Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze Ukraynadan gətirilən partlayıcı heksogen maddənin oktyabrın 4-nə təyin edilmiş yerli seçkiləri pozmağa hazır olan gürcü müxalifəti üçün nəzərdə tutulduğunu istisna etməyib.
Turkustan.az xəbər verir ki, Kaladze bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Ölkəmizə və gürcü xalqına qarşı mübarizə aparan qüvvəni nəzərə alsaq, hər şey mümkündür. Biz bilirik ki, vətəni olmayan insanlar hər şeyə qadirdirlər. Onları gürcü xalqı və ya ölkənin gələcəyi maraqlandırmır. Buna görə də mən heç nəyi istisna etmirəm, amma araşdırmanı gözləyəcəyik. Bütün suallara da buna uyğun cavab veriləcək. Bir daha bildirirəm ki, mən heç nəyi istisna etmirəm”, - deyə Kaladze qeyd edib.
Qeyd edək ki, Gürcüstanın hüquq-mühafizə orqanları Türkiyədən ölkə ərazisinə yük avtomobilində 2,4 kq heksogen gətirən iki Ukrayna vətəndaşını saxlayıb.
Ölkənin Dövlət Təhlükəsizliyi Xidməti digər versiyalarla yanaşı, Ukraynadan partlayıcı maddələrin idxalı ilə müxalifətin oktyabrın 4-də, bələdiyyə seçkiləri günü hökuməti devirmək planları arasında mümkün əlaqəni nəzərdən keçirir.
Heksogen maddənin trotildən dəfələrlə güclü partlayış gücünə malik olduğu deyilir.