AZ

Sabunçu kəndində müqəddəs ocaq

Abidə məscidlər müsəlman mədəniyyətinin əsas hissəsidir. Bu müqəddəs ocaqlar dini əhəmiyyəti ilə yanaşı, həm də mədəni, tarixi və siyasi dəyər daşıyır. Onlar müxtəlif ölkələrdə, xüsusən də islam dünyasında özünəməxsus yerli ənənələrlə formalaşıb. Məscidlər islam memarlığının ən gözəl nümunəsidir və müxtəlif memarlıq üslublarını özündə birləşdirir, həmçinin Quranın memarlığa təsirinin nəticəsidir. 

Məscidlər müsəlmanlar üçün ibadət yerləri olmaqla yanaşı, həm də mədəni dəyərləri qoruyur və dinin incəsənətə təsirinin nümunəsidir. İslam memarlığı özündə müxtəlif bölgələrin - Suriya, İraq, İran, Azərbaycan, Türkiyə, Misir və digər ölkələrin ənənələrini cəmləşdirir. Hər bir region isə özünəməxsus xüsusiyyətlərə malikdir.

Azərbaycan Respublikasında 2 mindən çox məscid mövcuddur. Hazırda ölkədə 400-ə yaxın məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. Həmin məscidlərdən biri də Bakı şəhərinin Sabunçu kəndində tikilərək 1897-ci ildə möminlərin istifadəsinə verilmiş Cümə məscididir. Bu məscid XIX əsrin sonlarına aid tarixi memarlıq abidəsi hesab olunur. Məscidin inşasına Məhəmmədhəsən bəy Aşurbəyov başlayıb, lakin onun vəfatından sonra oğlu neft sahibkarı Bəşir bəy Aşurbəyov bu işi tamamlayıb.

Məscidin maraqlı inşa tarixi var. Hacı Məhəmmədhəsən bəy kəndin varlı tacirlərindən və əsas torpaq sahiblərindən biri olub. O, Məkkə ziyarətinə gedərkən Sabunçu kəndindən özü ilə 10 zəvvarı da ziyarətə aparıb və onların bütün xərclərini ödəyib. Yolboyu keçdikləri şəhərlərdəki müqəddəs yerləri, böyük məscidləri görən Sabunçu ağsaqqallarından biri Hacı Məhəmmədhəsən bəyə üz tutub arzusunu dilə gətirib:

- Deyirəm, ay Hacı, kaş bizim Sabunçu kəndində də belə bir məscid olaydı. İndiki məscidimiz yaman kiçikdir. Məscidə gələnlərin sayı çoxalır, hamıya yer çatmır.

O biri zəvvarlar da ağsaqqalın fikrini təsdiq edirlər. Hacı Məhəmmədhəsən bəy elə oradaca qərar verir:

- Narahat olmayın, inşallah, sağ-salamat kəndə qayıdaq, bu arzunuzu yerinə yetirəcəyəm. Sabunçuda yeni məscid tikdirəcəyəm. Özü də indi kənddə olandan iki-üç dəfə böyük...

Bu niyyət, həqiqətən, səbəbsiz sayılmazdı: Sabunçudakı Cümə məscidini vaxtilə Hacı Məhəmmədhəsən bəyin babası, sərdar Aşur xan Əfşar inşa etdirmişdi. O zaman məscidin sahəsi yerli əhali üçün yetərli idi. Amma neft bumundan sonra burada müsəlman sakinlərin sayı getdikcə artmağa başlamışdı. Məscidə ibadətə gələnlər çoxalmışdı. Məscid isə bunun müqabilində çox kiçik idi. Hacı Məhəmmədhəsən bəy istəyirdi ki, kənddə illər əvvəl babasının inşa etdirdiyindən iki dəfə böyük bir məscid binası ucaltsın.

O, ziyarətdən qayıdan kimi sözünə əməl etmək istəyir. Amma məscidin tikintisinə icazə almaq bir qədər müşkülə çevrilir. Hacı Məhəmmədhəsən bəy məscidi indiki 3 saylı Sabunçu Şəhər Xəstəxanasının yaxınlığında tikintisi aparılan xristian kilsəsi ilə üzbəüz inşa etdirmək istəyir, amma şəhər rəhbərliyi həmin ərazidə məscid tikintisinə qadağa qoyur. Belə olduqda kənd ağsaqqalları, hörmətli, nüfuzlu insanlar, qohumlar məsləhət görürlər ki, Hacı Məhəmmədhəsən bəy bu müqəddəs ocağı Sabunçu kəndindəki qədim tarixi abidələrdən olan "Göynüz məbədi"nin qalıqları üzərində tikdirsin.

