AZ

Kreml Ukrayna ilə danışıqlarda fasilə elan edib

Ajans.az xəbər verir ki,bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Rabitə kanalları mövcuddur, onlar qurulub. Danışıqçılarımız bu kanallar vasitəsilə əlaqə saxlamaq imkanına malikdir. Lakin bu mərhələdə, yəqin ki, prosesdə müəyyən pauzadan danışmaq olar”, – deyə Peskov vurğulayıb. Onun sözlərinə görə, Ukrayna ilə sülh danışıqlarının nəticələri dərhal əldə olunmayacaq və bu səbəbdən “real yanaşma” vacibdir. Kremlin nümayəndəsi əlavə edib ki, “heç kəsin çəhrayı eynəklə yanaşmaması” lazımdır. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik isə bildirib ki, Kiyev tərəfi Rusiyanı danışıqlar prosesindən imtina etməyə məcbur etmək məqsədi daşıyan addımlar atır. "Ukrayna Silahlı Qüvvələrinin yaşayış məntəqələrinə və dinc əhaliyə hücumları, ictimai nəqliyyatın hədəfə alınması təsadüfi deyil. Məqsəd – əhaliyə psixoloji təsir göstərmək, əhval-ruhiyyəni pozmaq, danışıqlar üçün mənfi fon yaratmaq və nəticədə danışıqları tamamilə pozmaqdır", – deyə Miroşnik TASS-a müsahibəsində qeyd edib. Onun sözlərinə görə, Kiyevin bu yanaşması Rusiya cəmiyyətində danışıqlara inamın azalmasına yönəlib. Bəzi Avropa paytaxtlarında isə münaqişənin yaxın perspektivdə diplomatik yollarla həll olunacağına dair ehtiyatlı optimizm qalmaqdadır. Eyni zamanda, Moskva üçün mümkün ərazi güzəştləri də daxil olmaqla, danışıqlar üçün yeni təkliflərin hazırlandığı bildirilir. Xüsusi əməliyyat zonasında baş verənlər və danışıqların mümkün ssenariləri barədə ətraflı məlumatı ayrı materialda təqdim edəcəyik.

 

Seçilən
36
Ajans.az

1Mənbələr