AZ

Klubun birinci şəxsi: “Mən heç kimi qınamıram, onlara “yox” deyə bilmərəm”

Məlum olduğu kimi, II Liqada yarışan «Dinamo»da şok hadisə baş verib.

«Polislər»in 7 aparıcı futbolçusu «Xankəndi» ilə matçdan (0:4) öncəki gün düşərgəyə gələrək, buradan ayrılmaq niyyətində olduqlarını bildiriblər.

Bunlar Şahin Əliyev, Əli Məmmədzadə, Əlibala Ağayev, Uğur Sayılı, Aqil Hüseynzadə və Tərlan Veysəllidir.

Onlar həm I, həm də II Liqadan sərfəli təkliflər aldıqlarını deyərək, müqavilələrinin ləğv olunmasını istəyiblər.

Vəziyyətin çətinliyinə baxmayaraq, klubun İdarə Heyətinin sədri Yaşar Seyidov təmkinini yenə qoruyub.

Təcrübəli funksioner getmək fikrinə düşənlərin ailə durumunu nəzərə alaraq, heç birinin ürəyini qırmayıb, komandadan ayrılmalarına şərait yaradıb.

«Dinamo» Binədə keçirilən matçda öz akademiyasının yetirmələrinə etimad göstərib. Gedənlərin yerinə 10-a yaxın yeniyetmə və gənc sifariş ərizəsinə daxil edilib.

Heyətdəki bu qədər itkiyə rəğmən, «Dinamo» çempionluğa iddialı rəqibinə asanlıqla təslim olmayıb. Debütant yalnız ikinci hissədə vurduğu qollarla 3 xal qazana bilib.

Seyidov bu hadisəylə bağlı Sportinfo.az-a açıqlama verib. İllərini futbola vermiş təcrübəli funksioner deyib:

“Mən heç kimi qınamıram. Bu gün çətinliklər hər yerdə var.

Futbolçulargəlib vəziyyəti bu cür izah edirsə, mən onlara «yox» deyə bilmərəm. Amma əsas odur ki, klubumuzda sistem mövcuddur.

İllər öncə akademiya qurmuşuq, oradan gələn futbolçularımız var. Aşağı yaş qruplarında yetişən uşaqlarımızı da Azərbaycana tanıdacağıq.

Akademiyamızda potensiallı gənclər çoxdur, ona görə də qətiyyən ruhdan düşmürük. Gələcəyə nikbin baxırıq.

Əsas məqsədimiz yenə də İkinci Liqada qalmaqdır. Çalışacağıq ki, bu gənclərlə çempionatda yerimizi qoruyub saxlayaq”.

Seçilən
15
sportinfo.az

1Mənbələr