AZ

Azərbaycana süni yağış yağdırılacaq - üstünlük, gözlənti

Azərbaycanda su ehtiyatlarının artırılması və su qıtlığının qarşısının alınması məqsədilə süni yağış yağdırılması layihəsi diqqət mərkəzindədir. Bu istiqamətdə bir sıra pilot layihələr həyata keçirilməsi nəzərdə tutulur.

2025-ci ilin sonuna kimi suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq. 2026-cı ildə pilot layihələrin keçiriləcəyi ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun əldə edilməsi texnologiyası ilə bir pilot layihə icra olunacaq.

Eyni zamanda ölkədə yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılır. 2025-ci ilin sonuna kimi su təminatı zəif olan yaşayış məntəqələri müəyyən ediləcək, 2026-cı ildə həmin məntəqələrdə yeraltı suların məişət-təsərrüfat sahəsində istifadəsinə dair layihələr hazırlanacaq. 2027-ci ildə isə təmizlənmiş yeraltı sulardan istifadəyə dair bir pilot layihənin icrası nəzərdə tutulub.

Ötən il İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış layihəsi təklif edib. Layihə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə təqdim olunub.

Süni yağış texnologiyası buludların içərisindəki aerozolların üzərinə gümüş yodid kristallarının səpilməsi prinsipi ilə işləyir. Bu proses buludları ağırlaşdıraraq yağışın düşməsinə səbəb olur. İsraildə bu üsuldan 1972-ci ildən istifadə olunur.

Layihə böyük maliyyə tələb etsə də, uzunmüddətli perspektivdə istifadəsi xeyli qənaətlidir. Lakin onun uğurla həyata keçirilməsi üçün radar sistemləri, səpiləcək nöqtələrin dəqiq hesablanması və planlaşdırma işlərinin düzgün aparılması vacibdir.

Ekspertlər bildirir ki, Azərbaycanda süni yağışın yağdırılması mümkün və zəruridir, xüsusilə su ehtiyatlarının az olduğu bölgələrdə. Üstünlükləri arasında quraqlıq dövrlərində su təminatının artırılması, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, yeraltı su ehtiyatlarının qorunması və səmərəli istifadəsi,şəhər və kənd ərazilərində su qıtlığının azaldılması daxildir.

Bu layihə həm də ölkədə ekoloji balansın qorunması və iqlim dəyişikliyinin yaratdığı təsirlərin yumşaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Moskva

Ənvər Əliyev

Ekoloq Ənvər Əliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, Azərbaycan ərazisinə düşən yağıntıların miqdarı qərbdən şərqə doğru kəskin dəyişir: “Məsələn, Balakən-Zaqatala zonasında illik yağıntı xeyli çox olur, Qobustan və Bakı tərəflərində isə azdır. Ümumilikdə rayonlar üzrə yağıntı miqdarı əhəmiyyətli diapazonda dəyişir.

Bu fərqlilik su ehtiyatlarının bölgələr üzrə qeyri-bərabər paylanmasına gətirib çıxarır. Balakən-Zaqatala çaylarının (məsələn, Balakənçay və digər kiçik çaylar) debiti böyükdür və bu çaylar sürətli, qısamüddətli axınlarla yaz-qış dövrlərində əhəmiyyətli həcmdə su gətirirlər. Kiçik Qafqaz və azad olunmuş ərazilərin əlavə su potensialını da nəzərə almaq lazımdır.  

Kür və Araz çaylarının ümumi illik su həcmi təxminən 30-34 milyard  kubmetr səviyyəsindədir. Lakin yerüstü su ehtiyatlarımızdan lazımi dərəcədə istifadə edilmir: sular düzgün toplanmır və saxlanmır, nəticədə mövsümi varyasiyalar, daşqın və quraqlıq təsirləri daha sərt hiss olunur.

Keçmişdə ölkə daxilində kiçik su anbarları və bəndlər vasitəsilə kənd yerlərinin su təminatı, balıqçılıq və suvarma sistemləri yaxşı işləyirdi. Vaxtında hazırlanmış layihələr - məsələn, “TOP 50" su anbarı layihəsi və Coğrafiya İnstitutunun hidrologiya şöbəsində işlənmiş digər planlar var idi. Ağsuçay üzərinə nəzərdə tutulmuş bənd, Cavanşir gölü kimi kiçik anbarların həm suvarma, həm də balıqçılıq üçün əhəmiyyəti böyükdür.

Bugünkü müzakirələrdə bəzi təkliflər xarici texnologiyalara - dəniz suyunun şirinləşdirilməsinə əsaslanır. Bu yanaşma mümkündür, amma çox baha başa gəlir və uzunmüddətli iqtisadi səmərəliliyi şübhə altına alına bilər. Daha məqsədəuyğun yol mövcud yerüstü resursları modern anbarlar və müasir texnologiyalarla toplamaq, suvarma sistemlərini optimallaşdırmaq və su idarəçiliyini yaxşılaşdırmaqdır.

Eyni zamanda icra və maliyyə məsələləri də önəmlidir: resursların düzgün istifadə olunmaması, lazımsız və bahalı layihələrə sərmayə qoyulması, şəffaflığın olmaması problemləri dərinləşdirir. Rayonlarda su anbarlarının tikintisi, mənimsənilmənin qarşısının alınması, layihələrin əhali üçün faydalı və davamlı olmasına diqqət yetirilməlidir".

Ekoloq bildirir ki, yerüstü su ehtiyatlarını toplayacaq və saxlayacaq müasir su anbarlarının mərhələli şəkildə tikintisi, suvarma sistemlərinin modernləşdirilməsi və su istifadəsinin səmərəliliyinin artırılması, mövcud hidrologiya və coğrafiya tədqiqatlarının, əvvəl hazırlanmış layihələrin yenidən qiymətləndirilməsi və reallaşdırılması lazımdır.

Rövşən

Hidroloq Rövşən Abbasov deyib ki, süni yağış texnologiyalarının inkişafı ötən əsrin - XX əsrin hələ 30-cu illərinə təsadüf edir. Yəni bu, yeni  ideya deyil. Lakin indiyədək bu texnologiya geniş tətbiq sahəsi tapmayıb və bunun ciddi səbəbləri var: “Süni yağış əsasən atmosferə gümüş yodid (argentium yodid) kristallarının səpilməsi yolu ilə həyata keçirilir. Bu maddə ya raket, ya da təyyarə vasitəsilə buludlara səpilir. Lakin proses həm baha başa gəlir, həm də gözlənilən nəticələri vermir. Argentium yodid özü bahalı bir maddədir, onun daşınması və səpilməsi də əlavə böyük xərclər tələb edir. Bundan başqa, bu üsul ekoloji baxımdan da risklidir: atmosfer və torpaq çirklənə bilər. Həmçinin bəzən yağışın istənilən əraziyə deyil, küləyin təsiri ilə başqa yerlərə yağması da mümkündür. Bu səbəbdən texnologiya özünü tam doğrultmur”.

Mütəxəssis hesab edir ki, bu üsulun Azərbaycanda yenidən sınaqdan keçirilməsinə ehtiyac yoxdur: "Əksinə, su strategiyasında qeyd olunduğu kimi, kənd təsərrüfatı və içməli su təchizatı sahəsində su itkilərinin azaldılması, mövcud su mənbələrinin daha effektiv idarə olunması prioritet olmalıdır. Azərbaycanın bu tip eksperimentlər üçün “təcrübə poliqonu”na çevrilməsini düzgün hesab etmirəm. Çünki bu işlər üçün çox böyük vəsaitlər sərf olunur, lakin nəticə gözlənilən kimi olmur.

Nümunə üçün deyim ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və hətta İsraildə bu texnologiyanın geniş tətbiqi üçün çoxlu cəhdlər göstərilib, amma əldə olunan nəticələr heç də uğurlu sayıla bilməz".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

Seçilən
38
1
musavat.com

2Mənbələr