AZ

Ölkədə ilk dəfə: Süni intellektlə hazırlanan nazir

Albaniyanın Baş naziri Edi Rama yeni kabinetində süni intellektlə hazırlanmış virtual bir nazirin yer aldığını elan edib. 

"Cebheinfo.az" xəbər verir ki, may ayında keçirilən seçkilərdə ardıcıl dördüncü dəfə qələbə qazanan Baş nazir Edi Rama vəzifədə olacaq nazirləri təqdim edib. Kabinetdə yeni adlar və keçmiş nazirlərin yeni vəzifələrə gətirilməsi ilə yanaşı, ən çox diqqətçəkən açıqlama süni intellektlə hazırlanmış rəqəmsal xidmətin kabinetə daxil edilməsi olub. 

Rama bildirib ki, yanvar ayından etibarən Albaniyanın E-hökumət platforması E-Albania vasitəsilə istifadəçilərə dəstək göstərən “Diella” adlı rəqəmsal asistent dövlət tenderlərinə nəzarət və korrupsiyanın qarşısının alınması məqsədilə nazir vəzifəsinə təyin olunub:

“Diella fiziki olaraq mövcud olmayan və süni intellekt vasitəsilə virtual şəkildə yaradılan ilk kabinet üzvüdür”. 

O, adının alban dilində “Günəş” mənasını verən Diellanın Albaniyanın dövlət tenderlərinin 100 faiz korrupsiyadan təmizlənməsinə kömək edəcəyini vurğulayıb. Maraqlı xarakteri ilə tanınan Albaniya lider əlavə edib ki, Diella dövlət tenderlərinə dair bütün qərarlarda səlahiyyətli olacaq və bununla da tender prosesi tam şəffaf şəkildə həyata keçiriləcək. 

Ənənəvi alban geyimində qadın obrazı kimi təsvir edilən Diella indiyədək e-Albania rəqəmsal platformasında 36 min 600 sənədin hazırlanmasına və təxminən minə yaxın xidmətin göstərilməsinə yardım edib. Albaniya hökuməti Diellanın fəaliyyətinin insan nəzarətinə tabe tutulub-tutulmayacağı barədə hər hansı detal açıqlamayıb. Rəqəmsal süni intellekt asistentinin manipulyasiya risklərinə dair də heç bir qiymətləndirmə təqdim edilməyib. 

Seçilən
3
cebheinfo.az

1Mənbələr