İspaniya hökuməti bütün ölkə üzrə məktəblərdə şagirdlərə təbii fəlakətlər zamanı necə davranmağı öyrədən dərsləri məcburi edir. Yeni tətbiq edilən bu proqram, daşqınlar, zəlzələlər, meşə yanğınları və hətta vulkan püskürmələri zamanı uşaqların düzgün reaksiya verməsini təmin etməyə yönəlib.
AzEdu.az xarici mediaya istindən xəbər verir ki, İspaniyanın Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən proqram 2025–2026-cı tədris ilindən etibarən 8 milyondan çox şagirdi və 25 minə yaxın məktəbi əhatə edəcək. Rəsmi məlumatlara görə, dərslər şagirdlərin yaşına uyğun şəkildə tərtib olunacaq. “Fəlakətlərə qarşı hazırlıq təkcə böyüklər üçün deyil. Uşaqlar da bu cür hallarda necə hərəkət etməli olduqlarını bilməlidirlər,” - deyə hökumət nümayəndəsi qeyd edib.
İbtidai siniflərdə şagirdlərə təhlükə siqnallarını tanımaq, təxliyə marşrutlarını yadda saxlamaq və sadə təhlükəsizlik davranışları öyrədiləcək. Yuxarı siniflərdə isə daha kompleks fövqəladə hallar planları və real simulyasiya təlimləri keçiriləcək.
Hər bir şagird üçün dərs ilində minimum 2-4 saat bu mövzuya həsr olunacaq. Müəllimlər və məktəb heyəti də xüsusi təlim proqramlarından keçəcəklər. Bundan əlavə, bölgə hökumətləri özlərinə xas riskləri nəzərə alaraq dərs proqramına əlavə və dəyişikliklər edə biləcək. Məsələn, vulkan təhlükəsi olan Kanar adalarında bu mövzu daha geniş şəkildə öyrədiləcək. Yeni tədris proqramı iqlim dəyişikliyi səbəbilə artan təbii fəlakətlər fonunda cəmiyyətin dayanıqlılığını artırmaq məqsədi daşıyır.