AZ

Avropa Macarıstandan imtina etdi, Rusiya dərhal hərəkətə keçdi...


Enerji təhlükəsizliyi arqumenti hökumətin əlini gücləndirsə də, Aİ ilə münasibətlərdə risqlər cəmiyyətin bir hissəsini narahat edir

Avropa İttifaqının Lüksemburqdakı Ədalət Məhkəməsi Avropa Komissiyasının Macarıstanın Rusiya ilə birgə Paks Atom Elektrik Stansiyasında (AES) yeni enerji bloklarının tikintisinə maliyyə töhfəsi barədə təsdiq qərarını ləğv edib. Bu barədə məhkəmənin sentyabrın 11-də öz saytında dərc edilmiş qərarında deyilir.

Xüsusilə, məhkəmə müəyyən edib ki, Avropa Komissiyasının Budapeştin "Rosatom" müəssisələrindən biri ilə heç bir tender keçirmədən birbaşa müqavilə bağlaması Aİ standartlarına uyğun gəlmir.

"Rosatom" Avropa Komissiyasının qərarına cavab olaraq Macarıstanda Paks-2 AES layihəsinin dayanmayacağını bəyan etdi.

Bu mesaj "Rosatom"un mətbuat xidməti tərəfindən Avropa Komissiyasının Paks AES-də iki yeni nüvə reaktorunun tikintisi üçün Macarıstana dövlət yardımının təsdiqlənməsi barədə qərarının ləğvinə cavab olaraq yayılıb. Bu o deməkdir ki, Rusiya tərəfi Macarıstanın yatıra bilməyəcəyi investisiyanı özu qoya bilər.

Rusiyanın bu jestinin arxasında nələr dayanır?

Baki-xeber.com nəşrinə görə, Rusiya “Rosatom” vasitəsilə Avropa ölkələrində nüvə layihələri həyata keçirməklə uzunmüddətli enerji asılılığı yaratmağa çalışır. Paks-2 AES layihəsi ən azı 40-50 illik texniki xidmət, yanacaq təminatı və modernizasiya ilə müşayiət olunacaq. Bu, Macarıstanı strateji baxımdan Moskvanın orbitində saxlayır.

Bununla Rusiya göstərir ki, Avropa İttifaqının hüquqi və siyasi maneələrinə baxmayaraq, layihəni davam etdirməyə qadirdir. Bu, həm Brüsselə meydan oxumaq, həm də digər ölkələrə (Serbiya, Slovakiya, Bolqarıstan kimi) mesaj verməkdir ki, “Moskva tərəfdaşlıqda sabit və güzəştə gedən tərəfdir”.

"Rosatom" hazırda dünyanın ən böyük nüvə layihələri portfelinə sahibdir. Onlar üçün Macarıstanda iri layihə Avropa bazarında etibar və nüfuz məsələsidir.

Viktor Orban hökuməti uzun müddətdir Brüssel ilə qarşıdurma içindədir və Rusiya ilə enerji sahəsində sıx əməkdaşlığı davam etdirir. Paks-2 layihəsi Budapeşt üçün həm enerji müstəqilliyi, həm də ucuz elektrik təminatı deməkdir.

Rusiya investisiya qoyarsa, Macarıstan həm maliyyə yükündən qismən azad olar, həm də Moskvaya qarşı siyasi loyallığını artırar.

Aİ-nin məhkəməsi tender qaydalarının pozulduğunu əsas gətirsə də, bunun siyasi tərəfi də var. Avropa, xüsusən də Almaniya və Fransa, Qərbin enerji infrastrukturunda Rusiyanın payının azalmasını istəyir.

"Rosatom"un “layihə dayanmayacaq, pul qoyarıq” açıqlaması Brüsselə açıq bir siqnaldır ki, Rusiya hələ də Avropada iqtisadi dayaqlarını qorumağa qadirdir.

Bununla yanaşı, Rusiyanın sözügedən jesti gizli motivləridən də xali deyil. Belə ki, Orban hökuməti Avropa daxilində Rusiyaya ən yaxın aktor olaraq qalır. Moskva bu münasibətləri daha da möhkəmlətməyə çalışır.

