AZ

İki nəhəng dövlətin arasında – kiçik Nepalın böyük dərdi

Sosial platformaların bloklanması üzündən bir günün içində adı dünya ilə bir olmuş Nepal dövləti heç də təlatümlü okeanda sabit ada olmayıb. Bu xalqın insanlarının əllərini sinələrində qoşalayıb təzim etmələri hələ o demək deyil ki, ölkənin siyasi həyatı hər zaman ekstessiz, mübarizəsiz olub.

Elə deyil. Nepalın siyasi həyatı gərginliklərlə, qarşıdurmalarla, üsyan və inqilablarla zəngindir.

Təkcə son 30 ildə bu ölkədə 10 il boyunca vətəndaş müharibəsi də gedib - 1996-cı ildən 2006-cı ilə qədər. Həmin vaxt Nepal Kommunist Partiyası ilə Nepal hökuməti arasında uzun sürən silahlı münaqişə baş verib.

Nepal kommunistləri özlərini “maoçu” adlandırıblar. Mao Tzsedun ötən əsrin ortalarında Çinin lideri olub. Maraqlıdır, bir ölkənin siyasi fəalları nədən qonşu dövlətin liderini öz liderləri hesab edib və onun ideyalarını rəhbər tutublar? Bu xüsusda dərin düşüncələrə ehtiyac yoxdur. Aydın məsələdir ki, Nepal kommunistləri Çinin “5-ci kolon”u olublar və Hindistanla Çinin arasında yerləşən Nepalı kommunistləşdirmək istəyiblər. Onların 10 il boyunca hökumətə ciddi müqavimət göstərmələrinin və sonda heç də məğlub olmamalarının sirri bundadır.

Maoçular 1996-cı ilin fevralında Nepal monarxiyasını devirmək və xalq respublikası qurmaq məqsədi ilə üsyana başlayıblar. Münaqişə məhkəməsiz qətllər, kütləvi qırğınlar, etnik təmizləmələr, adam oğurluğu, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə müşayiət olunub. Ölkə bərbad günə qalıb, siyasi, sosial və mədəni planda tənəzzül yaşayıb.

Kommunistlər cəmiyyətin monarxiya idarə üsuluna və kasta bölgüsünə qarşı olmasından istifadə edərək inqilabi qruplar yaradıblar. Hindistanda olduğu kimi, Nepalda da insanları zümrələrə ayırırmışlar və bu, aşağı zümrələrdən olanların əzilməsinə, hüquqsuzluğuna yol açırmış. İnqilabi qruplar xalqın həssas damarından yararlanaraq ətraflarına tərəfdarlar yığıblar. Onlardan bəziləri Mao Tszedunun ideologiyasını və mübarizə üsullarını üstün tutublar və xaricdən silah-sursat əldə ediblər. Nəticədə hökumət bir sıra ərazilərə nəzarəti itirib, həmin bölgələrdə qanuni hakimiyyət məhv edilib, kənd əhalisi terror rejimi quran silahlıların əmrlərini yerinə yetirməyə məcbur olub.

neppp.JPG

Başlanğıcda Nepalın kral ordusu birbaşa döyüşlərə müdaxilə etməyib, problemləri siyasi vasitələr və polis tədbirləri ilə həll etməyin mümkün olduğuna inanıblar. Ancaq terrorizm şiddətlənəndə inkişaf etməkdə olan ölkələrə yardım adıyla ABŞ və Hindistan Nepal hökumətinə hərbi və iqtisadi yardım göstərməyə başlayıb. Maoçu liderlər Amerikanın müdaxiləsinə qarşı olduqlarını bəyan ediblər və münaqişə yoğunlayıb.

Hökumət monarxiya haqqında təxribatçı materiallar dərc edən jurnalistləri həbs edib, maoçuları müdafiə edən qəzetləri bağlayıb, üsyançıların tələb etdiyi, monarxiyaya zidd olan konstitusiyanı qəti şəkildə qəbul etməkdən imtina edib. Maoçular hökumətin təkliflərinin qeyri-kafi olduğunu bəyan edərək düşmənçiliklərini gücləndiriblər. 2004-cü ilin noyabrında üsyançılar kral Qyanendra və baş nazir Şer Bahadur Deuba ilə birbaşa danışıqlara getmək istəyiblər, ancaq hökumət onların xahişini, eləcə də üçüncü tərəfin və ya BMT-nin vasitəçilik tələbini rədd edib.

2005-ci ildən etibarən maoçular ölkənin böyük bir hissəsinə, əsasən də paytaxt tərəfindən zəif idarə olunan mərkəzi və dağlıq bölgələrə tam nəzarət etməyə başlayıblar. Maoçu silahlı dəstələr ölkənin, demək olar ki, bütün departamentlərində müxtəlif dərəcələrdə fəaliyyət göstəriblər. Ancaq hökumət 2004-cü ildəki iğtişaşlara baxmayaraq, paytaxt Katmandunu əlində saxlayıb.

Döyüşlər və iğtişaşlar 2005-ci ilə qədər davam edib. Həmin il hökumətin ölkədə asayişi bərpa edə bilməməsinə cavab olaraq kral Qyanendra hökuməti tam olaraq öz nəzarətinə götürüb.

