AZ

Simonyandan cəmiyyətə mesaj: “Qarşılıqlı etimad mühiti yaradılır”

Ermənistan parlamentinin sədri Alen Simonyan iki ölkə arasında iqtisadi münasibətlərə dair mühüm açıqlama verib.

O bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında müştərək bazar formalaşacaq, bizim mağazalarımızda Azərbaycan malları olacaq, erməni malları isə Bakıda və Azərbaycanın digər şəhərlərindəki mağazalarda satılacaq, bu proses qaçılmazdır və iqtisadi əməkdaşlıq hər iki tərəf üçün sərfəli olacaq.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Alen Simonyanın bu açıqlaması kifayət qədər pozitiv sayıla bilər. 

Politoloq qeyd edib ki, onun dedikləri gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, qarşılıqlı etimad mühitinin yaranmasını nəzərdə tutan bir açıqlamadır:

“Əslində Azərbaycan Prezidenti hələ iki il öncə Gürcüstana səfəri zamanı üçtərəfli əməkdaşlıq formatı - Cənubi Qafqaz ölkələrinin birgə əməkdaşlıq platformasını təklif etmişdi. Bu da Azərbaycanın məhz Vətən müharibəsindən sonra irəli sürdüyü sülh prosesinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Düşünürdük ki, sülh müqaviləsi imzalandıqdan sonra münasibətlərin tədricən normallaşması istiqamətində addımlar atıla bilər. Doğrudur, hər iki toplum arasında dərin uçurumlar var, uzunmüddətli savaş qarşılıqlı şəkildə tərəflərdən minlərlə insanın həyatına son qoyub. Xüsusilə də Azərbaycan vətəndaşları, soydaşlarımız Ermənistan ərazisindən deportasiya olunublar”.

Onun sözlərinə görə, bütün hallarda Cənubi Qafqazın bundan sonrakı perspektivi sülh şəraitində yaşamaq olacaq:

“Belə bir mühiti təmin etmək mümkün olacaqsa, əlbəttə ki, bu, bölgədə yaşayan bütün xalqların və dövlətlərin mənafeyinə uyğun olacaq. Hər halda Paşinyanın, ardınca isə parlament sədrinin açıqlamaları göstərir ki, Paşinyan hakimiyyəti həm seçkilərə hazırlıq çərçivəsində müəyyən işlər görür, həm də erməni cəmiyyətini sülhə hazırlamağa çalışır. Bununla yanaşı, seçkilərdən sonra keçiriləcək referendumda konstitusiya dəyişikliyi ilə bağlı prosesə də zəmin yaratmağa cəhd edilir”. 

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr