AZ

Su ehtiyatlarının da əhatə olunduğu “yaşıl biznes” yanaşmaları agentliyin strateji fəaliyyətində xüsusi yer tutur

ain.az bildirir, Bizimyol portalına istinadən.

“KOB-lar su ehtiyatlarından səmərəli istifadə vərdişlərinin formalaşmasında mühüm rol oynaya bilər. Ölkəmizdə fəaliyyət göstərən bizneslərin 99,7 faizini kiçik və orta sahibkarlıq (KOB) subyektləri təşkil edir, muzdlu işçilərin isə 44 faizi məhz bu müəssisələrdə çalışır. Bu göstəricilər KOB sektorunun geniş istehlakçı kütləsinin suya qənaət və səmərəli istifadə vərdişlərinin formalaşmasında əhəmiyyətli təsir gücünə malik olduğunu göstərir”.

Bizimyol.info xəbər verir ki, bunu Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı çərçivəsində təşkil olunan 6-cı Xəzər Su İnnovasiya Forumunda KOBİA İdarə Heyətinin sədrinin müşaviri Zaur Qardaşov bildirib.

Zaur Qardaşovun sözlərinə görə, KOBİA bu məsələyə həm sosial məsuliyyət, həm də bizneslərin inkişafını dəstəkləmək baxımından yanaşır: “Effektiv su idarəçiliyi təcrübələrinin tətbiqi və genişləndirilməsi istiqamətində KOB-lara dəstək göstəririk. Bu tədbirlər əsasən iki istiqaməti əhatə edir: resurslardan qənaətli istifadə edən biznes proseslərinin təşviqi və birbaşa dəstək mexanizmlərinin təmin edilməsi. Bir neçə il əvvəl beynəlxalq proqram çərçivəsində yerli və xarici ekspertlərlə birlikdə Resurs Səmərəli və Təmiz İstehsal yanaşmasının tətbiqi üzrə layihə həyata keçirdik. Nəticədə regionlarda da daxil olmaqla KOB-lardan ibarət xüsusi klublar yaradıldı, təlim və məsləhət xidməti göstərildi, metodiki vəsaitlər hazırlandı, həmçinin elektron özünüqiymətləndirmə platforması qurularaq KOBİA-nın rəsmi saytında yerləşdirildi”.

Zaur Qardaşov qeyd edib ki, su ehtiyatlarının da əhatə olunduğu “yaşıl biznes” yanaşmaları agentliyin strateji fəaliyyətində xüsusi yer tutur: “2024-cü ildə KOBİA-nın təşəbbüsü ilə dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində ‘Yaşıl biznesin idarəetmə sistemləri’ dövlət standartı təsdiq olundu. Bununla yanaşı, Ekoloji, Sosial və Korporativ İdarəetmə üzrə milli çərçivə standartı hazırlanaraq ESG-Hub elektron platforması istifadəyə verildi. Su ehtiyatlarından effektiv istifadəni təmin edən biznes proseslərinin tətbiqi istiqamətində də müxtəlif dəstək mexanizmləri təqdim edirik. 2021-ci ildən etibarən KOB-ların tədqiqat, inkişaf və innovativ fəaliyyətlərini stimullaşdırmaq üçün xüsusi qrant proqramı həyata keçirilir. Bu proqram çərçivəsində yeni yaşıl texnologiyaların tətbiqi, təkrar emal, tullantısız istehsal və su resurslarından səmərəli istifadənin təşviqi ilə bağlı layihələr maliyyələşdirilib. Hər bir layihə üzrə maliyyələşmə məbləği 20 min manata qədərdir”.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
3
bizimyol.info

4Mənbələr