AZ

Qlobal ədalət və dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq platforması

9 sentyabr 2025-ci ildə Bakı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasına ev sahibliyi etdi. Forumun açılışında Prezidentin iştirakçılara ünvanladığı müraciət Azərbaycanın diplomatik strategiyasını, həmçinin beynəlxalq səviyyədə ədalətli və dayanıqlı inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirdi.

Prezidentin müraciətində beynəlxalq beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında həlledici rolu vurğulanırdı və qeyd edilirdi ki, təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həllinə dair təqdim olunan strateji təhlillər milli və beynəlxalq qərarların daha səmərəli qəbuluna şərait yaradır. Bu baxımdan, AQEM üzv ölkələrinin beyin mərkəzləri arasında əməkdaşlıq regional inteqrasiyanın dərinləşməsi və qarşılıqlı anlaşmanın güclənməsi üçün mühüm platforma kimi çıxış edir.

Forumun əsas müzakirə mövzularından biri Qlobal Cənubun beynəlxalq təmsilçiliyi və ədalətli dünya nizamı oldu. Prezident öz müraciətində bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə bu ölkələrin üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması üçün fəal addımlar atmış, COP29 çərçivəsində iqlim gündəliyinin irəliləməsinə töhfə vermişdir. Bu təşəbbüslər Azərbaycanın regional və qlobal səviyyədə nüfuzunu gücləndirən strateji siyasət xəttini formalaşdırır.

Azərbaycanın xarici siyasətində mühüm prioritetlərdən biri regional sülhün təmin edilməsidir. Prezidentin vurğuladığı kimi, Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişi yalnız Cənubi Qafqaz üçün deyil, həm də qitələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərindəki strateji mövqe, eləcə də Zəngəzur dəhlizi kimi layihələr ölkəmizi Avrasiyanın mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevirir və beynəlxalq ticarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Forumun gündəliyində təşkilati və funksional əhəmiyyəti olan qərarlar qəbul olundu. Maliyyə, iqlim və dayanıqlı bağlantılar şuralarının təsis edilməsi, eləcə də Qadınlar Şurasının fəaliyyətə başlaması regional əməkdaşlığın daha inklüziv və strateji əsasda qurulmasına şərait yaradır. Bu təşəbbüslər AQEM-in yalnız ideya mübadiləsi platforması deyil, qlobal problemlərin həllinə real töhfə verən təsirli institut ola biləcəyini göstərir.

AQEM Beyin Mərkəzləri Forumu Azərbaycan üçün sadəcə diplomatik meydan deyil, həm də qlobal strategiya və regional liderliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli vasitədir. Prezidentin müraciəti və Forum çərçivəsində aparılan müzakirələr sübut edir ki, Azərbaycan dayanıqlı inkişaf, regional sülh və qlobal ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirərək beynəlxalq nüfuzunu daha da artırmaq əzmindədir.

Beləliklə, ölkəmizin təşəbbüsləri yalnız Asiya və Avrasiya məkanında deyil, qlobal miqyasda ədalətli, inklüziv və dayanıqlı inkişafın əsas istiqamətlərinə çevrilməkdədir. Azərbaycan bu prosesdə həm regional inteqrasiya, həm də qlobal diplomatiya baxımından mühüm rol oynayır.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Seçilən
11
3
moderator.az

4Mənbələr