AZ

ABŞ Zəngəzur dəhlizinə böyük pullar ayırıb - Ermənistanda proses “ölü nöqtədən” tərpənir...


ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun direktoru Brendan Henrehan Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşündə ölkəsinin Ermənistana 145 milyon dollar vəsait ayırmaq niyyətini açıqlayıb: “Bu, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu və avqustun 8-də ticarət, infrastruktur, kritik mineral tədarük zəncirləri və transsərhəd təhlükəsizliyə sərmayələri asanlaşdırmaqla əldə edilmiş müvafiq razılaşmaları həyata keçirmək üçün maliyyənin ilk tranşıdır”.

Erməni tərəfinin məlumatına görə, Qriqoryan avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərin yekunu üzrə əldə edilmiş razılaşmaları yüksək qiymətləndirib və birgə səylər nəticəsində Ermənistan və ABŞ arasında imzalanmış anlaşma memorandumları çərçivəsində ikitərəfli münasibətləri inkişaf etdirməyin mümkün olacağına ümid etdiyini bildirib. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə dair razılaşma Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında əldə olunub və avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Söhbət burada Zəngəzur dəhlizindən gedir. Prosesdə ABŞ olduqca maraqlı tərəf qismindədir. Bu fonda Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilir. Müzakirələr Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat naziri Mikayıl Cabbarovla ABŞ Dövlət Departamentinin, Konqresinin və digər yüksək rütbəli şəxslərilə keçirilən görüşlərdə aparılıb. Görüşlərdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Orta Dəhlizin potensialının artırılması da nəzərdən keçirilib. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş rəsmisi Brendan Xan Rahan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb. Görüşlərdə nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu tədbirlər, həm Zəngəzur dəhlizinin potensialının artırılmasına, həm də Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət edir. Görüşlər zamanı həmçinin təhlükəsizlik, enerji və regionda stabillik məsələləri də geniş müzakirə olunub. Bu təmaslar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin paraflanması və post-münaqişə dövrünün idarə olunması baxımından da əhəmiyyətlidir. Eyni zamanda, əməkdaşlıq perspektivləri enerji və təhlükəsizlik sahəsində, o cümlədən yaşıl enerjinin Zəngəzur dəhlizi vasitəsilə Qərbə daşınmasını da əhatə edir. Beləliklə, Vaşinqton razılaşmaları və aparılan görüşlər Azərbaycan-ABŞ münasibətlərini gücləndirir, regional sabitliyin təmin olunmasına və praktiki əməkdaşlıq imkanlarının artırılmasına xidmət edir. Mövcud vəziyyətdə ABŞ həm də Ermənistan ərazisində Zəngəzur dəhlizi ilə bağlı prosesin aktiv mərhələyə daxil olması üçün iş aparır. İndi onun çəkilişi üçün ABŞ ilk olaraq Ermənistana 145 milyon dollar vəsait ayırır. Qeyd edək ki, dəhliz məsələsi ermənistanda da ageniş müzakirə olunur. Bu fonda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizi ilə bağlı maraqlı açıqlama verib. Ter-Petrosyan “ilur.am”a açıqlamasında “Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur Nəqliyyat Qovşağı”ndan istifadəni təklif edib.O hesab edir ki, “Zəngəzur Nəqliyyat Qovşağı” ifadəsini işlətmək daha düzgün olar. Onun sözlərinə görə, Ermənistan bu marşrurutun təhlükəsizliyinə tam təminat verə bilər: “Bu məsələdə Ermənistan istər-istəməz öz strateji tərəfdaşları - Rusiya, ABŞ və İran arasında aşkar fikir ayrılıqlarına baxmayaraq, onların fəal əməkdaşlığını gözləyir”.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan isə bildirir ki, Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Nazir “Tramp yolu” layihəsi ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistana müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir. Söhbət ABŞ ilə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana səfərindən gedir: “Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan sakinləri hər gün dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər”. Papoyan əlavə edib ki, amerikalılar da gələrək durumla tanış olacaq, yerdə hesablamalar aparacaq: “Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək”. Nazir vurğulayıb ki, yolların açılması Ermənistanın “iqtisadi ciyərlər”ini də açacaq: “Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də mövcud quru sərhədlərinin 75 faizi bağlıdır”. Milli Məclisin deputatı Vüqar Bayramov da qeyd edir ki, ABŞ Zəngəzur dəhlizinin reallaşmasında maraqlı tərəfdir: “Ötən ay Vaşinqtonda imzalanan sənədlərdə də məhz bu dəhlizin reallaşması ilə bağlı ümumi istiqamətlər, hətta konkret öhdəliklər də müəyyənləşdi. Çünki ABŞ Zəngəzur dəhlizinin Ermənistan hissəsini 99 il müddətinə icarəyə götürmək niyyətindədir. Azərbaycan Zəngəzur dəhlizinin özünə aid olan hissəsini bu istiqamətdə hansısa bir maliyyə yardımı olmadan, dövlət büdcəsinin vəsaiti hesabına inşa edir, qurur”. Deputat qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır: “Ona görə də Ermənistan hissəsinin ABŞ tərəfindən icarəyə götürülməsi Azərbaycan üçün hər hansı bir risk formalaşdırmır. Əksinə, bu, Zəngəzur dəhlizinin daha qısa bir zamanda reallaşmasına gətirib çıxara bilər”.

Tahir TAĞIYEV

Seçilən
6
baki-xeber.com

1Mənbələr