AZ

Start verildi...

Zəngəzur dəhlizi reallaşır

ABŞ Ermənistana ilk tranşı ayırdı

Avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə ilə fəaliyyəti təsdliqlənən Zəngəzur dəhlizinin (TRİPP) reallaşması istiqamətində işlərə start verilib. Bu məqsədlə ABŞ Ermənistana 145 milyon dollar yardım etmək niyyətindədir. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşündə deyib ki, ayrılması nəzərdə tutulan vəsait Beynəlxalq Sülh və Rifah üçün Trampın Yol Xəritəsinin və avqustun 8-də ticarət, infrastruktur, kritik mineral tədarük zəncirləri və transsərhəd təhlükəsizliyə sərmayələrin dəstəklənməsi yolu ilə əldə edilmiş müvafiq razılaşmaların həyata keçirilməsi üçün maliyyənin birinci tranşıdır.

Ermənistanın maliyyə ehtiyacları xarici donorlar tərəfindən ödənilir...

Qeyd edək ki, İrəvana səfər etmiş ABŞ nümayəndə heyətinin əsas məqsədi Zəngəzur dəhlizi (TRİPP) layihəsini müzakirə etmək olub. Hələ ötən həftə bununla bağlı məlumat yayan Ermənistanın “Johovurd” qəzeti yazmışdı ki, səfərin gündəliyi cəmiyyətdə 42 kilometrlik “Tramp dəhlizi” proqramı ilə bağlıdır.

Səfərin reallaşması və aparılan danışıqlar isə onu göstərir ki, ABŞ dəhlizin açılması ilə bağlı siyasi iradə nümayiş etdirdiyi kimi, maliyyə yardımlarını da başladıb. Görünən budur ki, ABŞ dəhlizin Ermənistan ərazisindən keçən hissəsində infrastrukturun bərpası üçün vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə aparmaq məqsədindədir. Amerikalı nümayəndənin ayrılacaq vəsaiti “tranşın ilk hissəsi” adlandırması isə  42 kilometrlik dəhlizin inşası üçün investisiyanın yatırılmasının ABŞ-ın öz üzərinə götürəcəyindən xəbər verir. Qeyd edək ki, hələ 2022-ci ildə aparılan bəzi ilkin hesablamalarda Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun bərpası üçün 200 milyon dollar vəsaitin lazım olduğu bildirilirdi. Bir çox mütəxəssislər isə indiki halda vəsaitin daha çox gərəkəcəyini istisna etmir.

Bildirilir ki, Ermənistan üçün iki növ “hazırlıq / investisiya” lazım olacaq:

- Yerüstü logistika və infrastruktur: yollar, gömrük-keçidlər, sərhəd infrastrukturu, nəqliyyat normativlərinin uyğunlaşdırılması və s.

- Dəmiryolu bərpası / yeni xəttlərin çəkilməsi, Meğri hissəsində əvvəllər bağlanmış xəttlərin yenidən qurulması.

Maliyyə ehtiyaclarına gəldikdə isə, Ermənistan KİV-inin bununla bağlı ayrı-ayrı vaxtlarda yazdığı proqnozlara görə, Meğri hissəsində 45 km-lik dəmiryolu xəttinin bərpası üçün təxminən 200 milyon ABŞ dolları tələb olunur. Bundan başqa, Meğri-Horadiz xətti (bütövlükdə) kimi uzun məsafəli marşrutların (Ermənistan sərhədlərindən Horadizə qədər) bərpası və yeni qurulması üçün “milli sərmayə + xarici investisiya” lazım olacaq. Buna görə, Ermənistan üçün Zəngəzur dəhlizi seqmentinin tamamilə “infrastruktur + nəqliyyat + gömrük/logistika” hissəsinin hazırlanması üçün xərclərin ilk mərhələdə 1-1.5 milyard dollar olması ehtimal olunur. Daha geniş infrastrukturlar (yeni xəttlər, enerji layihələri, başqa modal komponentlər) əlavə xərclər tələb edə bilər ki, bu da proqnozlaşdırılan məbləği artıra bilər. Ermənistanın indiki iqtisadi durumu isə bu vəsaiti qarşılamaq gücündə deyil. Prinsip etibarı ilə ABŞ tərəfindən maliyyələşdiriləcək layihəyə donorluq etmək həvəsində olan bir çox fondlar və maliyyə mənbələri də var.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda imzalanan razılaşma Zəngəzur dəhlizi (TRIPP) layihəsi çərçivəsində ABŞ-a 99 il müddətinə Zəngəzur koridorunun inkişafı və idarəsi üzrə xüsusi sərmayə haqları verilməsini nəzərdə tutur.

Türkiyə yeni Şərq-Qərb kontentinin aktiv iştirakçısı kimi...

