BAKI, 12 sentyabr. TELEQRAF
Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Azərbaycanla Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar, sülh sazişinin paraflanmasından sonra geri dönməz bir proses başlayıb. İrəvandan da bu günlərdə sülhlə bağlı müsbət mesajlar verilir. Bu halda prosesin nisbətən daha tez yekunlaşması ehtimalını necə dəyərləndirirsiniz?
- İndi elə bir proses başlayıb ki, artıq bunun qarşısını almaq mümkün deyil. Yeni bir reallıq yaranıb və elə bir geosiyasi mənzərə formalaşıb ki, bu aktiv fəaliyyət, dəyişikliklər tələb edən addımların atılmasını tələb edir. Eyni zamanda dünyada gedən proseslər ona dəlalət edir ki, müsbət istiqamətdə cərəyan edən məsələləri qoruyub saxlamaq lazımdır. Çünki bu gün problemli məsələlər, siyasi sifarişlər, böhtanlar gündəmdən çıxmayıb. ABŞ ətrafında baş verənlər, Rusiya-Ukrayna müharibəsinin kəskinləşməsi, Yaxın Şərqdə baş verən proseslər onu göstərir ki, dünya heç də bu regionun inkişaf etdiyi istiqamətdə getmir. Faktiki olaraq bu gün Azərbaycanın gördüyü işlər kənar təsirləri neytrallaşdıra bilib. Amma bunun fonunda Ermənistan birbaşa zamandan asılı vəziyyətdədir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Ermənistan ev tapşırığını icra etməlidir. Rəsmi İrəvan bu işləri Azərbaycanın yaratdığı yeni reallıq çərçivəsində edə biləcəksə, bu onlar üçün faydalı olacaq.
- Sülh üçün əsas təhdidlər nədən ibarətdir?
- Ermənistan daxilində hələ hansı qüvvələrin baş qaldıracağı ilə bağlı dəqiq məlumatlar yoxdur. Onların nə edəcəkləri, kimi siyasi səhnəyə gətirəcəkləri ilə bağlı ciddi suallar var. Bütün bunlara rəğmən bu saat bütün iqtisadi, siyasi, geosiyasi üstünlüklər Azərbaycanın Vaşinqtonda imzaladığı sənədlərin tərəfindədir. Bu sənədlərin reallaşması üçün Ermənistan təbii olaraq aktivlik göstərməlidir. Çünki bu Ermənistan üçün xeyirli və vacib olan məsələdir.
- Vaşinqton razılaşmalarına qarşı əsas arqumentlər hansılardır?
- 8 avqustun razılaşmaları regionda olan məsələləri ondan öncə və ondan sonra baş verən hadisələrə bölüb. Hazırda belə bir xətt müşahidə edilir. Bu xətt isə regionda mövcud olan qüvvələri proseslərə yeni yanaşma ilə münasibət sərgiləməsini tələb edir. Bunu hamı başa düşür, dərk edir. Azərbaycan isə bütün kənar təsirləri neytrallaşdıra bilib. Ölkəmiz müstəqil və suveren siyasət həyata keçirir. Beynəlxalq münasibətlər sistemində bəlkə də Azərbaycan özünün müstəqilliyini, suverenliyini təmin edən ölkələrdin biri kimi xarakterizə olunur. Ermənistan isə hazırda bir dövlət kimi formalaşma prosesindədir. Bu ölkədə seçkilərin keçirilməsi, konstitusiyanın dəyişdirilməsi və hazırkı iqtidarın hakimiyyətdə qalmaq məsələsi var. Eyni zamanda bu ölkənin içərisində üçüncü qüvvə və onun hərbi bazası mövcuddur. Faktiki olaraq bu gün Ermənistan ərazisindəki dəmir yolları belə onun özünə məxsus deyil. Bütün bunlar isə açıq qalan suallardır. Ona görə də mümkün təhdidlər Ermənistanda daha qabarıq görsənir. Hazırkı geosiyasi konyuktura bu regionun xeyrinə olduğuna görə ermənilər bundan faydalanmalıdır. Bunun əksinə növbəti dəfə vaxtı uzadacaqlarsa, uduza bilərlər.