AZ

Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib

Bolqarıstanın Montana şəhərində NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə "BULGARIA 2025" mülki fövqəladə hallara cavab təlimi keçirilib.

Far.Az xəbər verir ki, NATO-ya üzv və tərəfdaş ölkələrin nümayəndələrinin iştirak etdiyi təlimdə Azərbaycanı TƏBİB və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

TƏBİB tərəfindən təlimə 2 tamtəchizatlı təcili tibbi yardım avtomobili və onların tibbi briqadaları cəlb olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən təmin edilən avtomobillər və heyət Montana şəhərində qurulan müvəqqəti düşərgədə yerləşərək bütün simulyasiya fəaliyyətlərində iştirak edib.

Təlimin əsas məqsədi fövqəladə hallara qarşı beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, zəlzələ, daşqın, yanğın, kimyəvi hadisələr və digər təbii, texnogen fəlakətlər zamanı mülki, hərbi strukturların birgə fəaliyyət imkanlarını sınaqdan keçirmək, həmçinin beynəlxalq yardımın qəbul olunması və koordinasiyasını təkmilləşdirməkdən ibarət olub.

TƏBİB-in tibbi briqadaları zəlzələ ssenarisi üzrə axtarış-xilasetmə əməliyyatları zamanı yaralılara ilkin tibbi yardım göstərib, mobil səhiyyə xidməti vasitəsilə beynəlxalq briqadalarla birgə fəaliyyət həyata keçirib.

Qeyd edək ki, Azərbaycan bu təlimdə iştirakçı ölkələr arasında ən geniş tibbi heyətlə təmsil olunan ölkə kimi qiymətləndirilib.

Seçilən
39
11
far.az

10Mənbələr