AZ

Ağ Ev Netanyahunun danışıqları bilərəkdən pozduğundan narahatdır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailin Dohada HƏMAS liderlərinə endirdiyi hava zərbəsindən sonra ciddi narahatlıq içindədir.

Bizimyol.info xəbər verir ki, "Politico"nun məlumatına görə, Ağ Evdə Benyamin Netanyahunun atəşkəs danışıqlarını bilərəkdən pozduğuna dair fikirlər səsləndirilir.

Trampın milli təhlükəsizlik komandasına yaxın mənbələr bildirir ki, Vaşinqtonda narazılıq artır. Mənbələrdən birinin sözlərinə görə: “Hər dəfə danışıqlarda irəliləyiş əldə olunur, Netanyahu hücuma keçir. Bu da Ağ Evdə narazılıq yaradır”.

Qeyd olunur ki, İsrailin Qətərə hücumu – ABŞ-ın regiondakı ən böyük hərbi bazasının yerləşdiyi ölkəyə qarşı – Vaşinqtonla əvvəlcədən razılaşdırılmayıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail bu addımı ABŞ-a xəbər vermədən atıb və sonradan edilən zənglər “çox gec” olub.

“Qətər kimi müttəfiqə birtərəfli hücumlar nə ABŞ-ın, nə də İsrailin maraqlarına xidmət edir,” – deyə Tramp bildirib. Mənbələrə görə, bu açıqlama Trampın İsrail rəhbərliyinə qarşı son illərdəki ən sərt tənqididir.

"Wall Street Journal" yazır ki, Netanyahu ilə Tramp arasında hücumdan sonra baş tutan telefon danışığı gərgin keçib. ABŞ prezidenti İsrailin bu addımından narazı qaldığını açıq şəkildə ifadə edib.

Bu arada Vaşinqton Qətərlə münasibətlərdə yaranmış böhranı yumşaltmağa çalışır. Qətər rəsmiləri hücumu “vəhşilik” adlandırıb və bunun ölkənin vasitəçi rolunu zədələdiyini bildiriblər.

Sentyabrın 12-də Qətər baş naziri şeyx Məhəmməd Əbdülrəhman Əl Tani ABŞ-a səfər edəcək. Onun Tramp, vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff ilə görüşləri gözlənilir.

Məlumatlara görə, Marko Rubio Qətərlə hərbi əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edir və gələn həftə İsrailə səfər planlaşdırır.

Vaşinqtonun əsas narahatlığı ondan ibarətdir ki, Netanyahunun HƏMAS-a qarşı “istənilən ölkədə hücum edəcəyik” bəyanatı region ölkələrinin vasitəçilik səylərini təhlükəyə ata və HƏMAS-ın danışıqlardan çəkilməsinə səbəb ola bilər.

Qətər isə bildirib ki, hücumdan sonra ölkənin suverenliyi və təhlükəsizliyi birinci yerə keçib. Qətərli rəsmi: “Əgər danışıqlarda iştirak edən vasitəçi bombalanırsa, hansı danışıqlardan danışmaq olar?”, - deyə qeyd edib.

Amerikalı rəsmilər hesab edirlər ki, Netanyahunun koordinasiyasız hərəkətləri nəinki danışıqları pozur, həm də ABŞ-ın bölgədəki nüfuzuna zərbə vurur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr