AZ

Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşüb

Builki qəbul imtahanlarında Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olunan şəhid övladları- Rahim Cəbrayılov (Kompüter elmləri) və Gülay Mirzəyeva (Biznesin idarə edilməsi) ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Şəhid övladları ilə görüşün Vətən müharibəsinin 5 illiyi ərəfəsində keçirildiyini vurğulayan BMU-nun rektoru Yaqub Piriyev Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyətli qərarları, Azərbaycanın güclü hərbi potensialı, əsgər və zabitlərinin cəsurluğu ilə azad edildiyini, şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına möhtəşəm Zəfərə imza atıldığını bildirib. Qeyd edib ki, bu Qələbə öz Lideri ətrafında dəmir yumruq kimi birləşən xalqımızın əbədilik qüruru olacaq. Azərbaycanın suverenliyinin tam bərpası yolunda canından keçən şəhidlərimiz və qazi olan əsgərlərimiz isə heç zaman unudulmayacaq. 

Dövlətimiz tərəfindən şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsi üçün görülən işləri, təhsil sahəsində verilən imtiyazları diqqətə çatdıran rektor, eyni zamanda universitetdə də onların övladlarının təhsilinə, sosial problemlərinə daim diqqət göstərildiyini, hər birinə hörmət və qayğı ilə yanaşıldığını deyib. Yaqub Piriyev BMU-da keyfiyyətli təhsil, gənclərin peşəkar inkişafı üçün yaradılmış geniş imkanları önə çəkərək, tələbələri qəbul olduqları ixtisası yaxşı öyrənməyə, universitet həyatında fəal iştirak etməyə çağırıb və onlara uğurlar arzulayıb.  

Görüşdə iştirak edən şəhid övladlarının anaları dövlətin onlara diqqət və qayğısını vurğulayıblar. Həmçinin, belə bir görüş və səmimi söhbət üçün minnətdarlıqlarını bildiriblər.  

Rektor şəhid ailələrinin üzvü olan tələbələrə təhsil aldıqları müddətdə daim diqqət göstərilməsi üçün müvafiq şəxslərə tapşırıqlar verib. 
Qeyd edək ki, Rahim Cəbrayılovun atası baş gizir Sübhan Cəbrayılov Vətən müharibəsi zamanı Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlının azad olunmasında iştirak edib və Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda” medalına layiq görülüb.

Gülay Mirzəyevanın atası müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Elçin Mirzəyev isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Seçilən
27
4
azedu.az

5Mənbələr