AZ

Paşinyan Zəngəzur dəhlizinin adını "TRIPP infrastrukturu" qoydu...


Xaqani Cəfərli: "Azərabycanın əsas hissəsini Naxçıvanla və Türkiyə ilə birləşdirən yolun necə adlandırılmasının heç bir əhəmiyyəti yoxdur"

Parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Vaşinqtonda keçirilən danışıqlarda Ermənistan və Azərbaycan ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və sərhədlərin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını bir daha təsdiqləyiblər.

"Bundan belə nəticə çıxır ki, Ermənistan Respublikasının ərazisində yalnız o marşrutlar və ya kommunikasiyalar mövcud ola bilər ki, onlar haqqında qərarlar müstəsna olaraq Ermənistan tərəfindən qəbul edilir və razılaşmalar əldə olunub və ya müzakirə olunur”, - Paşinyan vurğulayıb.

O, Ermənistan ərazisində “TRIPP” adlı infrastrukturun fəaliyyət göstərəcəyinə dair imzaladığı sənədlərin surətlərini göstərib. Paşinyan qeyd edib ki, bu sənəddə ABŞ və Azərbaycan prezidentlərinin də imzaları var.

"TRIPP erməni-amerikan gündəmində olan məsələdir" .

Paşinyan Zəngəzur dəhlizini "TRİPP infrastrukturu" adlandırıb və qeyd edib ki, ABŞ-la müzakirə olunan TRIPP layihəsi gündəmdədir. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasındakı kommunikasiya xətlərinin birləşdirilməsi vacibdir.

Ekspertlər hesab edir ki, Zəngəzur dəhlizini Paşinyanın necə adlandırmasından asılı olmayaq o dəhliz açılacaq. Ekspertlərin fikrincə, əsas odur ki, Azərbaycanın Zəngəzur dəhlizi layihəsi gerçəkləşəcək, onun adının necə olması işə mane ola bilməz. Ekspertlər qeyd edir ki, Azərbaycanda, türk dünyasında, region ölkələrində bu, Zəngəzur dəhlizi adı ilə tanınır. 8 avqust ABŞ razılaşmalarından sonra "TRİPP", yaxud “Tramp yolu” adı gündəmə gəlib.

"Əsas olan bu yolun açılması və işlək olmasıdır"

Politoloq Xaqani Cəfərli "Bakı-Xəbər"ə bildirdi ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış sənədə əsasən Azərbaycanda “Zəngəzur dəhlizi” olaraq adlandırılan yol “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP)” adlandırıldı: "Ermənistan Baş naziri də bu fakta istinad edir. Qənaətimcə, bu mövzu ətrafında yersiz müzakirə və mübahisələr Azərbaycana heç bir fayda verməyəcək. Əksinə, Azərbaycana zərər verə bilər. Azərbaycan daima imzaladığı saziş və müqavilələrə, beynəlxalq öhdəliklərinə əməl etməsi ilə fərqlənib".

Politoloqun qənaətinə görə, bu siyasəti davam etdirmək, ABŞ-ın Azərbaycanın və bütün Cənubi Qafqazın inkişafına verə biləcəyi töhfədən maksimum yararlanmaq lazımdır.

"Çini yoxsuluqdan xilas edərək inkişaf etmiş ölkəyə çevirmiş Den Syaopinin gözəl bir sözü var. Deyir ki, pişiyin hansı rəngdə olması önəmli deyil. Əsas olan odur ki, soçovulları ovlaya bilsin.

Azərabycanın əsas hissəsini Naxçıvanla və Türkiyə ilə birləşdirən yolun necə adlandırılmasının heç bir əhəmiyyəti yoxdur. Əsas olan bu yolun açılması və işlək olmasıdır"-deyə X.Cəfərli bildirdi.

İradə SARIYEVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr