London, 12 sentyabr, AZƏRTAC
Polşa hökuməti Britaniyanın “BAE Systems” şirkətinin dəstəyi ilə 155 mm-lik artilleriya mərmiləri zavodu tikiləcəyini təsdiqləyib.
AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, razılaşmaya əsasən, BAE şirkəti əsas texnologiyaları və bilikləri Polşanın dövlət silah konserni PGZ-yə ötürəcək. Yeni zavodun istehsal gücünün ildə 180 min ədəd mərmi olacağı gözlənilir.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, layihə ölkənin müdafiə potensialını və NATO-nun şərq cinahındakı gücünü əhəmiyyətli dərəcədə artıracaq. Yeni müəssisədə istehsal prosesində BAE-nin Uelsdəki partlayıcı maddələr zavodunda tətbiq olunan avtomatlaşdırma üsullarından istifadə ediləcək.
Bu addım, çərşənbə günü Polşa hava məkanında Rusiya dronlarının vurulmasından sonra NATO-nun regiona əlavə qoşun və silah yerləşdirməsi fonunda atılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London