Digər tərəfdən, Brüsselin qərarlarını heçə saymaqla Rusiya göstərir ki, Aİ daxilindəki zəif bəndlər (Macarıstan, bəzən Slovakiya) vasitəsilə öz təsirini qoruyur. Qərb sanksiyalarına və təcrid siyasətinə baxmayaraq, Moskva hələ də iri layihələrə sərmayə qoymaq iqtidarında olduğunu nümayiş etdirmək istəyir.

Bir qədər konkretləşdirsək, Rusiyanın bu jesti yalnız iqtisadi deyil, əsasən geosiyasi alətdir. Moskva həm Macarıstanı Brüsseldən daha da uzaqlaşdırmaq, həm də Aİ-yə “enerji sahəsində bizsiz keçinməyəcəksiniz” mesajını vermək istəyir.

Macarıstan daxilində bu məsələ həm siyasi, həm də ictimai müstəvidə xüsusi rezonans doğurur.

Viktor Orban və Fidesz hökuməti bu qərarı öz mövqelərinin təsdiqi kimi təqdim edəcək. Onlar deyəcəklər ki, “Brüssel əngəl yaratsa da, Moskva etibarlı tərəfdaşdır və layihə davam edəcək”. Orban artıq uzun müddətdir ki, Aİ ilə hüquq, media azadlığı, maliyyə yardımları və s. sahələrdə qarşıdurmadadır. Paks-2 məsələsi onun üçün yeni bir “anti-Brüssel” ritorikasına çevriləcək.

Hökumət izah edir ki, Macarıstanın elektrik enerjisinə tələbatı artmaqdadır və nüvə stansiyası ölkənin uzunmüddətli sabitliyini təmin edir. Bu arqument daxili auditoriyada rezonans doğurur.

Müxalifət partiyaları (xüsusən liberal və avroatlantik yönümlü qüvvələr) bu hadisəni Macarıstanın Rusiyadan strateji asılılığının dərinləşməsi kimi qiymətləndirəcəklər. Onlar deyəcəklər ki, tenderin keçirilməməsi korrupsiya risqlərini artırır və ölkənin iqtisadi maraqları təhlükə altındadır. Müxalifət vurğulayır ki, bu cür addımlar Macarıstanı Avropa strukturlarından daha da təcrid edə bilər, nəticədə ölkə Aİ fondlarından maliyyə itkiləri yaşaya bilər.

Hökumətə yaxın kütlə nüvə stansiyasını “ucuz və sabit enerji mənbəyi” kimi görür, bu qərarı dəstəkləyir. Avropayönlü elektorat isə “Macarıstanın Kreml orbitinə salınması” təhlükəsi barədə narahatdır.

Son illər enerji qiymətlərinin artması fonunda əhalinin mühüm hissəsi daha çox iqtisadi faydaya diqqət edir. Onlar üçün əsas məsələ elektrik enerjisinin ucuz və sabit olmasıdır, məsələnin siyasi tərəfi isə ikinci plandadır.

Ekoloji qruplar və bəzi ictimai fəallar AES layihəsinin təhlükəsizlik risqlərini gündəmə gətirirlər (xüsusən Çernobıl və Fukusima təcrübəsini xatırladaraq).

Orban hökuməti bu məsələdən öz legitimliyini gücləndirmək üçün istifadə edəcək, müxalifət isə “Rusiyaya bağlılıq” mövzusunu daha da qabardacaq. Enerji təhlükəsizliyi arqumenti hökumətin əlini gücləndirsə də, Aİ ilə münasibətlərdə risqlər cəmiyyətin bir hissəsini narahat edir.

Yəni Macarıstan daxilində bu hadisə əslində iki müxtəlif diskursu gücləndirir. Hökumət hesab edir ki, Rusiya etibarlı tərəfdaşdır, Brüssel isə yalnız əngəl yaradır”.

Müxalifət tərəfi isə belə düşünür ki, Orban ölkəni Aİ-dən təcrid edib, Moskvanın əlində alətə çevirir.

Akif NƏSİRLİ

Seçilən
6
baki-xeber.com

1Mənbələr