AZ

“Zəngəzur" mahnısı ictimaiyyətə təqdim edilib

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda “Zəngəzur" mahnısı ictimaiyyətə təqdim edib.

APA xəbər verir ki, təqdimatda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sədri Aygün Əliyeva, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Təqdimatda çıxış edən “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi sədri Əməkdar artist Ramil Qasımov mahnının dillər əzbəri olacağından əmin olduğunu ifadə edib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə agentlik adından bu cür layihələrə dəstək verdiklərindən məmnun olduqlarını bildirib: “Bu, Azərbaycanın mənəvi tarixi ənənələri, həm də gələcəyə inamın ifadə olunduğu klipdir. Gənc nəsil bu cür keyfiyyətli sənət əsərləri ilə böyüməlidir".

Mahnının sözlərinin müəllifi Şahin Musaoğlu bildirib ki, ona gələn təklifi böyük məmnuniyyətlə qəbul edib: “Hesab edirəm ki, bu layihə Zəngəzurun mədəni-tarixi irsinin tanıdılmasında əvəzsiz rol oynayacaq”.

Qeyd edək ki, layihənin ideya müəllifi vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur.

Musiqi əsərinin sözləri Şahin Musaoğluna, bəstəsi Əməkdar artist Vüqar Camalzadəyə məxsusdur. İfaçılar isə Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov və İlkin Dövlətovdur. İfaçıları zurnada Fəqan Rəhmanoğlu müşayiət edib.

Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyev, koordinator isə Fərqanə Cabbarovadır.

“Zəngəzur mahnısı” Azərbaycan mədəni-tarixi irsinin təbliği, milli yaddaşın gücləndirilməsi və qarşıdakı milli hədəflərin incə, estetik dillə musiqidə ifadəsidir.

Sözügedən layihə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir. Klipin çəkilişləri Şərqi Zəngəzurun Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb.

Mahnının kilipi bu gündən etibarən televiziya kanallarında da nümayiş olunacaq.

Seçilən
35
4
apa.az

5Mənbələr