AZ

Albaniyada süni intellekt nazir oldu. Bəs Azərbaycan?!

ain.az, Bizimyol saytına istinadən bildirir.

Yaponiyada süni intellekt bələdiyyə sədri seçilmişdi. Niderlandda hətta siyasi partiya belə qurmuşdu. Ancaq Albaniya süni intellekti nazir təyin edən ilk ölkə oldu. Həm də ilk müsəlman ölkəsi.

Baş nazir Edi Rama Diellanı öz hökumətinin tərkibinə daxil edib. Diellaya satınalmalara nəzarət, korrupsiyaya qarşı mübarizə, istedadların seçilib, idarəçiliyə cəlb edilməsi, rəqəmsal idarəetmənin təşkili həvalə edilib.

Doğrusu, bunu Azərbaycan üçün düşünəndə, bütün hökuməti süni intellektə həvalə etməyin daha doğru olacağını ən doğru yol kimi görünür.

Yox, tam ciddi deyirəm. Çünki tenderlərə haram qatmaq, korrupsiya, rəqəmsal keçidə müqavimət hər nazirlikdə var. Birində az, birində çox. Ancaq var. Təsəvvür edin: Azərbaycanda hökumət kabineti süni intellektdən formalaşdırılsa, necə şəffaflıq olar!

İstedadların cəlb olunması - bu da başqa, xüsusi bir mövzudur; hamının yaralı yeridir. Baxın, Albaniyada nazir təyin edilmiş Diellaya dünyanın istənilən yerindən talantlı və savadlı mütəxəssisləri tapıb, işə götürmək səlahiyyəti verilib. Bir anlıq düşünün, bu, Azərbaycanda da olsa...

Ölkənin ən böyük bəlalarından biri traybalizmdir, yəni tayfabazlıq. Yerliçilik - sürü psixologiyası talantlı və savadlı kadrların seçilib idarəçiliyə gətirilməsinə mane olur. Hələ də dövlət qulluğuna keçirilən imtahanlar formal xarakter daşıyır. İmtahanda kimsə ağzı ilə quş tutsa belə, "yuxarı"da adamı, pulu, əlaqələri yoxdursa, doğulduğu yer "düz gəlmirsə", müsahibə mərhələsindən keçə bilmir. Hələ də dövlət ərkanı formal qulluq imtahanı keçirib, nəticədə işə öz adamlarını götürür. Burada "siyasi" sədaqət "prinsipi", daha doğrusu, prinsipsizliyi seçimdə ədaləti "küncə qoyur".

Dövlət idarəçiliyində süni intellekt hamıdan qabaq Azərbaycana lazımdır. Çünki təbii intellektin süni qaydalarından boğaza yığılmışıq. Təbii intellektin gün-gündən böyüyən mədəsi, tayfası, qohum-qardaşı, tanış-bilişi, xaricdə təhsil adı altında avaralanan, axırda qayıdıb vəzifələri qamarlayacaq oğul-uşağı var. Ancaq süni intellekt "yetimdir", kimi-kimsəsi yoxdur. Nə özünə şəhərin mərkəzində villa tikəsi deyil, nə dənizin sahilini qamarlayıb, hasarlayacaq deyil. Nə İspaniyada - Atlantika sahillərində, yaxud Havay adalarında istirahət etmək kimi ehtiyacı var. Şəxsi təyyarə, bahalı yaxta almayacaq. Hər fəsilə görə bir avtomobil sürməyəcək. Korrupsiyaya uğrayıb, yığdığı varidatı ölkədən qaçırası da deyil...

Hardan baxsan, bir həqiqət görünür: nazir elə süni intellekt olsa, yaxşıdır. Albaniya düz edib, Edi Rama kişi adamdır...

Seyid Əhmədli, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
bizimyol.info

1Mənbələr