AZ

Vitse-prezident vətənə xəyanətdə ittiham olunur

Cənubi Sudan ədliyyə naziri Cozef Geng Akeç, birinci vitse-prezident Riek Maçarın da aralarında olduğu 21 nəfərin “vətənə xəyanət, terror və insanlığa qarşı cinayətlər” kimi ittihamlarla mühakimə olunacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatın məlumatına görə, nazir Akeç bu mövzu ilə bağlı paytaxt Cubada mətbuat konfransı keçirib.

Akeç bildirib ki, vitse-prezident Riek Maçarın da daxil olduğu 21 nəfər “qətl, sui-qəsd, terror, vətənə xəyanət, dövlət əmlakını dağıtmaq və insanlığa qarşı cinayətlər”də ittiham olunacaq.

Nazir qeyd edib ki, məhkəmə prosesləri şəffaflıq naminə yaxın günlərdə mətbuata açıq keçiriləcək və vətəndaşlar da iclaslarda iştirak edə biləcəklər.

Akeç vurğulayıb ki, istintaq komissiyası işini peşəkar şəkildə tamamlayıb və bu iş siyasi yox, cinayət xarakteri daşıyır.

Ədliyyə naziri “Bu iş artıq hüququn qarşısındadır” ifadəsini işlədərək əlavə edib:

“Cənubi Sudan xalqına, silahlı qüvvələrimizə və humanitar yardım işçilərinə qarşı cinayət törədənlər tutduqları vəzifədən asılı olmayaraq cavab verəcəklər. Qurbanlar və ailələri ədaləti haqq edirlər, hökumətimiz bu vədi yerinə yetirəcək”.

Fevral ayında əsasən Cənubi Sudan birinci vitse-prezidentinin mənsub olduğu Nuer qəbiləsindən təşkil olunan “Ağ Ordu” adlı silahlı dəstə ölkənin şimalındakı Yuxarı Nil əyalətinin Nasir şəhərini ələ keçirmişdi.

Bundan sonra Maçarın rəhbərlik etdiyi Sudan Xalq Azadlıq Hərəkatı–Müxalifət (SPLM-IO) təşkilatının bir neçə generalı və naziri saxlanılmışdı. Ardınca, 26 martda Maçar ev dustaqlığına alınmışdı.

Ölkədəki gərginliklərdən sonra Prezident Salva Kiir Mayardit 7 martda xalqı sakitliyə çağıraraq “Ölkəmizin yenidən müharibəyə qayıtmasına imkan verməyəcəyik. Bu böhranı hökumət olaraq biz həll edəcəyik” demişdi.

Türkiyə, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Çin, Norveç, Polşa, İspaniya, Malayziya, Avstriya kimi ölkələr də Cənubi Sudana səyahət xəbərdarlığı etmişdi.

Seçilən
1
cebheinfo.az

1Mənbələr