Tarixi filmlər insan yaddaşının ən təsirli daşıyıcılarından biridir. Onlar bir tərəfdən keçmişin izlərini qorumağa çalışır, digər tərəfdən isə bədii təxəyyülün gücü ilə tamaşaçını təsirləndirir. Lakin burada incə bir sərhəd var - tarixi faktların qorunması ilə rejissorun bədii yanaşması arasında. Bu sərhəd çox vaxt mübahisələrə yol açır: tarix sənətin xidmətinə verilməlidirmi, yoxsa sənət tarixin?
Müsahibimiz ssenarist, kino redaktoru Nadir Bədəlov ilə söhbətimizdə məhz bu suallara cavab axtardıq.
-Nadir müəllim, tarixi filmlərdə həqiqətin qorunması ilə bədii uydurmanın tarazlığı necə təmin olunur?
-Tarixi filmlər demək olar ki, kino sənəti yaranandan çəkilməyə başlayıb. Lakin onların əksəriyyətinin tarixə ciddi bağlılığı yoxdur. Burada daha çox kino effektlərinə üstünlük verilib, nəinki tarixi hadisələrin obyektiv əksinə.
Mən tarixi çox sevirəm, tarix haqqında yazılarım olub, xüsusilə Azərbaycan tarixi ilə bağlı. Amma Azərbaycan tarixi də təcrid olunmuş tarix deyil, dünya tarixi ilə sıx bağlıdır. Bizim regionda, bu coğrafiyada böyük hadisələr baş verib və mən bütün dövrlərlə maraqlanmışam. Jurnalist və sənətşünas kimi fəaliyyətimdə də bu mövzulara çox toxunmuşam. Buna baxmayaraq, tarixi filmləri o qədər də sevmirəm. Niyə? Çünki tarixi filmlərin əksəriyyətində istisnalar xaric, tarixi hadisələr kinematoqrafik vasitə kimi istifadə olunur. Tarixi faktlar ikinci planda qalır, rejissorlar daha çox kino üçün əlverişli olan elementləri önə çəkirlər. Bu, mənim fikrimcə, düzgün deyil. Əlbəttə, istisnalar var. Kino tarixində böyük hadisə sayılan filmlər mövcuddur. Məsələn, Sergey Eyzenşteynin "Aleksandr Nevski" və "İvan Qroznı" filmləri, Devid Linin "Ərəbistanlı Lourens"i, eləcə də Akira Kurosavanın kostyum filmləri. Müasir dövrdə də maraqlı nümunələr var. Məsələn, mən yaxınlarda bir film izlədim. Bu film 1940-cı illərdə İkinci Dünya müharibəsi zamanı Auşvitsdə baş verən hadisələrə həsr olunmuşdu. Film məni çox təsirləndirdi. Çünki orada zorakılıq səhnələri demək olar ki, göstərilmir, hadisələrin dəhşəti ekranın arxasında baş verir. Biz yalnız insanların gündəlik həyatına, bir-birilərinə sevgisinə, ailə münasibətlərinə baxırıq. Onların zövqlü, estetik həyatı fonunda arxada baş verən faciələri hiss edirik. Bu isə tamaşaçıda qəribə bir günahkarlıq duyğusu yaradır: biz sanki insanlığa dəhşət yaşadan şəxslərin normal həyatından zövq alırıq. Filmin adı "Maraq Zonası"dır. Təxminən 2023 və ya 2024-cü ildə Kann festivalında "Grand Prix" mükafatına layiq görülüb. Bu da tarixi filmlərə nümunədir.
Azərbaycan kinosunda isə tarixi filmlər adətən şəxsiyyətlər üzərində qurulur. Əsas mövqeyə böyük şəxsiyyətlərin tarixi yaratdığı ideyası çıxarılır. Mən bu yanaşma ilə tam razı deyiləm. Çünki tarix canlı bir prosesdir, yalnız fərdlərin adı ilə yazılmır. Xalq, kütlə, ikinci dərəcəli şəxslər də böyük rol oynayır. Şəxsiyyətlər sadəcə öz rollarını yaxşı oynayırlar, amma tarixi yalnız onlar dəyişmir. Buna baxmayaraq, bizdə tarixi filmlərin çoxu məhz görkəmli şəxsiyyətlər üzərində qurulur ki, bu da mənim zövqümə uyğun deyil.
-Sizcə, tarixi filmlər daha çox sənət əsəri kimi dəyərləndirilməlidir, yoxsa qeyri-rəsmi "tarix dərsliyi" kimi?
-Mənim fikrimcə, tarixi filmlərdən məktəbdə və universitetdə dərs vəsaiti kimi istifadə etmək düzgün deyil. Bu, tamamilə yanlış olar. Çünki film bədii əsərdir və təxəyyülə əsaslanır. Tarixi tam şəkildə əks etdirə bilməz və yanlış təsəvvürlər yarada bilər. Başqa məsələ elmi filmlərdir - sənədli janrda çəkilənlərdən tarix dərsliyi kimi istifadə etmək olar.
-Tarixi mövzuya müraciət edən rejissorun əsas məsuliyyəti nədir - tarixə sadiqlik, yoxsa tamaşaçını cəlb etmək?
-Müasir kinematoqrafiya təcrübəsi göstərir ki, rejissorlar daha çox tamaşaçını maraqlandırmaq üçün tarixi mövzulara müraciət edirlər. Savaş filmləri, blokbasterlər, hətta melodram və ya komediyalar tarixi fon üzərində qurulur. Lakin bu zaman tarixi faktlara tam sadiq qalmaq mümkün deyil. Çünki tarix heç vaxt obyektiv yazılmayıb. Müxtəlif müəlliflərin eyni hadisəyə yanaşmaları tamamilə fərqlənir. Azərbaycanlı, rus, gürcü, erməni və ya qərbli müəllifin eyni hadisəni fərqli yozması buna sübutdur. Ona görə rejissorun faktlara tam sadiqliyi qeyri-mümkündür. Amma rejissorun edə biləcəyi ən vacib şey - dövrün ruhunu, ovqatını, düşüncəsini əks etdirməkdir. Həmin dövrdə hansı ideyaların, hansı dəyərlərin ön planda olduğunu tamaşaçıya çatdırmaq vacibdir. Tarixi filmlərdə əsas məsələ məhz budur. Yəni fakt bir qədər dəyişdirilə bilər, amma ruh saxta olmamalıdır. Məsələn, Şah İsmayıl haqqında film çəkildiyini təsəvvür edək. Hadisələr sarayın bir zalında, azsaylı obrazların iştirakı ilə də göstərilə bilər. Əsas odur ki, tamaşaçı həmin dövrün atmosferini, ruhunu hiss etsin. Təəssüf ki, Azərbaycan kinosunda bunu az görmüşəm. Daha çox kütləvi səhnələr, döyüş təsvirləri ön plandadır, amma dövrün ruhu çatdırılmır. Yalnız müəyyən istisnalar var. Məsələn, "Olmasın, bu olsun" filmində Bakı 1910-cu illərin ruhunu hiss edə bilirik. Çünki rejissor və yaradıcı heyət o dövrdə yaşamış, onu yaxşı xatırlamış insanlar idi. Azərbaycan kinosunda uğurlu tarixi filmlərə misal olaraq "Nəsimi"ni göstərə bilərəm. Həmçinin müəyyən qüsurları olsa da, "Fətəli xan" filmində də tarixi ruhu hiss etmək mümkündür.
-Bəs Azərbaycan tarixinin hansı dövrləri və şəxsiyyətləri hələ də kino vasitəsilə tamaşaçıya çatdırılmayıb və bu boşluğu doldurmaq vacibdir?
-Əsas məsələ konkret dövrlərin filmə gətirilməsi yox, həmin dövrlərin bu günlə əlaqəsinin qurulmasıdır. Əgər biz keçmişlə bu günü əlaqələndirmiriksə, belə filmlərin çəkilməsi vacib deyil. Mənim fikrimcə, vacib olan odur ki, çəkilən hər bir film, hətta müasir mövzuya həsr olunmuş əsər də tarixlə bağlı olsun.Tarix yalnız keçmişin hadisələrini canlandırmaq deyil. Tarix bugünkü həyatımızın əsaslarının qoyulduğu prosesdir. Əgər rejissor öz mövzusu ilə bu əlaqəni qura bilmirsə, uğurlu tarixi film çəkə bilməyəcək. Təəssüf ki, bizim tarixi filmlərdə bu əlaqəni çox vaxt görmürəm.
Bugünkü Azərbaycan kinematoqrafiyasının hələ böyük tarixi filmlər çəkmək gücü yoxdur. Bunun səbəbi yalnız maliyyə deyil. Mən gənc rejissorlar arasında tarixi sorğulayan, tarixi dərin şəkildə düşünən sənətkar görmürəm.
Sevda Dəniz