Vətəndaş müharibəsi nəticəsində ölkənin ən mühüm gəlir mənbələrindən biri olan turizm sənayesi zərər çəkib, turistlərin sayı xeyli azalıb. Maoçular Nepala gələn turistlərə qarşı olmadıqlarını rəsmən bəyan ediblər. Üstəlik, onlar “inqilab vergisi” (adambaşına gündə təxminən iki dollar) ödəmək şərti ilə dağ bələdçilərinin nəzarət zonasına daxil olmasına icazə veriblər, lakin bəzi hallarda yaraqlılar turistlərdən bəyəndikləri əmlakı alıblar.

Nepal maoçularının qələbəsi Hindistanda da maoçuların fəallığının artmasına böyük təsir göstərib. Hazırda hindistanlı yaraqlıların sayı 20 min nəfər civarındadır.

Çin maoçuları rəsmən dəstəkləməsə də, onların qələbəsindən sonra Nepalda təsirini artırıb və Cənubi Asiyaya nüfuz etmək, Hindistanı mühasirəyə almaq strategiyasında maoçulardan istifadə etməyə çalışıb. Öz növbəsində Hindistan və bəzi Qərb ölkələri (Fransa, ABŞ, Portuqaliya, Böyük Britaniya) Nepal hökumətinə hərbi və maliyyə dəstəyi göstəriblər.

2006-cı ilin mart-aprel aylarında Nepalın paytaxtı Katmandu və digər şəhərlərdə maoçuların və yeddi siyasi partiyanın dəstəklədiyi kütləvi nümayişlər keçirilib. Etirazçılar monarxiyanın ləğv edilməsini və parlament respublikasının yaradılmasını tələb ediblər. Katmanduda nümayişin atəşə tutulması nəticəsində çox sayda insan ölüb. Kralın taxtdan əl çəkməsi məsələsi qaldırılıb. Aprelin 21-də kral hakimiyyəti müvəqqəti hökumətə təhvil verməyə hazır olduğunu bildirib.

İyulun 11-də Nepal parlamenti kral Qyanendranı qanunlara veto qoymaq hüququndan məhrum edib. Deputatlar yekdilliklə kralın əlindən ordunun ali komandanı vəzifəsini alıblar, onu toxunulmazlığından məhrum ediblər, həmçinin onu vergi ödəməyə məcbur qoyublar. Bundan əlavə, deputatlar Nepalı "dünyəvi dövlət" hesab etmək qərarına gəliblər və bununla da Qyanendranı Vişnu mücəssəməsi titulundan məhrum ediblər. Koalisiya hökuməti qurulub.

Noyabrın 21-də yeddi partiyadan ibarət hökumət qurulub, vətəndaş müharibəsinin bitdiyi elan edilib, maoçularla sülh bağlanıb.

Bu baxımdan bu günlərdə Nepalda aranın qarışması təsadüfi deyil. Bu, daxili durumu qeyri-sabit olan ölkədə demokratik mexanizmlər hələ oturuşmayıb. Qonşu dövlətlərin “barmağı” ölkənin daxilini qarışdırmaq iqtidarındadır. Üsyana qalxanların qəddarlığı, iğtişaşlara meylliliyi göstərir ki, ictimai-siyasi fəallar xaotik və dağıdıcı hərəkətlər edirlər.

Onlar hökumət binalarını, keçmiş və indiki məmurların iqamətgahlarını yandırıblar, maliyyə naziri Prasad Paudelə, xarici işlər naziri Arzu Rana Deubaya və onun əri, keçmiş baş nazir Şer Bahadur Deubaya hücum ediblər.

Etirazlar Nepalın daxili işlər naziri Rameş Lekhak və baş nazir Xaca Prasad Şarma Olinin istefasına səbəb olub. Sonuncu hərbçilər tərəfindən istefaya getməyə inandırılıb və onlar ölkədə asayişi bərpa etməyin yeganə yolunun bu olduğunu deyiblər. Şarma Olinin istefasından sonra etirazçılar ölkənin onların rəhbərliyinə keçdiyini bildiriblər. Onlar hamı üçün məqbul bir şəxsin rəhbərlik etdiyi mülki hökumətə və yeni seçkilərə çağırıblar. Nümayişçilər Katmandu meri Balendra Şahı belə bir şəxs kimi təklif ediblər. O, etirazçıları sakit olmağa və ordu rəisi ilə danışıqlara hazır olmağa çağırıb, lakin qeyd edib ki, əvvəlcə parlament buraxılmalıdır.

Daha sonra məlum olub ki, üsyançı “Z nəsli” ordunun baş komandanı Aşokrac Siqdellə görüşmək və müvəqqəti hökumətin başçısı vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı razılığa gəlmək üçün ordu qərargahına gəlib. Lakin ayrı-ayrı qruplar arasında fikir ayrılığı şifahi mübahisələrə çevrilib. Hərbçilər etirazçıları dağıdıb və hərəkatın səlahiyyətli nümayəndəsinin təkliflərini təqdim etmək üçün sentyabrın 11-də geri qayıtmasını tələb ediblər.

Bir sözlə, Nepalda hazırkı vəziyyət müəmmalıdır. Ölkənin gələcəyinin necə olacağı, siyasi ehtirasların nə zaman soyuyacağı, hakimiyyətə hansı ölkəyə rəğbət bəsləyən siyasi qüvvələrin gələcəyi bəlli deyil.

Belə məlum olur ki, kral mütləqiyyətini devirmək hələ işin yarısıdır, əsas məsələ mütləqiyyətin yerində demokratik təsisatlar bərqərar etmək, dinc hakimiyyət dəyişikliyinə nail olmaq, korrupsiyanı minimuma endirməkdir. Bu isə indilikdə Nepalda mümkün deyil.

Araz Altaylı, Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr