AZ

“Könüllülər hərəkatı və milli mənlik şüurunun inkişafında yeni stimul...


Azərbaycan gənclərinin könüllülük hərəkatının geniş vüsət aldığı indiki dövrdə hər bir vətənpərvər, milli mənlik şüuruna sahib gəncin bu prosesdə yer almaq istəyi və arzusu özünü parlaq şəkildə göstərir.

Gənclərimiz, xüsusilə də tələbələrimiz, ayrı-ayrı sahələrdə təmsil olan gənc nəslin nümayəndələri könüllülük hərəkatına öz töhfəsini verməyə çalışır.

Azərbaycan gəncliyi bütün dövrlərdə öz humanistliyi, vətənpərvərliyi, köməkcilliyi ilə fərqlənib, könüllü olaraq bütün sahələrə əmək verməyə çalışıblar.

Bilirik ki, son illər könüllülük hərəkatının daha geniş şəkildə yayılması üçün dövlətin iradəsi mövcuddur, könüllülük siyasəti aparılır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsindən ötən müddət ərzində ölkəmizdə bu istiqamət çox genişlənib, könüllü gənclərin sayı kifayət qədər artıb. Nəinki paytaxt Bakıda, hətta bölgələrimizdə də könüllülər fəaliyyət göstərir. Son dövrlər könüllülər mədəniyyətinin formalaşdırılması və təbliği yönündə də gənclər arasında maarifçilik işləri yüksək səviyyədə davam edir. Hər bir vətənsevər gənc özünü bu sırada görür.

Cəmiyyətimizdə könüllülərin rolu, mövqeyi xüsusilə seçilir. Ekspertlərin də dediyi kimi, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Ekseprtlər qeyd edir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Mütəxəssislərin fikrincə, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Mətbuatda gedən yazılardan, işıqlandırılan tədbirlərdən də görürük ki, bu fəaliyyətin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib.

Bu da bilinən faktdır ki, Azərbaycan gəncləri ölkəmizin milli maraqlarının keşiyində durublar, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və vətənə sadiq olmaqla, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Bunlarla yanaşı, indi Azərbaycan gəncləri müxtəlif sahələrdə, o cümlədən qanunverici, icraedici və məhkəmə orqanlarında, eləcə də özəl sektorda uğurla fəaliyyət göstərirlər. Dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir. Bu gün dövlətçiliyə və milli maraqlara sadiq fəal gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verir.

Könüllülük hərəkatı ilə bağlı Prezident İlham Əliyev çıxışlarından birində deyib: “...Xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür. Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır".

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncamı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından xüsusi önəm kəsb edir.Sərəncamda qeyd edildiyi kimi, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

Mətbuatdan oxuyuruq: “Könüllülüyün faydaları və perspektivləri çox böyük və genişdir. Könüllülük ehtiyacı olan insanlara, cəmiyyətə yardıma və milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Könüllülük insanları xoşbəxt edir, sağlamlığını yaxşılaşdıra bilir, stressi və depressiyanı azaldır, yeni tanışlıqların, dostluqların yaranmasına səbəb olur və karyeramıza böyük töhfələr verir.

Könüllülük hərəkatını gənclərsiz təsəvvür etmək mümkünsüzdür. 2020-ci ildə koronavirus pandemiyasının (COVİD-19) bütün dünyada yayıldığı dövrdə könüllü gənclərimiz dövlətimizə və xalqımıza dəstək istiqamətində “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq” və digər aksiyalarda yaxından iştirak etmişlər. Yaşlı vətəndaşlarımıza, iş yerlərini itirmiş və ehtiyacı olan ailələrə ərzaq və digər yardımların göstərilməsində operativ şəkildə fəaliyyət göstərmişlər.

Könüllülərimizin 44 günlük müharibə dövründə göstərdikləri fəaliyyət nəticəsində informasiya müharibəsində haqq səsimiz bütün dünyaya çatdırılmış, müharibə və post-müharibə dövründə şəhid, qazi və həssas təbəqədən olan insanlara maddi və mənəvi yardımlar göstərilmişdir”.

Könüllərimizin fəaliyyətini ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə çox yaxından izləmişik.

2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı da gənc könüllülərimizin qüsursuz fəaliyyəti nəinki bizi, qonaqlarımızı da məmnun etdi.

Ekspertlər deyirlər ki, könüllülük hərəkatı Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyevin də dediyi kimi: “Bugünkü könüllülər sabahın rəhbərləridir”.

Könüllük hərəkatı özünü bütün sahələrdə təcəssüm etdirir və bu bir vətənpərvərlik nümunəsidir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
4
baki-xeber.com

1Mənbələr