AZ

Şəhid Vəkil Qayıbov 33 il sonra Qəbələdə dəfn olundu – FOTO/VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşən, Qəbələnin Qəmərvan kənd sakini, şəhid Vəkil Qayıbovun nəşi doğulduğu kəndə gətirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qayıbovlar ailədə beş uşaq olub - iki oğlan, üç qız.
 

Vəkil ailənin ilk övladı olub. Ata-anasının, ailənin əsas yükünü çiyinlərinə götürməyə çalışıb. Birinci Qarabağ müharibəsinin qızğın dövründə, yəni 1992-ci ildə təhsil aldığı Bakı Ticarət Texnikumunu yarımçıq kəsərək cəbhəyə yollanıb.


Döyüşlərə Ağdərə rayonu istiqamətində qoşulub və cəsurluğu, qorxmazlığı ilə seçilib. Dəfələrlə düşmənlə üz-üzə döyüşüb, vurduğu zərbələrlə fərqlənib. 1992-ci ilin 15 iyununda Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdən birində itkin düşüb. O gündən onun nə ölüsündən, nə dirisindən xəbər tutan olmayıb.

Ailə üzvləri onun tapılması üçün bütün imkanlardan istifadə etməyə çalışıb. Lakin kimsənin Vəkil haqda məlumatı olmayıb. 33 il sonra onun nəşi ata yurduna gətirilib.

Şəhidlə ata yurdunda vida mərasimi keçirildikdən sonra nəşi kənd qəbiristanlığına gətirilib. Burada şəhid üçün cənazə namazı qılınıb və dəfn edilib.

Mərasimdə kənd sakinləri, rayon ictimaiyyəti, şəhid və qazi ailə üzvləri iştirak edib. Şüarlar səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.



















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
10
1
bizim.media

2Mənbələr