilər.

Sinqapur isə "dörd kran" adlı unikal konsepsiya işləyib hazırlayıb. Birinci "kran" qonşu Malayziyadan su idxalıdır, ikinci - duzsuzlaşdırma, üçüncü - tullantı sularının çoxpilləli təmizləmədən sonra yenidən şəbəkəyə qaytarılması və NEWater brendi ilə su təchizatına daxil edilməsi, dördüncü isə daxili mənbələr və toplanma hövzələridir. Bu sistem Sinqapura xarici tədarükçüdən kritik asılılıqdan qurtulmağa, su təhlükəsizliyini isə milli müstəqilliyin dayaqlarından birinə çevirməyə imkan verib.

Xroniki quraqlıqdan əziyyət çəkən İspaniya isə rəqəmsallaşma yolunu seçib. Burada torpağın rütubətinə və hava şəraitinə uyğun suvarmanı tənzimləyən avtomatlaşdırılmış damcı sistemləri tətbiq olunub. Nəticə su sərfiyyatının 30-40 faiz azalmasıdır ki, aqrar istehsal miqyası nəzərə alınanda bu, milyardlarla avro qənaət və strateji resursların qorunması deməkdir.

Hesablama göstərir ki, bir kubmetr suyun maya dəyəri təxminən 1 manatdır. Bu, hazırkı əhali tarifindən baha olsa da, dövlətin büdcədən subsidiyalara və quraqlıq nəticəsində yaranan zərərlərin kompensasiyasına xərclədiyi vəsaitdən qat-qat ucuzdur. Üstəlik, belə layihələr enerji əməkdaşlığı ilə inteqrasiya edilə bilər: Qarabağ və Şərqi Zəngəzurda sürətlə tikilən günəş və külək stansiyaları bu qurğular üçün enerji mənbəyi ola bilər.

İspaniya nümunəsindəki kimi suvarmada avtomatlaşdırma da birbaşa tətbiq oluna bilər. Bu gün Azərbaycanın su ehtiyatlarının 70 faizi kənd təsərrüfatına gedir və onun da böyük hissəsi köhnə infrastruktur üzündən itirilir. "Ağıllı" sistemlərə keçid həm xərcləri azaldar, həm də məhsuldarlığı yüksəldər.

Pretsedentlər də aydındır. İsrail 1990-cı illərdə su kollapsı həddində idi, bu gün isə texnologiya və bilik ixracatçısına çevrilib. Sinqapur tam idxal asılılığından çıxaraq özünəməxsus strateji dövr yaradıb və dünya meqapolislərinə örnək olub. İspaniya isə sübut etdi ki, ənənəvi kənd təsərrüfatını belə rəqəmsal relslərə keçirmək və milyonlarla kubmetr suyu qorumaq mümkündür.

Gələcəyin texnologiyaları arasında ağıllı şəbəkələr xüsusi yer tutur. Sızmaların və təzyiqin izlənməsi üçün quraşdırılan sensorlar təkcə Bakıda ildə 150 milyon kubmetrədək suya qənaət etməyə imkan verir. Damcı suvarma isə istifadənin 30-40 faiz azalmasına səbəb olur, amma hələlik cəmi 3-4 faiz torpağı əhatə edir. Müqayisə üçün, Türkiyədə bu göstərici 28, İsraildə isə 80 faizdir. Tullantı sularının emalı da ümumi tələbatın 10 faizinə qədərini ödəyə bilər.

Demoqrafik təzyiq də artmaqdadır. 2040-cı ilə qədər əhali 12 milyona çatacaq və hər yeni milyon əlavə 250-400 milyon kubmetr istehlak deməkdir. Bununla yanaşı, urbanizasiya Bakıya olan yükü daha da artırır.

Regional risklər də həssas qalır. Türkiyə və Gürcüstanda hər hansı yeni SES-in tikintisi, Ermənistan və İranda su istifadəsi Kür və Arazın axınını azaldır. Bu səbəbdən su təkcə əməkdaşlıq deyil, həm də qarşıdurma amilinə çevrilə bilər.

Uzunmüddətli proqnozlara nəzər saldıqda, mənfi ssenari resursların 20 faiz azalmasını, kənd təsərrüfatında hər il 1 milyard manata qədər zərər yaranmasını, ərzaq idxalının 40 faizə yüksəlməsini və 1 milyondan çox "su qaçqını"nın köçünü ehtimal edir. Optimist ssenari isə Xəzərin şirinləşdirilməsi hesabına tələbatın 20 faizinin ödənməsini, itkilərin 15 faizə qədər endirilməsini, 500 min hektarda damcı suvarmanı və tullantı sularının emalı hesabına əlavə 10 faiz resursun əldə olunmasını nəzərdə tutur.

Suya münasibətdə mədəniyyət də dəyişməlidir. Tarixi olaraq suya pulsuz resurs kimi yanaşma formalaşıb və defisit şəraitində belə israfçılıq vərdişi güclüdür. İstehlak mədəniyyətinin dəyişməsi infrastruktur quruculuğu qədər vacibdir, çünki onsuz istənilən investisiya mənasız olacaq.

Nəticə etibarilə, su artıq məişət deyil, strateji problemə çevrilib.

Neft və qaz əsas ixrac olaraq qalır, amma məhz su ölkənin gələcəyini müəyyən edəcək. Əgər dayanıqlı su istifadəsi sistemi yaradılmasa, heç bir enerji gəliri su itkisini əvəzləməyəcək.

Bu, bir nəslin çağırışıdır.

Elçin Alıoğlu
Trend

Seçilən
44
3
milli.az

4Mənbələr