AZ

Tələbələrin nəzərinə: Bu yataqxanada pulsuz qala bilərlər

Bu il də universitetlərdə təhsil alan tələbələrin yataqxana ilə təmin olunması alınmayacaq. Məcburi köçkünlərin ixtiyarına verilən universitet yataqxanaları hələ də boşaldılmayıb.

Hər il ali məktəblərdə yeni tədris ili başlayanda yataqxana məsələsi də gündəmə gəlir. Xüsusən paytaxtda kirayə evlərin qiymətlərinin günü-gündən qalxması valideynlərə əl vermədiyindən, onlar övladlarının yataqxanada yerləşməsi, ümumən tələbə mühitində yaşaması üçün çalışırlar. Təəssüf ki, valideyn və tələbələrin bu narahatlığı həmişə asanlıqla çözülmür.
Təhsil eksperti İlham Əhmədovun sözlərinə görə, xüsusən paytaxtda universitetlərin yataqxana ilə təminatı aşağı səviyyədədir. “Universitetlərin təxminən beş faizinin yataqxanası var. Onlar da yalnız 5-10 faiz tələbəni yerlə təmin edə bilirlər. Bakıda mənzillərin kirayə qiyməti, təhsil haqqı günbəgün qalxır. Valideynlər üçün bu xərclər yük olur. Kirayədə qalan tələbələrin əksəriyyəti rayonlardan gəlir. Bu problemi həll etmək isə təkcə universitetin gücü daxilində deyil, dövlətin də dəstəyi lazımdır”.

Hazırda paytaxt və bölgələrdəki universitetlərin yataqxana şəraiti ilə maraqlanmaq üçün bir sıra ali məktəbə sorğu ünvanladıq.

BDU-da cəmi 220 yerlik yataqxana var

Bakı Dövlət Universitetindən bildirildi ki, universitetin Tələbə evi 220 nəfərlikdir: “Burada hər bir şərait var: camaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları ilə nəzarət və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş 75 manatdır. Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir”.

ADNSU həm yerli, həm də əcnəbi tələbələri düşünür

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanası köhnədir”, - deyə universitetin mətbuat xidmətindən Elnur Hadıyev sualımızı cavablandırdı: “Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub”. E.Hadıyevin sözlərinə görə, ADSU-nun yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar. Adətən əcnəbi tələbələr üstünlük təşkil edir. Yataqxana iki və üç nəfərlik otaqlardan ibarətdir. Bir otağın qiyməti 100 manatdır. İki nəfər qaldıqda hər biri 50, üç nəfər qaldıqda isə 34 manat ödəyirlər”.

Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayevin verdiyi məlumata görə, universitetin böyük yataqxana kompleksi mövcuddur: “Onun əsas hissəsində məcburi köçkünlər məskunlaşıb, yalnız bir korpus əsaslı şəkildə təmir olunaraq tələbələrin istifadəsinə təqdim olunub. Burada təxminən 450 nəfərə yaxın tələbənin yerləşdirilməsi mümkündür. Həm oğlan, həm qız tələbələr, eləcə də əcnəbi tələbələr burada qala bilirlər. Yataqxanada qalma haqqı aylıq 50 manat təşkil edir. Bu vəsait təsərrüfat, kommunal, mühafizə və digər xərclərin qarşılanmasına sərf olunur. Həssas qruplara aid tələbələr – şəhid ailələrinin, müharibə veteranlarının övladları və digər imtiyazlı tələbələr ödənişdən azaddırlar”. N.Abdullayev bildirdi ki, yataqxanada yerləşmək üçün tələbələr rayon qeydiyyatında olmalı və universitetə ərizə ilə müraciət etməlidirlər. Müraciət edənlər Tələbə Həmkarlar İttifaqı Komitəsinə (THİK) ərizə təqdim edir və orderlə təmin olunurlar. Tələbələrin təhlükəsizliyi daim diqqət mərkəzindədir. Yataqxana 7/24 təhlükəsizlik kameraları ilə müşahidə olunur, giriş-çıxış müəyyən olunmuş qaydalar əsasında tənzimlənir. N.Abdullayev qeyd etdi ki, AzMİU-nun əsas hədəflərindən biri yataqxana kompleksini tam şəkildə əsaslı təmir edərək tələbələrin istifadəsinə verməkdir: “Hazırda məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı davam edir. Bu proseslə paralel olaraq universitet Elm və Təhsil Nazirliyi ilə birlikdə yataqxana kompleksinin yenidən qurulması və müasir tələblərə uyğunlaşdırılması üçün maliyyə imkanlarının cəlb olunması üzərində çalışır”.

Seçilən
6
7
publika.az

8Mənbələr