İndi isə Ayxan Abbasovun U-21-dən ayrılıb əsas milliyə təyinat alacağı gözlənilir. Abbasov da bu işdə maraqlıdı. Bu hal yaşansa, “Şamaxı” rəhbərliyi razı olacaqmı? Klubla paralel U-21-i çalışdırmasını anlamaq olardı. “Şamaxı”da həmin yığmanın bir neçə üzvü var, belə durum həm klubun, həm də U-21in xeyrinədi. Amma əsas millidə tələblər, standartlar başqadı. Burda daha çox vaxt gedəcək, həmçinin klub işbirliyindən fayda götürməyəcək. Bu məsələ ilə bağlı klubun idman direktoru Kamran İsmayılovun fikrini öyrəndik:
“Çox çətin və maraqlı sualdı (gülür). Bizim üçün şərəfdi ki, məşqçimiz milli komandada işləyir. U-21-ə təyin olunanda da belə idi, biroyunluq əsas millini meydana çıxaranda da. Amma sualınıza cavab vermək çox tezdi. Çünki nə olacağını bilmirik. Hər şey ola bilər. Sonra nə olacaq, mən bilmirəm, Ayxan müəllimlə danışmışam, o da bilmir. Hadisələri qabaqlamaq, nəyisə müzakirə etmək istəmirəm. Amma belə şey olsa, Ayxan müəllimin “Şamaxı” ilə müqaviləsi var. Yəqin ki, AFFA klubla da danışacaq. İstənilən halda bu bizim üçün şərəf olar. Amma burda “Şamaxı”nın da mənafeyi var. Klubun taleyi həll olunur. Onu da nəzərə almalıyıq”.
MÜZƏFFƏR QULUZADƏ