AZ

“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində tarixi Zəfərimizin 5-ci ildönümü münasibətilə Qubada keçirilən “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi başa çatıb. 

Modern.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində 80 nəfər gəncin iştirakı ilə 5 gün davam edən düşərgədə Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, karyera planlanması və şəxsi inkişaf yönümlü mövzularda təlimlər, yaradıcı master-klasslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi keçirilib. Düşərgə müddətində gənclərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlər, musiqili-əyləncəli proqramlar və idman oyunları təşkil olunub. 

Düşərgənin sonuncu günündə bağlanış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Quba Rayonu İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Reyhan Ağayeva, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin əməkdaşı Seyfur Hacımuradov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov çıxış edərək öz təəssüratlarını bölüşüb, gənclərə uğurlar arzulayıblar.

Çıxışlardan sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub. Tədbir musiqili-bədii hissə ilə davam edib. Tanınmış gənc sənətçilərin ifalarında iştirakçılar əyləncəli anlar keçiriblər. 

Qeyd edək ki, artıq dördüncü ildir ki, şəhid və qazi övladları üçün ənənəvi olaraq təşkil olunan düşərgənin hər il davamlı olaraq keçirilməsi planlaşdırılır.
 
 

Seçilən
40
9
modern.az

10Mənbələr