Son vaxtlar erməni kilsəsi ilə bağlı mövqeyinin qəti və dəyişməz olduğunu nümayiş etdirən Baş nazir Nikol Paşinyan bu günlərdə ölkə parlamentində keçirilən “Hökumət saatı”ndakı çıxışında bir daha bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq. Baş nazir erməni kilsəsini və katalikosu mənəvi dəyərlərdən uzaq olmaqda ittiham edib: “Heç bir güzəşt olmayacaq, sizə açıq deyirəm. Bundan söhbət gedə bilməz. Ktriç Nersisyan (II Qareginin əsl adı-red) getməlidir. O, nə qədər tez getsə, bir o qədər yaxşıdır. Onu heç nə xilas etməyəcək”.
N.Paşinyan bundan əvvəl də katolikosu və erməni kilsəsini bir neçə dəfə hədəfə almışdı. O, bir müddət əvvəl bildirmişdi ki, erməni kilsəsi “zibillə dolu şakaflara” bənzəyir. Paşinyan, həmçinin subaylıq andını pozan keşişlərin kilsədən qovulmasını tələb etmişdi. Baş nazirin həyat yoldaşı Anna Akopyan, öz növbəsində, patriarxı “əsas mafioz” və “ölkənin əsas pedofilləri” adlandırmışdı. Bundan sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovvanisyanın “pozğun və rəzil həyat tərzi keçirib bunu cübbə ilə ört-basdır edən” bütün keşişlərin maskasını cırmaqla hədələməsi isə hökumətlə kilsə arasında münasibətləri daha da gərginləşdirmişdi.
II Qareginin kilsədən getməsi məsələsində israr edən Baş nazirin planına görə, Qaregin kilsədən uzaqlaşdırıldıqdan sonra yeni katolikos seçilməyəcək, ancaq əvəzedici təyin ediləcək. Belə ki, II Qareginin katolikos səlahiyyətləri əlindən alınacaq, onun yerinə “Katolikos Vəkili” təyin olunacaq. Həmçinin yeni katolikos seçkiləri yalnız kilsə qanunları yeniləndikdən sonra keçiriləcək, namizədlərin mənəvi bütövlüyü və davranışları yoxlanacaq. “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputat Vaaqn Aleksanyan bildirib ki, baş nazir hələ də Eçmiədzinin mərkəzi meydanında genişmiqyaslı ruhani toplantı təşkil etmək niyyətindədir və bundan sonra II Qareginin yola salınması prosesinə start veriləcək: “Paşinyan bu ideyadan əl çəkməyib, toplantı mütləq baş tutacaq. Hazırda tarix hələ müəyyən edilməyib, lakin təyin olunanda biz bunu mütləq elan edəcəyik. Bu, çox mühüm hadisə olacaq”.
Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, müxalifətin baş nazirin hücumuna effektiv müqavimət göstərmək imkanları azdır: “Biz Paşinyandan, o cümlədən məhkəmə sisteminə misli görünməmiş təzyiqlər görürük. Hakimiyyətin istənilən əmrini yerinə yetirməyə hazır olan hakimlər var. Xüsusilə Karapetyan bununla üzləşib. Onun həbsi tam hüquqa zidd idi. Bundan əlavə, Paşinyan Qərbin razılığı ilə hərəkət edir. Onlar baş nazirin Rusiyayönlü qüvvələrə qarşı təzyiqlərinə göz yummağa hazırdırlar”.
N.Paşinyan erməni kilsəsinə və II Qareginə dəstək verən və xarici ölkələrin təhlükəsizlik xidmətləri ilə əlaqələri olan bəzi olqarxları və milyarderləri də artıq proseslərdən təcrid edib. Bir müddət əvvəl Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı həbs etmişdi. O zaman Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan TASS-a müsahibəsində bildirmişdi ki, məqsəd Rusiyanın adamının 2026-cı ildə keçiriləcək parlament seçkilərində hər hansı formatda iştirakının qarşısını almaqdır: “Samvel Karapetyan nüfuzlu adamdır, onun pulu var və o kimisə dəstəkləyə bilərdi. Məncə, Paşinyan onu bilərəkdən uzaqlaşdırıb. Bütün bunlar onun 2026-cı ildə keçiriləcək seçkilər öncəsi şəxsi ambisiyaları ilə bağlıdır”.
Bundan sonra isə “Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Tsarukyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılmışdı.
Bütün bunların fonunda revanşistlər, o cümlədən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan kimi Rusiya yönümlü qüvvələr hakimiyyət ilə erməni kilsəsi arasındakı qarşıdurmalardan istifadə edərək, Paşinyanın devrilməsi üçün planlar hazırlayırlar. Məsələ ilə bağlı Serj Sarkisyan bildirib ki, hakimiyyəti dəyişmək gündəmimizdə daim olub, bu gün də var: “Bunu etməyin düzgün və optimal yolu hökumətə, baş nazirə etimadsızlıq göstərməkdir, yəni impiçmentdir. İndi isə, sizcə, həbsxanalar dolmayıb? Ermənistan Respublikasının tarixində heç vaxt bu qədər siyasi məhbus olmayıb. Və hər şey eyni ruhda davam edərsə, bu rəqəm təbii olaraq artacaq. Təbii ki, narahatlıqlar var, lakin daimi qorxu içində yaşamaq çıxış yolu deyil”.
“Vətəndaş Müqaviləsi” Partiyasının üzvü Xaçatur Sukiasyan bir müddət əvvəl bildirmişdi ki, Ermənistanda heç kim çevriliş edə bilməz. Onun sözlərinə görə, Ermənistanda mövcud qurumlar nəhayət ki, fəaliyyətə başlayıb: “Təbii ki, müəyyən çətinliklər yaradan müəyyən bürokratiya var. Lakin müasir iqtisadiyyat tədricən də olsa, şübhəsiz ki, yaxınlaşır. İqtisadiyyat inkişaf edir və rəqəmsallaşır. Beləliklə, bu bürokratiya tezliklə xeyli azalacaq və Ermənistan inkişaf etməyə başlayacaq. Hörmətli vətəndaşlar, əmin olun, Ermənistan inkişaf etməyə davam edəcək. Onun regionda çox yaxşı münasibətləri olacaq, Ermənistanın öz qonşuları ilə münasibətləri yaxşılaşacaq. Onlar özlərini təhlükəsiz hiss edəcəklər, həm də xalq əldə edəcəyi puldan həzz alacaq, firavan yaşayacaq”.
Zahid Rza, “İki sahil”