1895-ci ildə həmin yerdə məscidin təməli qoyulur. Amma arzusunun həyata keçməsini görmək Hacı Məhəmmədhəsən bəyə qismət olmur. Məscid hazır olmamış ağır xəstəlik onu yaxalayır, ölüm yatağına salır. Ömrünün son saatlarında oğlunu yanına çağırıb deyir:

- Bəşir, oğlum, hiss edirəm ki, daha sayılı dəqiqələrim qalıb. Mənimki də bura qədərmiş. Neyləmək olar, bir gün dünyaya gələn bir gün də gedəcək. Vəsiyyət yüngüllükdür. Mən də vəsiyyətimi eləmişəm, hamınız bilirsiniz. Səni isə indi ona görə çağırmışam ki, bir vəsiyyətimə də mütləq əməl edəsən. Məscid əmanəti. Kənd camaatına söz vermişəm. Onu tez bir zamanda tikdirib başa çatdır. Onda ruhum şad olacaq. Peyğəmbərimiz (s.ə.) də deyib ki, məscid tikdirənə Allah cənnətdə saray bəxş edər.

Bəşir bəyi qəhər tutur, göz yaşlarını saxlaya bilmir. Handan-hana atasının əllərindən tutub ona təskinlik verir:

- Xatircəm ol, ata. Arzunu yerinə yetirəcəyəm. Tezliklə məscidin tikintisi başa çatacaq. Amma sən də hələ vəsiyyətə tələsmə. İnşallah, tezliklə sağalıb ayağa duracaqsan. Həkimlər deyirlər ki, sağalmağına ümid kəsilməyib. Məscidi özün də görəcəksən, orada camaatla birgə namaz da qılacaqsan...

- Amma Bəşir bəy də bilirdi ki, bu ümidlər boşunadır, atası ömrünün son anlarına gəlib çatıb.

Bir müddət sonra Hacı Məhəmmədhəsən bəy ömrünü doğmalarına bağışlayıb dünyadan köçür. Təziyə mərasimlərini yola verəndən sonra Bəşir bəy atasının bütün işlərinə nəzarəti üzərinə götürür. Məscidin inşasına da xüsusi diqqət edir və tikintini tamamlayır. 1897-ci ildə Bakı kəndlərindəki tanınmış din xadimlərinin, nüfuzlu insanların iştirakı və xeyir-duası ilə bu müqəddəs ocağın açılışı olur.

Məsciddə azan verəcək müəzzin hər gün ayaqqabı ilə minarəyə çıxmasın deyə Bəşir bəy maraqlı bir addım da atır. O, məscidin qonşuluğundakı ikimərtəbəli evi satın alır. Cənubi Azərbaycandan olan və çox gözəl səsə malik Turabaxış adlı müəzzini orada yerləşdirir. Özünə də tapşırır ki, minarəyə çıxmadan gündə üç vaxt azanı elə bu evin damından səsləndirsin.

Bir müddət sonra 12-13 yaşlarında Qasım və Əkbər adında iki yoxsul yeniyetmə mədənlərdən birində fəhləlik etmək xahişi ilə Bəşir bəyə müraciət edir. O isə əvvəlcə bu çəlimsiz, aclıqdan ovurdları batmış yeniyetmələrin qarınlarını doyurur. Sonra mədəndə ağır iş altında əziyyət çəkəcəklərini bilib, onları məsciddə xidmətçi təyin edir. Allah evinə ibadətə gələn imkanlı möminlərdən də xahiş edir ki, hər dəfə imkanları çatan qədər bu gənclərə yardım göstərsinlər. O iki gənc 1930-cu illərə - bolşeviklər məscidi bağlayana qədər burada onlara verilən ianələr hesabına dolanırlar. 

Məsciddən 1937-1992-ci illərdə anbar və sex kimi istifadə olunub, lakin 1992-ci ildən etibarən təmir və bərpa işləri aparılaraq yenidən məscid kimi fəaliyyətə başlayıb. Memarlıq xüsusiyyətlərinə gəldikdə isə bu müqəddəs ocaq yonulmuş sal daşlardan tikilmişdir və ikimərtəbəlidir. İç sahəsi 16x19 metrdir, divarlarının qalınlığı 1 metr, birinci mərtəbədəki sütunların qalınlığı isə 2,5 metrdir. Yerdən günbəzədək hündürlüyü 10 metr, günbəzin diametri 6 metrdir. İki dəfə yanğına məruz qalmışdır. 1992-ci ildən etibarən məsciddə təmir-bərpa işləri aparılıb. Məscidin kitabəsində bu müqəddəs ocağın Məhəmmədhəsən bəy Aşurbəyov  tərəfindən inşa etdirildiyi göstərilib. Sabunçu xüsusi vürğulanıb. Tikən isə "Məşhədi Kazımın işidir" yazılıb. 

Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr