AZ

Azərbaycan TDT dini liderlərinin VI toplantısında təmsil olunub  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI toplantısında iştirak etmək üçün sentyabrın 10-11-də Qırğızıstan Respublikasında səfərdə olub.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, görüş iştirakçılarına Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. Bildirib ki, Qırğız Respublikası ilə bizi müştərək dəyərlər bağlayır. Türk dünyasının şah əsəri, Qırğız xalqının tarixi qəhrəmanlıq eposu – Manas dastanı, İmam Siracuddin əl-Oşi, İmam Saraxsi kimi din alimləri və digər tanınmış şəxsiyyətləri Şərqin, Mərkəzi Asiyanın, türk-islam irsinin təşəkkülünə səbəb olub.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini-mənəvi dəyərlərə və türk kimliyinə daim sadiq qaldığını vurğulayan QMİ sədri bildirib ki, TDT məkanında müsəlman dini liderlərin birgə əməkdaşlığı, məşvərət və məsləhətləşmələri türk-İslam birliyinin güclənməsinə xidmət edir. O, bu çərçivədə dövlət başçılarının qərar və ideyalarının dünya ictimaiyyətinə çatdırılmasının dini liderlərin əsas vəzifələrindən biri olduğunu qeyd edib. A.Paşazadə türkdilli ölkələrin dini-mənəvi mühitinə xarici müdaxilələr, islamofobiya, türkofobiya, separatçılıq və dini dözümsüzlük kimi təxribatların qarşısının alınmasının din xadimlərinin vətəndaşlıq və mənəvi borcu olduğunu vurğulayıb.

Sonra Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulı, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş və Özbəkistan müftisi Nuriddin Xoliknazarov çıxış ediblər.

TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI iclasında Bişkekdə Fətva Şurasının iclasında müzakirə edilmiş sənədlər qəbul olunub. Şura üzvləri tərəfindən “İslamda ümmətin vəhdəti” adlı sənəd, “İqlim dəyişiklikləri ilə mücadilə, Ətraf mühitin qorunması və Ekoloji balansın qorunmasına dair beynəlxalq çağırış” imzalanıb. Şuranın növbəti iclasının Azərbaycanda keçiriləcəyi təsdiq və elan olunub.

İclas “İmam Siracəddin əl-Oşi və onun islam elmlərinə töhfəsi” mövzusunda beynəlxalq elmi-nəzəri konfransla öz işini davam etdirib. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Ceyhun Rüstəmov çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A.Paşazadə Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Əbdüləziz Zakirov ilə də görüşüb.

Seçilən
44
azerbaijan-news.az

1Mənbələr