Zəngəzur dəhlizi (TRİPP) Orta Dəhliz üzərində yeni bir alternativ təşkil etməklə Şərq-Qərb kontentinin ən mühüm ticari xətlərindən birinə çevrilmək potensialını daşıyır. Bu mənada, layihə bütün region ölkələrini özünə cəlb edir - məsələn, Türkiyə bu layihənin genişlənməsi istiqamətində ciddi planlar qurur. Belə ki, 224 kilometr uzunluğa malik olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu da Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd dəmir yolu tikintisinin 67 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhədində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi inşa edəcək. Burada 150 kilometr öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaq, 20 kilometr dəmir yolu isə sıfırdan salınacaq. ABŞ-ın maliyyə dəstəyinin ilkin tranşının ayrıldığını nəzərə alsaq, 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı məsələlər də aydınlaşmaq üzrədir  - məlumatlardan bəlli olur ki, bütün hallarda qeyd edilən dəmir yolu tikintisi işlərinin eyni vaxtda tamamlanması planlaşdırılır.

Dəhlizin digər hissələrinin tikintisinin maliyyələşdirilməsinə gəlincə, “Anadolu  Ajans”ın yaydığı məlumata görə, Türkiyə hökuməti bu marşruta qoşulmaq üçün beynəlxalq maliyyə qurumlarından kredit alıb. Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi, eləcə də Yaponiyanın MUFG Bankının rəhbərlik etdiyi kreditorlar qrupu arasında imzalanmış sazişə əsasən, Ankaraya Naxçıvana dəmir yolu xəttinin çəkilməsi üçün 2,4 milyard avro (təxminən 85 milyard türk lirəsi) ayrılıb. Kredit İsveç İxrac Kredit Agentliyi, Avstriyanın OeKB bankı və İslam İnkişaf Bankı yanında İslam İnvestisiya və İxrac Kredit Sığortası Korporasiyasının zəmanətləri ilə təmin olunacaq.

Kredit danışıqları Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşəkin Londonda İslam İnkişaf Bankının təşkil etdiyi kreditorlar sammitində iştirakı zamanı baş tutub. Əldə edilən razılaşmaya əsasən, beynəlxalq kreditorlar Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsinin tikintisini maliyyələşdirəcək. Layihənin icrasına Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi rəhbərlik edəcək.

Azərbaycan işlərini özünün maliyyə vəsatiləri əsasında aparır...

Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan Zəngəzur dəhlizi təkcə regionun iqtisadi inteqrasiyası üçün deyil, həm də geosiyasi müstəvidə inkişafı üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra bu dəhlizin reallaşması məsələsi yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətin strateji planlaşdırma bacarığı nəticəsində dəhlizin Azərbaycan ərazisinə düşən hissəsində mühüm infrastruktur layihələri sürətlə həyata keçirilir.

Ən diqqətçəkən məqamlardan biri odur ki, Azərbaycan bu layihələri həyata keçirərkən heç bir xarici donordan, beynəlxalq maliyyə institutundan və ya kredit təşkilatından maliyyə vəsaiti almır. İnfrastrukturun qurulması tamamilə dövlətin öz gücü, daxili maliyyə resursları və yerli potensial əsasında reallaşdırılır. Bu, Azərbaycanın iqtisadi müstəqilliyinin, maliyyə dayanıqlığının və siyasi iradəsinin bariz nümunəsidir.

Hazırda dəhlizin Azərbaycan seqmentində həm dəmir yolunun bərpası, həm də müasir avtomobil yolunun çəkilişi sürətlə davam edir. Dəmir yolunun uzunluğu 166 kilometr təşkil edir və Horadizdən başlayaraq Meğri istiqamətinə qədər uzanır. Artıq xəttin böyük hissəsində torpaq yatağı salınıb, körpülərin inşası aparılır. Yolun istismara verilməsi ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan əraziləri birbaşa dəmir yolu xətti ilə birləşəcək.

Avtomobil yolu isə 123,6 kilometr uzunluğa malikdir. Magistral 4 və 6 zolaqlı standartlara uyğun tikilir. Yolda 19 körpü, 7 tunel və 300-dən çox yolötürücü qurğunun inşası nəzərdə tutulub. Bu yol yalnız daxili əlaqələri möhkəmləndirməyəcək, həm də Türkiyəyə quru çıxış imkanlarını genişləndirəcək.

Burada vacib bir məqamı da qeyd etmək lazımdır: Azərbaycan dövlətinin öz gücü ilə bu layihələri həyata keçirməsi ölkənin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir. Xarici maliyyə donorlarından asılı olmamaq həm layihələrin sürətini artırır, həm də siyasi riskləri minimuma endirir. Çünki beynəlxalq təcrübə göstərir ki, iri infrastruktur layihələrinə kredit ayrılarkən müxtəlif şərtlər irəli sürülür, bu da suveren qərarların qəbulunu çətinləşdirir. Azərbaycan isə özünün milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Nəticə etibarilə, Zəngəzur dəhlizinin Azərbaycan seqmentində görülən işlər yalnız infrastruktur layihəsi deyil, həm də dövlətin gücünün, iradəsinin və müstəqil siyasətinin təcəssümüdür. Azərbaycan bu yolla həm regionun gələcək iqtisadi xəritəsini formalaşdırır, həm də beynəlxalq nəqliyyat sisteminə öz töhfəsini verir.

Pərviz SADAYOĞLU

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr