AZ

Simonyanın Bakı nefti arzusu - reaksiyalar

Erməni spiker Azərbaycan benzinini daha ucuz ala biləcəklərini açıqlayıb; deputat və iqtisadçı isə deyir ki...

Ermənistan parlamentinin sədri Alen Simonyan sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyacaq: “Bizim vahid erməni-Azərbaycan əmtəə bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları görünəcək, Ermənistan məhsulları isə Bakıda və digər şəhərlərdə əlçatan olacaq. Ermənilər Azərbaycan benzinini daha ucuz ala biləcəklər - bu qaçılmazdır”,-deyə Simonyan vurğulayıb.

O etiraf edib ki, hər iki tərəfdə hələ də həssaslıq qalır: “Axı biz insan öldürmədikmi, azərbaycanlı tərəfdən adamlar ölmədimi?” - deyə spiker xatırladıb. Onun fikrincə, bu gərginlik zamanla aradan qalxacaq, çünki əsas prioritet sərhədlərin açılması və kommunikasiya xətlərinin tezliklə bərpa edilməsidir.

Simonyan həmçinin qeyd edib ki, artıq Moskvada və digər ölkələrdə çoxsaylı azərbaycanlı və erməni birlikdə biznes qurur, dostluq edir və normal münasibətlər saxlayır.

Bakı ilə İrəvan arasında paraflanan sülh mətnində diplomatik əlaqələrin qurulması da yer alır. Gələcəkdə yekun sülh sənədinin imzalanması Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasına, neftimizin bu ölkəyə satışına səbəb ola bilər. 

Amma bunun əleyhdarları olanlar da var. Onlar torpaqlarımızı yağmalayanlara, dinc vətəndaşlarımızı qətlə yetirənlərə belə bir fürsət tanınmasına qarşı çıxırlar. Hesab edirlər ki, ermənilərin cinayətləri yaddan çıxmamalıdır və bu əlaqələrin yaranması növbəti bəlaların təməlinin qoyulmasına səbəb ola bilər. 

Zəng

Azər Badamov 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanandan sonra iki ölkə arasında diplomatik əlaqələr yaradılmalıdır, daha sonra isə iqtisadi əlaqələrin genişləndirilməsinə başlanacaq: “Biz iki qonşu ölkəyik. Bu baxımdan həmişə düşmən qala bilmərik. Düzdür, onların bizim başımıza gətirdiyi faciələri heç vaxt unuda bilmərik. Amma sülh yaranandan sonra iki ölkə arasında hərtərəfli münasibətlər formalaşacaqdır. Ermənistan parlamentinin sədri Alen Simonyanın dediyi kimi azərbaycanlılar və ermənilər gələcəkdə  bir-biri ilə ticarət edə biləcəklər. Həm də iki ölkə arasında ticarət əlaqələri yaranacaq. Hər halda bizim neftimizə, qazımıza, kimya sənayesi mallarına Ermənistanda tələbat var. Həm də təbii ki, gələcəkdə ”İstisu"nu, Ağdam şərabımızı da Ermənistana sata bilərik. Burada qeyri-adi bir şey görmürəm. Bu gün bizə lazım olan əsas məsələ iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına böyük maneə kimi qalan Ermənistan Konstitusiyasından ölkəmizə qarşı olan ərazi iddialarının çıxarılmasıdır. Yekun sülh müqaviləsi imzalanandan sonra münasibətlər normallaşacaq və  hər şey öz axarı ilə davam edəcək".

eldeniz.jpeg

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, iqtisadi əlaqələrin yaranması daha çox Ermənistanın xeyrinə olacaq. O, “Yeni Müsavat”a mövzunu şərh edərkən Azərbaycanın idxaldan asılı olduğunu vurğuladı: “Bu açıqlama gözlənilən idi. Hər iki ölkənin əsas ixrac bazarlarından biri Rusiya idi, Rusiya isə buna təzyiq vasitəsi kimi baxır. Belə bir ortamda ölkələr arasında münasibətlər bərpa olunduqdan sonra qarşılıqlı əsaslarda uyğun bazarlar yaranacaq. Sual budur ki, bu, hansı ölkə üçün daha çox divident qazandıracaq? Birmənalı şəkildə düşünürəm ki, bu, Ermənistan üçün daha effektiv olacaq. Azərbaycanın ixrac sektorunda əsas pay neft və qaza aiddir. Azərbaycanın nefti azalsa da, nefti də, qazı da satmağa yeri var. Əsas ixracı istiqamətləndirmək və Ermənistanın ehtiyacı olan  məhsulu vermək üçün Azərbaycanın digər bazarları da var. Rusiya pomidordan təzyiq aləti kimi istifadə edir, amma Ermənistanda pomidor istehsal olunur. Bu mənada Ermənistan o qədər də böyük bazar deyil. Ermənistan nefti və qazı olmayan ölkə kimi öz qeyri-neft istehsalını 53 faiz artırıb, 13 milyard ABŞ dolları həcminə çatdırıb. Bu, Ermənistan üçün çox böyük rəqəmdir. Ölkə qızıl istehsalını 3 dəfədən çox artırıb, 5,6 milyard dollarlıq qızıl ixrac edib. Gümüş ixracını 12 dəfə, zərgərlik məmulatlarının ixracını isə 80 faiz artırıb. Ermənistan hətta telefon və elektron avadanlıqlarının istehsalını və ixracını həyata keçirib, bu sahədə artım isə 25 faiz olub, 672 milyon dollarlıq məhsul ixrac edilib. Bu məhsullar Ermənistanın ixracının 63 faizini təşkil edir. Hər bir məhsul Azərbaycan bazarına daxil ola biləcək məhsuldur. Kənd təsərrüfatı sahəsinə baxsaq, meyvə-tərəvəzin ixracı 9 faizə qədər artıb, kartofun, qurudulmuş meyvənin, şərabın ixracı da artıb. Düşünürəm ki, Ermənistan Azərbaycanın idxal etdiyi meyvə-tərəvəz, spirtli içki, bəzi sənaye məhsullarını ixrac edə bilər”.

E.Əmirov diqqətə çatdırdı ki, hazırda Azərbaycan bazarlarında Mərkəzi Asiya respublikalarından idxal edilən məhsullar sürətlə artır: “Azərbaycan bazarlarında Özbəkistanda istehsal olunan elektrik avadanlıqların, qızdırıcıların və s. satışı çoxalıb. Ölkəmiz böyük ölçüdə idxaldan asılıdır. Odur ki, Azərbaycan istehsal qura bilən ölkələr üçün əla bazardır. Bu isə Ermənistan üçün böyük uduş olacaqdır”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Seçilən
31
musavat.com

1Mənbələr