AZ

Qara dəliklərin partlamasını görmək şansımız var - araşdırma

Massaçussets Amherst Universitetinin tədqiqat qrupunun araşdırmaları göstərib ki, qara dəliklər həyatlarının sonunda ulduzlar kimi partlaya bilər. Onların fikrincə, belə partlayışları 10 ildən bir müşahidə etmək şansı var.

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, bu tip partlayışların müşahidəsi ilkin qara dəliklərlə bağlıdır. Fərziyyələrə görə, ilkin qara dəliklər Böyük Partlayışdan bir neçə saniyə sonra yaranmış və sonradan qalaktikaların mərkəzindəki supermassiv qara dəliklərin formalaşmasında “toxum” rolunu oynamış ola bilərlər. Lakin indiyədək bu tip qara dəliklərin mövcudluğunu təsdiq edən müşahidə faktı yoxdur. Əgər belə bir partlayış qeydə alınarsa, nəinki bizə məlum olan kvarklar, leptonlar, Hiqqs bozonlar, həm də indiyədək naməlum olan qaranlıq maddənin zərrəciklərini də aşkarlamaq imkanı qazanacağıq.

Stiven Hokinq göstərib ki, ulduzların kollapsından yaranan qara dəliklərdən fərqli olaraq ilkin qara dəliklər Böyük Partlayışdan dərhal sonrakı şəraitdə formalaşa bilərlər. Bu tip qara dəliklər daha yüngül olur və kifayət qədər qızdıqda “Hokinq şüalanması” vasitəsilə zərrəciklərini kosmosa yayır. Qara dəlik yüngülləşdikcə isinir və daha sürətlə şüalandırır. Bu proses qara dəliyin “buxarlanması” mexanizmi adlanır və qara dəlik partlayana kimi davam edir. Məhz bu şüalanma teleskoplarla qeydə alına bilərdi, lakin indiyədək belə bir hadisə müşahidə olunmayıb.

Tədqiqatçılara görə, əgər “Hokinq şüalanması” müşahidə edilərsə, bu, ilkin qara dəliyin partlaması demək olacaq. Əvvəllər bu ehtimal çox aşağı qiymətləndirilsə də, indi hesablamalar göstərir ki, növbəti 10 ildə belə bir hadisəni görmək şansı 90%-dir.

Əvvəlki modellərdə ilkin qara dəliklərin neytral olduğu güman edilirdi. Yeni araşdırmada isə fərqli bir fərziyyə irəli sürülür: onlar kiçik “qaranlıq elektrik yükü” daşıya bilərlər. Bu modeldə adi elektrik qüvvəsinə bənzər təsir nəzərdə tutulur, lakin yükün daşıyıcısı adi elektron deyil, “qaranlıq elektron” adlanan, daha ağır hipotetik zərrəcikdir. “Dark-QED toy model” adlanan sadə yanaşmada göstərilir ki, belə bir yük qara dəliyi müvəqqəti stabilləşdirərək partlayışı gecikdirə bilər. Mövcud eksperimental məlumatlar əsasında aparılan hesablamalara görə, ilkin qara dəliklərin partlayışını əvvəllər düşünüldüyü kimi hər 100.000 ildən bir deyil, təxminən hər 10 ildən bir müşahidə etmək mümkündür.

Əgər belə bir şüalanma qeydə alınsa, alimlər şülanan hər bir zərrəcik haqqında dəqiq məlumat almış olacaqlar. Bu isə Kainatın yaranması və strukturu haqqında təsəvvürlərimizi köklü şəkildə dəyişdirə biləcək hadisədir.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “Physical Review Letters” jurnalında çap olunub.

Seçilən
8
3
ekologiya.az

4Mənbələr