AZ

Su problem kəskinləşir: Necə həll etməli? KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elçin Bayramlı

Dünyada və ölkəmizdə içməli su problemi getdikcə kəskinləşir. Quraqlığın artması, çay və göllərin, bulaqların quruması içməli su ehtiyatlarının azalmasına səbəb olur. Paralel olaraq, su istehlakı kəskin şəkildə artır, su ehtiyatlarına təzyiq güclənir və xüsusilə içməli su mənbələri üzərində böyük yük yaranır. Bu sahədə əsas məsuliyyət əhalinin gündəlik tələbatından çox, sənaye və aqrar təsərrüfatın (ümumi su istehlakının 97 faizi) üzərinə düşür.

Azərbaycan BMT-nin məlumatlarına əsasən içməli su problemi olan ölkələr sırasındadır. Ölkəmizdə əraziyə və əhaliyə nisbətdə su ehtiyatlarının həcmi çox aşağıdır və regionda ən aşağı göstəricilərdən birinə malikdir.

Dünya Bankının 2017-ci ildə hazırladığı hesabata əsasən, Azərbaycan ümumi su ehtiyatlarına görə 170 ölkə arasında 105-ci, daxili su ehtiyatlarına görə isə, 140-cı yerdədir. Dünya Resursları İnstitutunun məlumatına əsasən, keçmiş SSRİ-in 4 respublikasında su qıtlığı müşahidə olunur – Azərbaycan, Özbəkistan, Moldova və Türkmənistan.

Ümumi su ehtiyatlarımız təqribən 25 milyard kubmetr ətrafında qiymətləndirilsə də, bəzi quraq illərdə bu 17 milyard kibmetrə qədər azalır. İstifadə oluna bilən həcm 10–12 milyard kubmetr arasında dəyişir.

Su ehtiyatlarımız Gürcüstandan 6 dəfə, Ermənistandan 2 dəfə azdır. Üstəlik, mövcud su ehtiyatlarımızın təxminən 70%-i xarici mənbələrdən formalaşır ki, bu da ciddi strateji təhlükə yaradır. Buna görə də ölkədə suyun qənaətli və effektiv istifadəsi təmin olunmalıdır. Məsələn, Sovet dövründə sənaye müəssisələri texniki sudan istifadə edirdi. İndi isə müəssisələrin 90%-i içməli sudan yararlanır ki, bu, olduqca mənfi haldır. Xüsusilə Abşeron yarımadasında su mənbələri olmadığından su uzaq məsafələrdən böyük xərclərlə gətirilir və çox vaxt səmərəsiz xərclənir.

Sənaye müəssisələri texniki su ilə təmin edilməli, eyni zamanda tullantı sularının təmizlənərək yenidən istifadəsi sistemi qurulmalıdır. Aqrar sektorda da suyun israfının qarşısını almaq vacibdir.

Yeyinti sənayesi də çox su sərf edir. Məsələn, ən çox su sərf edən sahələrdən biri broyler fabrikləridir ki, bu sahəyə ciddi nəzarət olunmalıdır. Bundan əlavə, kənd təsərrüfatında suvarmada innovativ texnologiyalar tətbiq edilməlidir. Məsələn, damcılı, çiləmə suvarma üsulları ənənəvi suvarmadan 4–5 dəfə az su sərf edir və daha qənaətlidir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müasir suvarma sistemlərinin güzəştli şəkildə satışı həyata keçirilir. Hazırda müasir suvarma sistemlərinin 40 faiz ödənişi dövlət tərəfindən ödənilir. Müraciət edən şəxslər 40 faiz güzəştlə həmin sistemləri ala bilərlər.

Eyni zamanda, kanalizasiya sularının təmizlənərək texniki su kimi istifadəsi, yeraltı su ehtiyatlarının istifadəsi, yeni su ambarlarının yaradılması və dəniz suyunun şirinləşdirilməsi kimi tədbirlər də genişləndirilməlidir. Beləliklə, həm əlavə su mənbələri formalaşdırılmalı, həm də mövcud resurslar qorunmalıdır.

Digər mühüm məsələ isə mövcud suvarma sisteminin yenilənməsidir. Hazırda ölkədə ümumi uzunluğu 50 min kilometrdən çox olan suvarma kanallarının 90%-i torpaq kanallardır. Bu isə ötürülən suyun böyük itkilərə məruz qalmasına səbəb olur: bir hissəsi torpağa sızır, digər hissəsi isə buxarlanır. Ona görə də torpaq kanallar mərhələli şəkildə beton və ya boru kanallarla əvəz olunmalıdır. Boru kanalları daha səmərəlidir, çünki burada nə sızma, nə də buxarlanma baş verir.

Rəsmi statistikaya görə, 2023-cü ildə Azərbaycanda istehlakçılara ötürülən ümumi suyun 42%-i ya uçota alınmayıb, ya da texniki səbəblərlə itib. Bakıda isə bu göstərici daha da yüksəkdir– 45%. Bu da dünya üzrə rekord göstəricidir. Halbuki beynəlxalq standartlara görə su itkisi 4–5%-dən artıq olmamalıdır. Burada həm obyektiv (buxarlanma, torpağa sızma, qəza itkiləri və s.), həm də subyektiv (israf, korrupsiya və s.) səbəblər mövcuddur. Bu səbəbdən ölkədə kompleks dövlət proqramı hazırlanmalı, əlavə su mənbələri yaradılmalı, sudan effektiv istifadə təmin edilməli, müasir texnologiyalar tətbiq olunmalıdır.

Suvarma sistemlərinin yenidən qurulması, sənaye müəssisələrinin texniki su ilə təmin olunması və tullantı sularının təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki yaxın gələcəkdə qlobal quraqlıq və içməli su çatışmazlığı daha da kəskinləşəcək. Əgər indidən sürətli və kompleks tədbirlər görülməzsə, ölkənin su təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və ümumilikdə iqtisadi təhlükəsizliyi ciddi risk altında qalacaq.

Su təsərrüfatının idarə olunmasında köklü islahatlara, müasir yanaşmaya və dövlətin strateji proqramına böyük ehtiyac var. Əks halda yaxın illərdə vəziyyət daha da ağırlaşa bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
sesqazeti.az

1Mənbələr