AZ

Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir

Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə start verilib. 

Artıq ABŞ nümayəndə heyəti də Ermənistana gedərək proseslə bağlı ilkin addımları atır. Yaxın perspekivdə dəhlizin açılaraq istifadəyə verilməsi gözlənilir. Azərbaycanın təhlükəsizliklə bağlı tələbi də öz həllini tapıb.

Belə ki, vətəndaşlarımız sözügedən dəhlizdən tam təhlükəsiz şəkildə keçə biləcəklər. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu barədə danışıb. Onun sözlərinə görə, Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milli, irqi, dini və vətəndaşlığına görə heç bir bölgü olmadan hər kəsə şamil edilir. 

O, təhlükəsiz keçidlə bağlı bunları deyib: 

“Ermənistan müasir texnologiyalar və mexanizmləri mənimsəməyə çalışır. Xüsusilə, sərhədləri keçmək məsələsində buna can atırıq. Ölkələrdə adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarəti təmin olunur. Yəni insanların iştirakı olmadan. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edirlər”. 

Görünən odur ki, vətəndaşlarımızın Zəngəzur dəhlizindən təhlükəsiz keçidinə təminatı ABŞ verib. Paşinyanın açıqlamalarından da bunu anlamaq olur. Nəzərə almaq lazımdır ki, Baş nazirin bəhs etdiyi müasir texnologiyalar Ermənistanda yoxdur. Həmin texnologiyaların ABŞ-yə məxsus olduğu bəllidir. Əslində, bu da Azərbaycanın daha bir tələbinin həyata keçməsi deməkdir. 

Çünki Ermənistan təcavüzkar və işğalçı tərəf olduğu üçün onun deyil, başqa bir dövlətin təminat verməsi labüd idi. İndiki vəziyyətdə isə bu təminat ABŞ kimi supergüc tərəfindən verilir. Bu isə Bakının diplomatik qələbəsi kimi qiymətlənidirilməlidir.

Milli Məclisin deputatı Elman Nəsirov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan sülh proseslərinin ən mürəkkəb aspektlərdən biri Zəngəzur dəhlizi ilə bağlı idi:

“Bu məsələ o qədər qəliz və mürəkkəb idi ki, hətta tərəflər sülh müqaviləsindən müvafiq bəndin çıxarılması ilə bağlı razılığa gəlmişdilər. Çünki sülh müqaviləsinin imzalanmasına Zəngəzur dəhlizi ilə bağlı məsələ mane olurdu. Bu məsələyə daha sonra baxılması qərarlaşdırıldı. Hazırda sülh müqaviləsi mətninin 17 bəndi paraflanıb və orada bu məsələ öz əksini tapmayıb. Lakin 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Həmin görüşdə mühüm bir sənəd imzalandı. 

Birgə bəyanatda artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi Bakının əsas tələbinə istinad edilir. Belə ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına quru əlaqəsi bərpa olunur. Həmin nəqliyyat dəhlizi ilə sərnişinlər və yüklərin hansısa əngəl olmadan hərəkəti təmin edilir. Yəni ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı razılıq əldə olunub”. 

Millət vəkili xatırladıb ki, “Tramp marşrutu” adlanan nəqliyyat dəhlizinini qurulması və oradan keçən insanların təhlükəsizliyinin təmin edilməsini 99 il müddətində ABŞ şirkəti öz üzərinə götürüb: 

“Bu, artıq təhlükəsizlik təminatı deməkdir. Çünki ABŞ-nin “Tramp marşrutu” adlanan Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməyi üzərinə götürməsi çox ciddi məsələdir. Söhbət dünyanın fövqəldövlətinin bu prosesdə iştirakından gedir. Nikol Paşinyan da bu faktı təsdiqləyir. Beləliklə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması yolunda əsas əngəllərdən biri də aradan qalxdı.

Gələn il Ermənistanda parlament seçkiləri keçiriləndən sonra Konstitusiyada dəyişiklik ola bilər. Artıq bu da bəllidir. Hesab edirəm ki, 2026-cı ildə həm Zəngəzur dəhlizinin açılması, həm də sülh müqaviləsinin imzalanması nöqteyi-nəzərdən həlledici il ola bilir. Hətta 2026-cı ili “sülh ili” də adlandırmaq mümkündür”. 

Millət vəkili diqqətə çatdırıb ki, indiyə kimi ABŞ-nin iştirakı olmadan aparılan danışıqlarda Ermənistan təhlükəsizliklə bağlı məsələlərdə ciddi təminatlar verə bilmirdi: 

“Həmçinin, Ermənistan yüksək səviyyəli təhlükəsizlik təminatları verə biləcək bir ölkə də deyil. Hətta bununla bağlı vədlər versə belə, onları icra edə bilməz. Ona görə də burada fövqəldövlətin iştirakı və onun təmsilçiliyi çox ciddi faktordur. Təxminən 44 kilometrlik Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək ABŞ üçün elə də çətin məsələ deyil. Belə olan vəziyyətdə Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyasının bərpası real məzmun almağa başlayacaq”. 

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr