AZ

Ağciyər Xəstəlikləri Mərkəzi tabeliyində olan Doğum Evinin fəaliyyəti yenidən təşkil edilib


TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Doğum Evi müasir tələblərə uyğun şəkildə yenidən təşkil edilərək istifadəyə verilib. Baki-xeber.com xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və aidiyyəti struktur bölmə rəhbərləri Doğum Evinin fəaliyyəti ilə tanış olub.

Doğum Evinin fəaliyyəti haqqında məlumat verən Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki, müasir tələblərə uyğun yenidən qurulan tibb müəssisəsi keyfiyyətli və ixtisaslı tibbi xidmətlərin göstərilməsi üçün tibbi avadanlıqlarla təchiz olunub, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən hamilələrin diaqnostikası, müalicəsi və doğuşu üçün bütün zəruri şəraitlə təmin olunub.

Tibb müəssisəsində vərəmə yoluxan və ya bu xəstəliyə yoluxmaqda şübhəli hesab edilən hamilələrin sağlam körpə dünyaya gətirməsi üçün observasiya zonası yaradılıb.5 min (4 364) kvadratmetr sahəni əhatə edən ikimərtəbəli tibb müəssisəsində iş prosesinin səmərəli təşkili, xəstələrə qulluğun yüksək səviyyədə təmin edilməsi üçün müasir şərait yaradılıb.

Doğum evində əməliyyat, prosedur və doğuş otaqları, habelə 30 çarpayılıq Ginekologiya, 5 çarpayılıq Anesteziologiya və reanimasiya şöbəsi tam müasir tələblərə uyğunlaşdırılıb və hər bir yataq havalı döşəklə təmin edilib.
Cərrahiyyə blokunda əməliyyat, əməliyyata hazırlıq və ayıltma otaqları, Doğum şöbəsində doğuş otağı və doğuşahazırlıq palatası yaradılıb.

Cərrahiyyə bloku və Doğuş otağı, Reanimasiya otağı və palatalar müasir tibbi avadanlıqlarla, o cümlədən anesteziya, süni ventilyasiya cihazları, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrillyator, monitor kompleksləri, portativ rentgen, USM cihazları və digər avadanlıqlarla tam təchiz edilib.

Yenidoğulmuşların intensiv terapiyası və reanimasiyaşöbəsində yerləşən palatalarda normativlərə uyğun bütün şərait yaradılıb. Eyni zamanda ana südü ilə qidalanmanın təbliği məqsədilə tibb müəssisəsində Ana və uşaq otağı yaradılıb.

Pasiyentlərin günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrinin aparılması üçün şərait yaradılıb. Tibb müəssisəsində Aptek, Qeydiyyat, Texniki dəstək bölmələri ilə yanaşı, qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr ayrılıb.

Doğum evi yüksək sürətli internet şəbəkəsi və müasir kompüter avadanlıqlarla təchiz olunub, tibbi xidmətlərin elektronlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb. Bu imkanlar tibb personalının işini asanlaşdırmaqla yanaşı, pasiyentlər üçün də təhlükəsiz mühit yaradır.

Doğum evinin istifadəyə verilməsi ana və uşaq sağlamlığının qorunması, vərəmin qarşısının alınması və sağlam cəmiyyətin formalaşdırılması istiqamətində mühüm addımdır.
Günel CƏLİLOVA

Seçilən
13
9
baki-xeber.com

10Mənbələr