AZ

“MİQ-də ödəniş təsadüfi müraciətlərin qarşısını alacaq”

Gələn ildən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı ödənişli olacaq. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin müzakirəsinə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulub. Ödəniş isə 45-60 manat həddində müəyyənləşdiriləcək.

AzEdu.az mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli ilə həmsöhbət olub.

Ekspertin sözlərinə görə, belə bir ödəniş təsadüfi müraciətlərin, “şansımı sınayım” yanaşmasının qarşısını alaraq daha məqsədli və hazırlıqlı namizədlərin imtahana qatılmasını təmin edə bilər:

“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödənişli olması məsələsi gündəmə gələndə, ictimai müzakirələrdə çox zaman bu addım yalnız maliyyə yükü kontekstində qiymətləndirilir. Amma əslində, bu qərarın həm idarəçilik, həm keyfiyyət, həm də sosial ədalət baxımından tərəflərinə diqqətlə yanaşmaq lazımdır.

İlk növbədə nəzərə almaq gərəkdir ki, hər il on minlərlə namizəd MİQ imtahanında iştirak etmək üçün qeydiyyatdan keçir. Bu qədər genişmiqyaslı imtahanların təşkili dövlət üçün ciddi maliyyə, texniki və insan resursları tələb edir. İmtahanların keçirilməsi üçün texniki avadanlıq, elektron sistemlər, təhlükəsizlik və nəzarət mexanizmləri böyük xərcdir. Bu yükün müəyyən qədər namizədlərlə bölüşdürülməsi, dövlətin üzərinə düşən məsuliyyəti optimallaşdırmaq baxımından başa düşüləndir. Burada söhbət böyük məbləğdən yox, simvolik xarakter daşıyan 45-60 manat arası bir ödənişdən gedir”.

İmtahanda iştirak edənlərin say çoxluğu yox, keyfiyyət göstəricisi təhsildə əsas hədəfdir:

“Digər vacib məqam isə müəllim peşəsinə maraq faktorudur. Əslində, bu məbləğ peşəyə həqiqi marağı olan şəxslər üçün maneə rolunu oynamayacaq. Əksinə, belə bir ödəniş təsadüfi müraciətlərin qarşısını alaraq daha məqsədli və hazırlıqlı namizədlərin imtahana qatılmasını təmin edəcək. Bu da ümumi müsabiqənin keyfiyyətinə və nəticələrin obyektivliyinə müsbət təsir göstərəcək. Çünki burada əsas məqsəd imtahanda iştirak edənlərin çoxluğu yox, keyfiyyət göstəricisinin artmasıdır".

Dövlətin sosial yönümlü siyasəti də nəzərə alınmalıdır:

“Şəhid və qazi ailələri, xüsusi həssas qruplar üçün güzəştli və ya tam pulsuz iştirak imkanlarının yaradılması sosial ədalətin qorunması baxımından olduqca vacibdir. Təcrübə göstərir ki, ölkəmizdə qəbul və digər imtahanların əksəriyyətində bu tip güzəştlər tətbiq olunur. Çox güman ki, MİQ-də də oxşar yanaşma təmin ediləcək”.

MİQ-in ödənişli olması müəllim peşəsinə marağı azaldan deyil, əksinə, daha sağlam və məqsədli şəkildə yönləndirən mexanizm kimi qiymətləndirilə bilər:

“Müəllimlik yalnız bir peşə deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, ölkənin intellektual kapitalını təmin edən bir missiyadır. Buna görə də burada əsas meyar ödəniş deyil, namizədlərin hazırlığı, motivasiyası və təhsilə bağlılığıdır. Əgər bu dəyişiklik nəticəsində imtahana daha məqsədli, hazırlıqlı və işinə məsuliyyətlə yanaşan şəxslər qatılacaqsa, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Ümumilikdə, MİQ-in ödənişli olması müəllim peşəsinə marağı azaldan deyil, əksinə, daha sağlam və məqsədli şəkildə yönləndirən bir addım kimi dəyərləndirilə bilər. Əsas məsələ bu prosesdə sosial həssaslığın qorunması və cəmiyyətin etimadının təmin edilməsidir. Mən inanıram ki, dövlətin yanaşması da məhz bu iki prinsip - keyfiyyət və ədalət üzərində qurulacaq”.

Seçilən
16
azedu.az

1Mənbələr