AZ

Ölkəmizdə yaradıcı insanlar daim diqqət mərkəzində saxlanılır

Mədəniyyət və incəsənətə dövlət qayğısı davam edir. Bu sahənin inkişafı üçün Prezident İlham Əliyev tərəfindən çoxsaylı fərman və sərəncam imzalanır, bir sıra islahatlar həyata keçirilir. Dövlət başçısının sərəncamına əsasən, mədəniyyət ocaqlarının yubileyləri təntənə ilə qeyd olunur.

Yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ardıcıl işlər həyata keçirilir. Eyni zamanda istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir. Bu günlərdə Prezident İlham Əliyevin Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak etməsi bunun bariz nümunəsidir. Dövlətimizin başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verdi. Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisinin 3 hektara yaxın olduğu bildirildi. Burada "suite" və "standart" tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq, kinoteatr, kitabxana, qapalı, eləcə də açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.

Müasir səviyyədə inşa edilmiş Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evi respublikamızda yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürüdür. Yaradıcılıq Evi onların istirahətinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

Mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinə hər zaman ehtiramla yanaşılır, onların əməyi, irsi yüksək dəyərləndirilir. Görkəmli sənət adamlarının yubileylərinin keçirilməsi, həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında sərəncamları dövlətimizin başçının mədəniyyətimizə, sənət adamlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev bildirib: "Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir - biz bu sahələrə böyük diqqət göstərməliyik".

Dövlətimizin başçısının bu münasibəti cari ildə verdiyi yubiley sərəncamlarında da əksini tapır. Prezident İlham Əliyevin bu il fevralın 3-də imzaladığı "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncamda bildirilib ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur: "Üzeyir bəy Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir bəy Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir bəy Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir".

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olub. Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 21 fevral tarixli sərəncamında qeyd olunub: "Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir".

"Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır", - Prezident İlham Əliyevin 4 aprel 2025-ci il tarixli sərəncamında vurğulanıb. Həmin sərəncama əsasən, Azərbaycan tarixində, ədəbiyyatında, mədəniyyətində silinməz izlər qoymuş qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili yüksək səviyyədə keçirilib.

Prezidentin daha bir sərəncamı ilə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili qeyd olunub.

Həmçinin bu il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun və Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illik yubileyləri qeyd edilir.

Bu il Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif  Babayevə Heydər Əliyev Mükafatı verilib. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ,  Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Fəxrəddin Manafov "Şöhrət", Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Şəfiqə Məmmədova "İstiqlal", Afaq Bəşir qızı isə "Şərəf" ordenləri ilə təltif ediliblər.

Dövlətimizin başçısının bu il aprelin 1-də verdiyi "Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında" sərəncamda bildirilib: "Adları "Qızıl kitab"a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98794 (doxsan səkkiz min yeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılsın".

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin diqqəti ədəbiyyatımızın, mədəniyyətimizin bütün dövrlərini əhatə edir. İstər klassik, istərsə də müasir sənətkarlarımız bu qayğıdan kənarda qalmır. Bu yüksək münasibət yaradıcı insanları daha da ruhlandırır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
45
azerbaijan-news.az

1Mənbələr