Akif Nəsirli: “Son illərdə kərə yağının qiyməti marqarinə nisbətən xeyli yüksəlib”
Rəsmi məlumatlara görə, son 4 ildə Azərbaycanda marqarindən istifadə artıb, kərə yağından istifadə isə azalıb. Belə ki, son 4 ildə marqarinin adambaşına düşən illik istehlakı 4,1 kiloqramdan 4,3 kiloqrama yüksəlib. Kərə yağının adambaşına düşən illik istehlakı isə bu dövrdə (2021-2024-cü illər) 3,8 kiloqramdan 3,6 kiloqrama düşüb.
Bu, Cənubi Qafqazın ən böyük iqtisadi imkanlarına malik Azərbaycan üçün yaxşı göstərici deyil. Kərə yağından istifadənin azalması, marqarin istehlakının artması nə ilə bağlıdır? Əhalinin gəlirləri azalıb, yoxsa kərə yağının qiymətinin artması səbəbindən belə vəziyyət yaranıb?
“Əhalinin gəlirləri artmadığı, amma ərzaq inflyasiyası yüksəldiyi üçün insanlar daha ucuz məhsula üstünlük verirlər”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini həm ölkədə kərə yağı istehsalının zəif olması ilə, həm də əhalinin gəlirlərinin aşağı olması ilə əlaqələndirdi: “Bu rəqəmlər Azərbaycanda ərzaq istehlakında sosial-iqtisadi tendensiyaları göstərir və onların arxasında bir neçə əsas amil dayanır. Problem ondadır ki, kərə yağı əsasən idxal məhsuludur və qiyməti həm dünya bazarındakı dəyişikliklərdən, həm də valyuta məzənnəsindən asılıdır. Son illərdə kərə yağının qiyməti marqarinə nisbətən xeyli yüksəlib. Bu da əhalinin daha ucuz alternativ olan marqarinə yönəlməsinə səbəb olur. Hətta əhaliyə mağazalarda 5-6 manata satılan "kərə yağı"nın da marqarin və ya digər ucuz bitki yağları olduğunu müştəri anlayır. Ancaq buna baxmayaraq, həmin yağı alır. Niyə? Çünki təbii kərə yağı almağa hər adamın imkanı çatmır. Beləcə özümüz-özümüzü aldadırıq. Rəsmi statistikada orta əməkhaqqı artsa da, real gəlirlərin (inflyasiya və gündəlik istehlak mallarının bahalaşması fonunda) artımı zəifdir. İnsanların gündəlik büdcəsinə təsir edən ərzaq səbətində qiymət amili əsas rol oynayır. Odur ki, daha ucuz məhsul olan marqarinə tələbat artır. İstehsalçılar və marketlər marqarini daha çox təklif edir, çünki saxlanma müddəti uzun, maya dəyəri aşağıdır. Kərə yağı isə bahalı və tez xarab olan məhsuldur. Buna görə də satış şəbəkələrində payı daha azdır. Qida seçimində əhali daha çox qiymətə diqqət yetirir, sağlamlıq və keyfiyyət məsələsi isə çox vaxt prioritet olmur. Halbuki, kərə yağı marqarinə nisbətən daha təbii və sağlam məhsul hesab olunur. Yəni kərə yağının istehlakının azalması, marqarinin isə artması əsasən qiymət amili ilə bağlıdır. Əhalinin gəlirləri artmadığı, amma ərzaq inflyasiyası yüksəldiyi üçün insanlar daha ucuz məhsula üstünlük verirlər. Bu tendensiya iqtisadi imkanları daha geniş olan ölkə üçün əlverişli göstərici deyil, çünki əhali keyfiyyətdən çox qiymətə yönəlir”.
Vidadi ORDAHALLI