AZ

Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ

BAKI, 13 sentyabr. TELEQRAF

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rasim müəllim, Ermənistanın siyasi rəhbərliyi ardıcıl olaraq sülhlə bağlı bəyanat verir. Onların bu məsələdəki narahatlığı nə ilə bağlıdır?

- Ermənistan Baş naziri Nikol Paşinyan demək olar ki, indi bütün rəqiblərini sıfırlayıb. Keçmiş prezidentlər, hərbi canilər olan Serj Sarkisyan və Robert Köçəryanın erməni cəmiyyətində olan reytinqi 1-2 faizdən artıq deyil. Bundan sonra onların erməni cəmiyyətindən dəstək qazanmaq imkanları məhduddur. Paşinyana qarşı çıxan arxiyepiskop Baqrat Qalstanyan isə həbsdədir. İş adamı olan Samvel Karapetyan da dəmir barmaqlıqlar arasındadır. Ona görə də Paşinyan hazırda özünü sülh göyərçini kimi təqdim edir. Zəngəzurdan keçən dəhlizin (Tramp marşurutu) açılması üçün isə o yardım gözləyir. Bu dəhlizin açılması üçün o Amerikadan 150 milyon dollar yardım alacaq. Ermənistanın iqtisadi vəziyyəti də Rusiya ilə gərginliyə baxmayaraq normal hesab edilir.

- Bu halda Paşinyanın gözlənilən parlament seçkilərini və konstitusiya dəyişikliyi ilə bağlı referendumu önə çəkmək ehtimalı varmı?

- İstisna edilmir ki, Paşinyan seçkiləri bir qədər önə çəksin. Misal üçün Ermənistanda gələn ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin bir qədər əvvələ, yaz aylarında keçirilməsi də mümkün görünür. Ola bilsin ki, o seçkiləri ilin əvvəlinə qədər də çəkə bilər. Əgər seçkilərin keçirilməsi 2026-cı ilin yayında nəzərdə tutulubsa, Paşinyanın onu yarım il qabağa çəkməsi də ehtimal olunur.

- Sülh prosesinə kənar təhdidlərin olduğu da deyilir. Bu təhdidlər daha çox haradan gözlənilir?

- Paşinyan ilk növbədə kənar təhdid dedikdə Rusiyanı nəzərdə tutur. Bu prosesə maneə olmaq imkanları ilk növbədə Rusiyadadır. Eyni zamanda İranın da bu prosesi əngəlləmək imkanları var.

- İranın narahatlığı nə ilə bağlıdır?

- Zəngəzur dəhlizinə (Tramp marşurutu) amerikalıların nəzarət edəcəyi İranı narahat edir. Amma buna rəğmən onların da proseslərə müdaxilə etmək imkanları məhduddur. Bu günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlama verdi ki, Gümrüdəki Rusiya hərbi bazasının bağlanması ilə bağlı müzakirə getmir. Sərhəd məsələsində isə o heç nə demir. Halbuki, Ermənistanın Türkiyə və İranla olan sərhədində rus əsgəri dayanır. Bu o deməkdir ki, Ermənistanla Türkiyə arasında münasibətlər qaydaya salındığı halda və Zəngəzurdan keçən dəhlizlə bağlı işlərə başlandıqda oradan rus səhədçiləri uzaqlaşdırılacaq.

- Zəngəzur dəhlizinin açılması ilə bağlı da Ermənistan rəhbərliyinin açıqlamaları var. Amma burada təmassız yoxlamalardan danışılır. Mexanizmlər necə ola bilər?

- Əslində bu yoxlama deyil. Bu sadəcə olaraq bir nəzarətdir. İndi hamıda biometrik pasportlar var. Sərhəddən keçəndə məhz bu pasportların yoxlanışı ilə şəxsiyyətin müəyyənləşməsi həyata keçirilir. Keçidlə bağlı hər hansı bir problem yoxdursa, bu çox rahatlıqla baş verir. Bu baxımdan Zəngəzur keçidində də distant yəni, məsafədən nəzarətin olması mümkündür.

Seçilən
46
teleqraf.com

1Mənbələr